Arıçılıq və qoyunçuluq təsərrüfatları Qarabağ yaylaqlarında...Bu il işğaldan azad edilmiş ərazilərdə yerləşən yaylaqlara rekord sayda arıçılıq və qoyunçuluq təsərrüfatlarının köçürülməsi təmin edilib. Mövsüm ərzində 3700-ə yaxın təsərrüfat mövsümü Laçın, Kəlbəcər, Qubadlı, Füzuli, Xocavənd, Cəbrayıl və Zəngilan rayonlarının yaylaq ərazilərində keçiriblər.
2023-cü il mövsümündə 1177 qoyunçuluq təsərrüfatı Laçın və Kəlbəcər yaylaqlarına qalxıb. Bu il Kəlbəcər yaylaqlarında 748, Laçın yaylaqlarında isə 429 qoyunçuluq təsərrüfatları minalardan təmizlənmiş ərazilərdə yerləşdirilib. Laçın və Kəlbəcər yaylaqlarına ümumilikdə 311 minə yaxın xırdabuynuzlu heyvan aparılıb. Əvvəlki illərdə olduğu kimi ən çox xırdabuynuzlu heyvan Kəlbəcər yaylaqlarındadır - 195936 baş. Laçın yaylaqlarına isə 114970 baş xırdabuynuzlu heyvan aparılıb. Qəbul olunmuş qaydalara əsasən, fermerlər yaylaqlara təsərrüfatdakı xırdabuynuzlu heyvanların sayının 10 faizi qədər iribuynuzlu heyvan da apara bilərlər. Bununla da 2023-cü il yaylaq mövsümündə hər iki rayonun yay otlaqlarına ümumilikdə 350 min başa yaxın heyvanın aparılması təmin edilib.
Heyvandarlıq Qarabağın ənənəvi kənd təsərrüfatı sahəsidir. İşğaldan öncə də belə olub. Hazırda da iqtisadiyyatı yenidən qurulan Qarabağda əsas aparıcı sahə aqrar sektordur. post-konflikt rayonlarda ənənəvi heyvandaqlıq sahələri yüksək potensiala malikdir. Qarabağda heyvandarlığın inkişafı üçün təbii şərait var. 1980-ci illərdə Qarabağ və ətraf rayonlarda 321 min baş iribuynuzlu (ondan 110,3 min başı inək və camışlar), 1106,7 min baş xırdabuynuzlu heyvanlar bəslənilirdi. İribuynuzlu heyvanların sayının ölkə üzrə cəmi heyvan sayına nisbəti 16,2%, xırdabuynuzlu heyvanların sayının ölkə üzrə cəmi heyvan sayına nisbəti isə 19,3% təşkil edirdi ki, bu da o dövr üçün kifayət qədər əhəmiyyətli rəqəmlərdir.
Qarabağın iqtisadiyyatında ənənəvi sahə olan heyvandarlıq yaxşı inkişaf etmişdi. Belə ki, 1980-ci illərdə keçmiş Yuxarı Qarabağ və Ağdam, Cəbrayıl, Füzuli, Kəlbəcər, Qubadlı, Laçın və Zəgilan rayonlarında ildə 27,5 min ton ət, 163,8 min ton süd, 94,3 milyon ədəd yumurta istehsal edilirdi. Ölkə üzrə ət və süd istehsalının 15%-i, yumurta istehsalının isə 8,8%-i bu regionun payına düşürdü. Heyvandarlıq sahəsində Qarabağ və Şərqi Zəngəzur rayonlarında belə yüksək potensial bərpa edilməklə yanaşı, yaxın gələcəkdə daha da inkişaf etdirilməlidir.
İşğaldan azad olunmuş torpaqlarımızda kənd təsərrüfatı dirçəldildikdən sonra Qarabağda əsas aparıcı sahələrdən biri heyvandarlıq məhsullarının, o cümlədən ət istehsalı olacaq. Post-konflikt rayonlarda ildə ortalama 30 min ton ət istehsalı proqnozlaşdırılır ki, bu da ölkənin özünü ətlə təminetmə səviyyəsinin yüksəlməsi və idxalın əvəzlənməsi baxımından əhəmiyyətli rəqəmdir. Xüsusən də post-konflikt rayonlarda kənd təsərrüfatı dirçəldildikdən sonra Azərbaycan özünü mal, qoyun və keçi əti ilə tam təmin edə biləcək.
Azərbaycanın özünü ətlə təminetmə səviyyəsi 84,5%-dir. Ölkədə ildə (2020-ci ildə) 350 min ton ət istehsal olunur, daxili tələb 410 min tondur, 63,6 min ton ət idxal edilir. Bununla yanaşı, Azərbaycanda özünü quş əti ilə təminetmə səviyyəsi 79%-dir. Ölkədə ildə 115 min ton quş əti istehsal edilir, daxili tələb 146 min tondur, 31 min ton idxal edilir. Ölkəmiz yalnız qoyun əti ilə özünü təmin edə bilir (97%). Azərbaycan ətə olan təlabatını tam ödəyə bilmədiyindən əlavə olaraq xaricdən ət və ət məsulları idxal edir. Nə qədər qəribə səslənsə də, ətin idxal qiymətləri yerli istehsal qiymətlərindən ucuzdur. Ancaq idxal ətinin keyfiyyəti aşağıdır. Ona görə də, keyfiyyətsiz olsa da belə idxalçılar ucuz ət idxalında maraqlıdılar.
Azərbaycanda da ərzaq təhlükəsizliyinin təmin edilməsi mühüm ahəmiyyət daşıyır. Cünki dünya bazarında qiymətlərin bahalaşması Azərbaycana da təsirsiz ötüşmür, idxal edilən kənd təsərrüfatı məhsullarının və ərzağın qiymətlərində artım qeydə alınır. Torpaqlımızın işğaldan azad olunması Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında dövriyyəyə yeni məhsuldar və suvarılan minbit torpaqlar əlavə etməyə, kənd təsərrüfatı məhsullarının istehsalını davamlı artırmağa, bir sıra məhsullar üzrə idxaldan asılılığı azaltmağa, hətta ət və süd məhsulları ilə tam təmin etməyə, daxili bazarı daha kefiyyətli və ekoloji təmiz məhsullarla zənginləşdirməyə, ixrac potensialımızı artırmağa imkan verir. Dünya bazarında ərzaq məhsullarına təlabatın artması və qiymətlərin yüksəlməsi, əlverişsiz iqlim dəyişiklikləri, pandemiyanın mənfi təsirləri, keyfiyyətli ərzaqla təminatın aktuallaşması fonunda Qarabağın iqtisadiyyatının yenidən qurulması və dirçəldilməsi Azərbaycanda ərzaq təhlükəzsiliyinin təmin edilməsinə böyük töhfə verməklə mühüm rola malik olacaq.
Qarabağda arıçılığın gələcək inkişafı ölkəmizdə həm keyfiyyətli bal istehsalının artmasına, həm də kənd təsərrüfatı məhsullarının ixrac potensialının yüksəlməsinə səbəb olacaq. Başa çatmaqda olan yaylaq mövsümündə azad olunmuş ərazilərə 125 minə yaxın arı ailəsi aparılıb. Bu il arıçılar öz təsərrüfatlarını işğaldan azad olunmuş 7 rayonun yaylaqlarına köçürüblər. Kəlbəcər rayonundan 1603, Laçından 808, Qubadlıdan 55, Füzulidən 19, Xocavənddən 10, Cəbrayıldan 18, Zəngilandan 8 arıçı fermer bu il arıçılıq təsərrüfatını azad olunmuş ərazilərdəki yaylaqlara aparıb. Hazırda Kəlbəcər yaylaqlarında 77 min, Laçın yaylaqlarında 43 min, digər beş rayonun yaylaqlarında isə 5 minə yaxın arı ailəsi var. Yaylaq mövsümü başa çatdıqdan sonra Kəlbəcər, Laçın və digər rayonlardakı arıçılıq və qoyunçuluq təsərrüfatlarının Aran bölgəsinə qayıtması nəzərdə tutulur.
Qarabağ arıçılığın inkişafı baxımından əlverşli təbii-iqlim şəraitinə və bal verən zəngin bitgi örtüyünə malikdir. Öz növbəsində, arıçılıq iqtisadi cəhətdən yüksək rentabelli sahədir, əhalinin sağlamlığını qoruyan qida və müalicə əhəmiyyətli məhsullar mənbəyi, həmçinin kənd təsərrüfatının digər sahələrində məhsuldarlığın yüksəldilməsinə ciddi töhvə verən müsbət ekoloji amildir. Arıçılıq elə bir kənd təsərrüfatı sahəsidir ki, onun inkişafı ətraf mühitin heç bir resursunu azaltmır, əksinə, biomüxtəlifliyin qorunmasına, kənd təsərrüfatı bitkilərinin daha yaxşı tozlandırılmasına və bununla da keyfiyyətinin və məhsuldarlığının yüksəldilməsinə ciddi töhvə verir.
Qarabağ balı yüksək keyfiyyətinə görə daha rəqabətqabiliyyətlidir. Ölkədə bal istehsalı artır ki, bu da həm yerli bazarda bala təlbatı ödəmək baxımından əhəmiyyətlidir, həm də xarici bazarlara yeni ixrac imkanları deməkdir. Laçın və Kəlbəcər balı Avropa və Ərəb ölkələrinin, Yaponiya və Çinin “niş” və ya “premium” bazarlar üçün “Eko” (BİO) və ya “Orqanik” məhsul kimi çıxarıla bilər. Qarabağda arı ailələrinin sayını artırmaqla, məhsuldarlığı yüksəltməklə və arıçılığa qeyd olunan dövlət dəstəyi ilə bu bölgədə bal istehsalını bir neçə dəfə artırmaq, hətta kiçik ailə təsərrüfatları yaratmaq və gəlir əldə etmək mümkündür. Məsələn, gözəl təbiətinə və zəhgin bitki örtüyünə malik Kəlbəcər rayonu həm də keyfiyyətli balı ilə məşhurdur. Kəlbəcərdə arıçılığın böyük potensialı var. Burada bal 3 dəfə süzülür. Kəlbəcər balı keyfiyyətinə - həm diastaz, həm də polen tərkibinə görə çox yüksək keyfiyyətə malikdir. Bu, dünyada nadir ballardan biridir. Azərbaycanda 640-dan çox dağ-çəmən, yaylaq bitkisi var. Onun da 520-dən çoxu Kəlbəcər yaylaqlarında bitir. Ona görə də burada balın tərkibi çox keyfiyyətlidir və dünyada bir çox bal növləri ilə rəqabət apara bilər.
Azərbaycanda keyfiyyətindən asılı olaraq bir kiloqram balın qiyməti 25-50 manat arasında dəyişir. Ancaq xaricdən gətirilən bal daha ucuzdur ki, bu da yerli bal istehsalına mənfi təsir göstərir, xarici balı qiymət baxımından daha rəqabətqabiliyyətli edir. Ona görə də, arıçılar hökumətdən bal idxalına gömrük vergilərinin artırılmasını, daxili istehsalçıların maraqlarının qorunmasını istəyirlər. Arıçıların daha bir ciddi problemi isə məhsuldarlığın aşağı olmasıdır. Arıçılığın inkişafı üçün ekstensiv yolla arı ailələrinin sayını artırmaq, intensiv yolla arı ailələrinin məhsuldarlığını artırmaq və arıçılığın yem bazasını gücləndirmək tələb olunur. Ona görə də, respublikamızda mövcud “Boz Qafqaz”, “Sarı Qafqaz” arı cinsləri, “Qabaqtəpə” və “Qonaqkənd” arı populyasiyalarının cins tərkibinin yaxşılaşdırılması istiqamətində tədbirlər artırılmalıdır. Azərbaycanda bir arı ailəsinin orta illik məhsuldarlığı hava şəraitinin əlverişli olduğu illərdə 10-12 kq, əlverişsiz olduğu illərdə isə 3-5 kq-dır. Arı ailələrinin sayının artırılması ilə yanaşı, məhsuldarlığın yüksəlməsi, damazlıq-seleksiya işlərinin yaxşılaşdırılması, istehsal olunan balın mərkəzləşdirilmiş qaydada qablaşdırılması və etketləmə məsələləridə həyata keçrilməlidir.
Mahir Zeynalov-iqtisadçı