
Milli Məclisin sədri Sahibə Qafarova oktyabrın 20-də İsveçrənin Cenevrə şəhərində Parlamentlərarası İttifaqın (PAİ) 151-ci Assambleyasında keçirilən “Böhran zamanı humanitar normaların qorunması və humanitar fəaliyyətin dəstəklənməsi” mövzusunda müzakirələrdə çıxış edib.
Newscenter az xəbər verir ki, .ıxışında bu gün dünyada münaqişələrin və təbii fəlakətlərin sayının artmaqda davam etdiyini söyləyən spiker Sahibə Qafarova bunun özü ilə yeni humanitar çağırışlar – zorakılıq, köçkünlük, böhranlar və aclıq gətirdiyini bildirib. Birləşmiş Millətlər Təşkilatının Baş katibinin bu yaxınlarda qlobal humanitar fəaliyyətin iflasa uğramaq ərəfəsində olması ilə bağlı xəbərdarlıq etdiyini xatırladan Milli Məclisin sədrinin sözlərinə görə, bu, vəziyyətin nə qədər ciddi olduğunu və birgə tədbirlərə nə qədər ehtiyac duyulduğunu açıq şəkildə göstərir.
Tədbir iştirakçılarına bu ilin avqustunda Vaşinqtonda Azərbaycan və Ermənistanın Birgə Bəyannamə imzalaması haqqında məlumat verən spiker Sahibə Qafarova deyib ki, tərəflər sülh sazişini də parafladılar ki, bu da onilliklərlə davam edən Ermənistan-Azərbaycan münaqişəsinə son qoyulması istiqamətində tarixi addımdır. Milli Məclisin sədri ümidvar olduğunu bildirib ki, bu əlamətdar hadisə Cənubi Qafqazda daimi sülh, sabitlik və davamlı inkişafın yeni səhifəsini açacaq. Bu isə, hətta uzun müddətdir davam edən münaqişələrin də dialoq və siyasi iradə yolu ilə həll oluna biləcəyinə dair əminlik yaradır.
Spiker Sahibə Qafarova müzakirə iştirakçılarının diqqətinə çatdırıb ki, Azərbaycan xalqı humanitar böhranın nə demək olduğunu öz təcrübəsində yaşayıb. Onun sözlərinə görə, hələ 1990-cı illərin əvvəllərində Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində bir milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib. O dövrdə 8 milyonluq xalq üçün bu, böyük faciə idi. Davamlı milli səylər və beynəlxalq tərəfdaşların dəstəyi ilə Azərbaycan köçkün əhalisinin təcili ehtiyaclarını ödəyə bildi. 2020-ci ildə ölkəmiz öz ərazi bütövlüyünü bərpa etdikdən sonra işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı yenidənqurma və reabilitasiya layihələrinə başlayıb. Milli Məclisin sədri deyib ki, artıq qayıdış prosesi başlayıb və bu gün əlli mindən çox insan yenidən orada yaşayır, işləyir və oxuyur. Bu, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin güclü siyasi iradəsinin və humanitar fəaliyyətə sadiqliyinin sübutudur.
Bununla belə Sahibə Qafarova hələ də bəzi ciddi problemlərin qaldığını söyləyib. O, bu sırada ən aktual məsələlərdən biri kimi insanların həyatını təhdid etməyə və yenidənqurma işlərinə mane törədən ərazilərimizin minalarla çirklənməsini göstərib. Spiker diqqətə çatdırıb ki, işğal illərində Ermənistan tərəfindən Azərbaycanın əvvəllər işğal altında olmuş ərazilərində çoxlu sayda minalar yerləşdirilib. Vurğulanıb ki, 2020-ci ildən indiyədək minalardan 400-dən çox azərbaycanlı həlak olub və ya yaralanıb. Bu minalar və müharibə qalıqları həm də ətraf mühitə ciddi ziyan vurur - torpağı və suyu çirkləndirir, biomüxtəlifliyi məhv edir və münbit torpaqların becərilməsinin qarşısını alır.
Milli Məclisin sədri diqqətə çatdırıb ki, ölkəmiz üçün humanitar minatəmizləmə təkcə təhlükəsizlik tədbiri deyil, həm də ətraf mühitin bərpası aktıdır.
Çıxışında Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən yenidənqurma və bərpa işləri zamanı davamlı inkişaf və "yaşıl prinsiplər"in inkişafın hər bir mərhələsinə inteqrasiya etdiyini vurğulayan spikerin bildirdiyinə görə, həmin ərazilərdə bərpanın ətraf mühitin yenilənməsi ilə paralel getməsini təmin etmək üçün yeni “ağıllı kəndlər” və “yaşıl enerji zonaları” yaradılır. O deyib ki, humanitar bərpa və ekoloji tarazlıq birlikdə inkişaf etməlidir.
Milli Məclisin sədri, assambleyada daha bir humanitar çağırış kimi itkin düşmüş şəxslərin taleyi ilə bağlı məsələyə də diqqət çəkib. O vurğulayıb ki, münaqişə illərində 4000-ə yaxın azərbaycanlı itkin düşüb və onların ailələri hələ də cavab gözləyir. Bu, təkcə milli ağrı deyil, həm də bir çox ölkələrin paylaşdığı universal humanitar narahatlıqdır.
Spiker bir daha diqqətə çatdırıb ki, Azərbaycan bu çağırışla mübarizəni dəstəkləmək məqsədi ilə humanitar minatəmizləməni özünün 18-ci Milli Dayanıqlı İnkişaf Məqsədi kimi qəbul edib və digər ölkələri də oxşar yanaşmanı nümayiş etdirməyə dəvət edir. Bundan başqa, Azərbaycan humanitar minatəmizləmə üzrə beynəlxalq konfranslar təşkil edir və ideyaların və qabaqcıl təcrübələrin mübadiləsi üçün dəyərli platforma təmin edən “İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu”nu təsis edib.
Çıxışının sonunda Milli Məclisin sədri deyib ki, vaxtilə humanitar yardım alan Azərbaycan bu gün donor ölkə kimi çıxış edir, BMT-ni və qlobal humanitar səyləri dəstəkləyir. COVID-19 pandemiyası zamanı Azərbaycan 80-dən çox ölkəyə yardım göstərib və son beş ildə 140-dan çox ölkəyə 350 milyon ABŞ dollarından çox humanitar, maliyyə və texniki yardım çatdırıb. Bu səylər vasitəsilə Azərbaycan göstərir ki, sülh, humanitar fəaliyyət və ekoloji davamlılıq ayrılmazdır. Yalnız həmrəylik və ortaq məsuliyyət sayəsində biz hamı üçün daha təhlükəsiz, daha yaşıl və daha humanist gələcək qura bilərik.
Süleyman