Masallı rayonunda respublika əhəmiyyətli Masallı dəmir yolu stansiyası avtomobil yolunun 4-cü km-dən ayrılan Ləngan, Əhmədli, Təklə-Viləş, Təklə-Mollahəsənli, Həsənli-Köçəkli, Bala-Təklə-Şərəfə, Qədirli-Xallıcalı, Hüseynhacılı-Öncəqala avtomobil yollarının əsaslı şəkildə yenidən qurulması işləri davam edir.
Newscenter.az-a Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, ümumi uzunluğu 38 km olan avtomobil yollarının eni 10 metrə qədər genişləndirilir. Sözügedən yollarda işlər texnoloji ardıcıllığa riayət olunmaqla və keyfiyyətlə aparılır.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən tikinti ərazilərinə kifayət qədər canlı qüvvə və texnika cəlb olunmaqla aparılan yenidənqurma işləri çərçivəsində əsasən torpaq əsaslı və çınqıl örtüklü olan yollar 4-cü texniki dərəcəyə uyğun təkmilləşdirilir.
Layihə üzrə yolun Ləngan (1.4 km), Əhmədli (1.4 km), Təklə-Mollahəsənli (2 km), Qədirli-Xallıcalı (3 km), Həsənli-Köçəkli (6.9) və Hüseynhacılı-Öncəqala (9 km) hissələri üzrə torpaq işləri, suötürücü boruların quraşdırlıması, yol əsasının tikintisi və ikiqat yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunaraq yekunlaşdırılıb. Hazırda sözügedən hissələrdə yol çiyinlərinin bərkidilməsi işləri aparılır.
Aparılan işlər çərçivəsində layihənin Təklə-Viləş hissəsində Viləş, Taxta və Ağqobu çayları üzərində yerləşən mövcud avtomobil körpülərinin cari təmiri də həyata keçirilib.
Yolun Təklə-Viləş (9 km) hissəsində də sadalanan işlər yerinə yetirilib, artıq yolun 3.8 km-lik hissəsinə ikiqat asfalt örtüyü döşənib. Qeyd edək ki, layihənin bu hissəsi III və IV texniki dərəcəyə uyğun olaraq tikilir.
Layihənin Bala-Təklə-Şərəfə (5.3 km) hissəsində isə hazırda yararsız asfalt örtüyün frezlənməsi işləri aparılır.
“İnşaat Norma və Qaydaları”na əsasən layihənin sonuncu mərhələsində avtobus dayanacaqlarının, yol nişanlarının quraşdırılması və yolun üfüqi nişanlanma xətlərinin çəkilişi aparılmaqla yol müasir görkəmdə vətəndaşların istifadəsinə veriləcək.
Uzun müddət əsaslı şəkildə təmir olunmayan yolların yenidən qurulmasında məqsəd yolboyu 27 yaşayış məntəqəsində yaşayan 51 min nəfər əhalinin gediş-gəlişini təmin etmək, rayon mərkəzinə, həmçinin Bakı-Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yoluna rahat çıxış əldə olunmaqla yük və sərnişin daşımasını asanlaşdırmaqdır.
Sona