
İyunun 5-də Azov dənizinin Taqanroq körfəzində göyərtəsində ümumilikdə 25 nəfər Azərbaycan vətəndaşı olan “Natra” və “Circon” adlı xarici yük gəmilərinin pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalması nəticəsində dənizçilərdən bir neçəsinin həyatını itirməsinin günahkarı kimdir: Rusiya, yoxsa Ukrayna?
Maraqlıdır ki, Rusiya da tez-tez PUA-lardan istifadə etməsinə baxmayaraq, baş vermiş bu faciəli hadisədə nədənsə, məhz Ukrayna tərəfini günahlandırır. Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzin bu gün Sankt-Peterburqda keçirilən Beynəlxalq İqtisadi Forumu (BİF) çərçivəsində jurnalistlərə açıqlamasında deyib ki, Azov dənizində yük gəmilərinə pilotsuz uçuş aparatları ilə həyata keçirilən hücumların arxasında Ukrayna hakimiyyəti dayanır.
Bu da o deməkdir ki, Rusiya heç bir araşdırma aparılmadan Ukraynanı təqsirləndirir. Əsl həqiqətdə isə, bu hadisədə Ukrayna ilə yanaşı, Rusiyanın da üzərinə birbaşa məsuliyyət düşür. Çünki artıq 5-ci ildir ki, məhz Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibə nəticəsində Qara və Azov dənizlərində yük daşımaları üçün ciddi təhlükəli vəziyyət davam edir.
Digər bir məqam isə Rusiya tərəfinin oğurladığı taxıl məhsullarını daşıyan gəmilərin Ukrayna ordusunun hədəfinə çevrilməsidir. Ukrayna tərəfi gəmilərə dron zərbələri endirməklə Rusiyanın oğurladığı malların başqa ölkələrə ixrac olunmasının qarşısını almağa çalışır. Nəticədə isə gəmilərin ekipaj üzvləri tez-tez həyati risklə üzləşməli olurlar. Odur ki, yaranmış hazırkı kritik durumda Rusiya tərəfi öz yaxasını kənara çəkə bilməz.
Əlisahib Hüseynov, Azərbaycan Həmrəylik Komitəsinin sədri











































