Dövlətlə, dövlətçiliklə, xalqla bağlı olan hər hadisə tarixdir. Yaşadılan tarix dövlətin, dövlətçiliyin tarixi kimi qorunur, mühafizə edilir. Bu, yeniyetmələrin, çağırışçıların, gənclərin vətənpərvərlik duyğularının formlaşmasında əhəmiyyətli olur. 1990-cı ilin 20 yanvar faciəsi, Birinci Qarabağ müharibəsində Ermənistanın törətdiyi Başlıbel, Ağdaban, Bağanıs-Ayrım, Meşəli, Qaradağlı, Xocalı faciələri hadisə kimi, faciə kimi həmişə anılır, tarix kimi yaşadılır.
İkinci Qarabağ müharibəsində də döyüşlər, qəhrəmanlıqlar, qəhrəmanlar böyük ehtiramlarla yaşadılır. Bu da tarixə, xalqa, dövlətə sədaqət deməkdir.
Vətən müharibəsinin döyüşlərinin, qəhrəmanlıqlarının öyrənilməsi məktəblilərin də, yeniyetmələrin də, çağırışçıların da dünyaduyumunu genişləndirir, Vətənə sevgisini artırır.
Xocavənddən bir qədər aralıda, Şuşaya aparan yolun üstündə üst-üstə qoyulmuş üç daş var. 2020-ci ilin noyabrın əvvəllərində Şuşaya hücum əmri veriləndə bu istiqamətdən kəşfiyyata üç döyüşçü göndərilib. Az sonra döyüşçülər 20-dən atrtıq düşmənlə qarşılaşıb. Atışıblar. Atışa-atışa mühasirəyə düşüblər. Komandir gecikdiklərini hiss edəndə onlara kömək göndərib. Köməyə gələnlər düşməni məhv ediblər. Üç kəşfiyyatçı şəhid olubmuş. Döyüşçülər onların şəhid olduğu yerə qəhrəmanlığın nişanəsi kimi üst-üstə üç daş qoyublar...
Vətən müharibəsinin döyüşləri, qazanılan Zəfər heç zaman unudulmayacaq, unutmayacağıq. Şuşa yolunun üstündə şəhidliyə nişanə daşlar da qəhrəmanlara,, qəhrəmanlığa abidə kimi əbədiyyən yaşadılacaq. Tarixdə də, görənlərin yaddaşında da…
Səbinə XASAYEVA,
Milli Məclisin deputatı