
"Zəngilanın işğaldan azad edilməsi 2020-ci ilin İkinci Qarabağ Müharibəsi zamanı Azərbaycan Silahlı Qüvvələrinin əldə etdiyi ən vacib nailiyyətlərdən biri idi. Zəngilanın işğaldan azad edilməsinin həm hərbi, həm də strateji baxımdan çox mühüm əhəmiyyət kəsb edirdi. Çünki Zəngilan işğaldan azad edilməsilə düşmənin müdafiəsi yarılmış oldu. Eyni zamanda Zəngilanın azad edilməsi Azərbaycan Ordusuna Füzuli, Cəbrayıl və Hadrutdan sonra cənub istiqamətində daha da irəliləməsinə imkan yaratdı".
Bu fikirləri Newscenter.az-a Milli Məclisin deputatı İlham Məmmədov səsləndirib. Deputat qeyd edib ki, bununla erməni silahlı qüvvələrinin koordinasiyası daha da çətinləşdi və onların geri çəkilməsinə səbəb oldu:
"Zəngilan rayonunun coğrafi mövqe baxımından Ermənistanla sərhəddə yerləşməsi və onun azad olunması Azərbaycan Ordusunun Ermənistanla birbaşa sərhədə çıxmasına imkan yaratdı.
Zəngilan ərazisindən keçən yollar həmçinin erməni hərbi birləşmələrinin Qarabağdakı mövqelərinə təchizat göndərməsi üçün vacib idi. Rayonun azad olunması bu yolların nəzarətə götürülməsini təmin etdi. Ən vacib məqam ondan ibarət idi ki, Zəngilanın azad edilməsi, Zəngəzur dəhlizinin reallaşması üçün mühüm strateji zəmin yaratdı".
İlham Məmmədov deyib ki, Zəngilanın işğaldan azad edilməsi Füzuli–Cəbrayıl–Zəngilan–Qubadlı istiqamətində cəbhə xəttinin açılması və bu ərazilərin ardıcıl azad olunmasına, Laçın və Şuşa istiqamətinə doğru hərbi üstünlük qazanılmasına yol açdı. Deputat qeyd edib ki, işğaldan azad olunmuş digər şəhər və rayonlar kimi Zəngilan da bu gün özünün inkişaf dövrünü yaşayır:
"Ötən 5 ildə Zəngilanda geniş miqyaslı quruculuq-abadlıq işləri həyata keçirilib, rayonda infrastruktur yaradılıb. Artıq zəngilanlılar da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı sərəncamla hər il qeyd olunan 20 Oktyabr-Zəngilan şəhər gününü qürur və fərəh hissi ilə öz doğma yurdlarında qeyd edirlər".
Süleyman