
Benilüks Azərbaycanlıları Konqresinin (Benelux Azerbaijanis Congress) sədri Elsəvər Məmmədovun dəstəyi ilə Dayaq Vətən Müharibəsi Əlillərinə və Şəhid Ailələrinə Dəstək Təşkilatının rəhbərliyi Gəncədə şəhid ailələrini və qazini ziyarət edib.
Newscenter.az xəbər verir ki, bu barədə məlumatı Dayaq Vətən Müharibəsi Əlillərinə və Şəhid Ailələrinə Dəstək Təşkilatının sədr müavini Məcid Məmmədov verib. O bildirib ki, ziyarət zamanı Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərinə raket hücumları nəticəsində ata və anasını itirmiş Nilayla görüşülüb, onun qayğıları və gələcək planları ilə maraqlanılıb:

"Nilayın timsalında müharibənin günahsız insanlara, xüsusilə də uşaqlara vurduğu ağır zərbənin bir daha şahidi olduq. Onun göstərdiyi dözüm, həyata bağlılığı və gələcəyə olan ümidləri hər birimiz üçün böyük təsir və qürur mənbəyidir.
Səfər çərçivəsində digər şəhid Arazov Səyyar Güloğlan oğlunun bizlərə əmanət qoyduğu ailəsini ( həyat yoldaşı və 2 qız övladı) ziyarət edərək onların qayğılarını dinlədik, göstərdikləri səbir və vətənpərvərlik nümunəsinə görə minnətdarlığımızı bildirdik. Şəhidlərimizin əziz xatirəsi hər zaman xalqımızın qəlbində yaşayacaq, onların ailələri isə daim dövlətimizin və cəmiyyətimizin diqqət mərkəzində olacaqdır".
Məcid Məmmədov deyib ki, səfər zamanı eyni zamanda qəhrəman qazimiz Elçinlə də görüş olub, onun səhhəti və sosial vəziyyəti ilə maraqlanılıb:
"Vətən uğrunda canından və sağlamlığından keçən qazilərimiz xalqımızın qürur mənbəyidir. Onların göstərdikləri şücaət və fədakarlıq heç zaman unudulmayacaq.

Bu görüşlər bir daha göstərdi ki, şəhid ailələrinə və qazilərimizə maddi və mənəvi dəstək göstərmək hər birimizin vətəndaşlıq borcudur. Benilüks Azərbaycanlıları Konqresinin sədri Elsəvər Məmmədovun dəstəyi ilə həyata keçirilən bu ziyarətlər gələcəkdə də davam etdiriləcək, qəhrəmanlarımızın ailələrinin yanında olmaq əsas fəaliyyət istiqamətlərimizdən biri olaraq qalacaqdır.
Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Şəhid ailələrinə səbir, övladlarımıza isə firavan və işıqlı gələcək arzulayırıq".
Süleyman











































