Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Regiona təsir baxımından Türkiyə və Rusiyanın təsirini başqa hər hansı bir ölkə ilə müqayisə etmək olmaz

Regiona təsir baxımından Türkiyə və Rusiyanın təsirini başqa hər hansı bir ölkə ilə müqayisə etmək olmaz


"Türkiyə Rusiya prezidentlərinin görüşünə uzun müddətdir ki, hazırlıq gedirdi. Bundan öncə də hər iki ölkənin XİN rəhbəri Hakan Findan və Serqey Lavrov arasında ikitərəfli görüş keçirilmişdi və prezidentlərin görüşü üçün ilkin zəmin hazırlanmışdl. Ümumiyyətlə qeyd edim ki, dövlət rəhbərləri səviyyəsində mühüm görüşlər o zaman baş tutur ki, masada hansısa ortaq şəkildə razılaşdırılan məsələlər olur. Yəni əgər hər hansı bir məsələ ilə bağlı ümumi razılıq yoxdursa, onda prezidentlər səviyyəsində görüşün keçirilməsinə də faktiki ehtyac qalmır".

Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Yusif Bağırzadə səsləndirib. O bildirib ki, Soçidə keçirilən son görüşdə Ərdoğan və Putin arasında yeni taxıl sazişi layihəsi, o cümlədən ticarət, enerji, kənd təsərrüfatı, turizm və iqtisadiyyat sahələrində çoxşaxəli əməkdaşlığın daha da gücləndirilməsi ilə bağlı müzakirələr aparılıb:

"Bu, özlüyündə müsbət addımdır. Xüsusilə də Türkiyə tərəfindən AZOV komandirlərinin Ukraynaya təhvil verilməsindən sonra Rusiya ilə yaranmış soyuqluğu nəzərə alsaq və baş tutan görüşdə də bu məsələnin ümumiyyətlə müzakirə predmetinə çevrilməməsi onu deməyə əsas verir ki, görüş kifayət qədər səmərəli olub.
Bildiyimiz kimi keçən il Türkiyə və Rusiya arasında ticarət dövriyyəsi 69 milyard dollara çatıb. Başqa sözlə desək hər iki ölkənin qarşılıqlı ticarət əlaqələrinin inkişafında birdən-birə sıçrayış olub. Son görüşdə də hər iki tərəf bu dövriyyənin 100 milyard dollar həcminə qədər artırılması ilə bağlı konkret qərara gəlib. Hazırda Türkiyə-Rusiya münasibətlərində sadaladığım sahələr üzrə geniş əlaqələr mövcuddur. Rusiya və Türkiyənin dövlət rəsmiləri bu istiqamətdə fəaliyyətlərini davam etdirirlər".

Politoloq deyib ki, eyni zamanda, hər iki ölkənin dövlət rəhbərləri səviyyəsində Türkiyədə Sinop Atom Elektrik Stansiyasının tikilməsi, eləcə də Akkau Atom Elektrik Stansiyasının bloklarının istifadəyə verilməsi ilə bağlı məsələlər də önəmli müzakirə mövzusuna çevrilib:

"Bununla yanaşı, Rusiya qazının Türkiyə üzərindən electron qaydada satışnının həyata keçirilməsi istiqamətində də müvafiq razılşamalar olub. Təbii ki, görüşdə müzakirə olunan məsələlər içərisində ən çox gözlənilən “taxıl sazişi”nin bərpa olunub olunmaması ilə bağlı idi. Bu məsələdə də müvafiq rəliləyişlərin olduğunu deyə bilərik. Belə ki, ötən iki həftə ərzində xarici işlər nazirləri səviyyəsində aparılan müzakirələrdə rəsmi Moskva "Taxıl dəhlizi" razılaşmasına Qətərin də daxil edilməsi təklifini irəli sürmüşdü. Bu plan çərçivəsində Rusiya Qətərin də maliyyə dəstəyi ilə Türkiyəyə güzəştli qiymətə 1 milyon ton taxıl göndərməsi, daha sonra Türkiyədə təkrar emal olunacaq bu taxılın ehtiyacı olan ölkələrə daşınması nəzərdə tutulur. Rusiya bunu əvvəlki razılaşmaya ən uyğun alternativ kimi görür. Türkiyə Prezidenti də bu addımı müsbət qarşılayaraq Rusiya, Türkiyə və Qətərin Afrika ölkələrinə un göndərilməsində dəstək olacaq addımlar atmaqla Afrika ölkələrinin yanında olacağına ümid etdiyini bildirib. Prezident Ərdoğan həmçinin vurğulayıb ki, "Türkiyə olaraq taxıl daşınması ilə bağlı BMT ilə birlikdə hazırlanmış ortaq təkliflər paketi ilə qısa zamanda gözləntiləri qarşılayacaq bir həll yolu tapacağımıza inanıram". Bu açıqlamalar onu deməyə əsas verir ki, Türkiyə yenə də öz vasitəçilik missiyası ilə zəif inkişaf etmiş və ehtiyac içində olan ölkələrin vacib problemlərindən birini həll etməyə müvəffəq oldu. Bu addımın özü qarşıda gözlənilən G 20 ölkələrinin zirvə toplantısı öncəsi cənab Ərdoğanın mövqelərinin möhkəmlənməsinə xidmət edəcək".

Yusif Bağırzadə deyib ki, regiona təsir baxımından Türkiyə və Rusiyanın təsirini başqa hər hansı bir ölkə ilə müqayisə etmək olmaz:

"Odur ki, Cənubi Qafqazın ən güclü ölkəsi olaraq biz bu iki regional güc arasında münasibətlərin normal olmasının tərəfdarıyıq. Bu gün Rusiya faktiki olaraq bir çox məsələlərdə Türkiyədən asılıdır. Avropanın Rusiya üzərində tətbiq etdiyi sanksiyalar, Ukrayna müharibəsindəki vəziyyət, eləcə də digər problemlər Moskvanı Türkiyədən müəyyən mənada asılı duruma salıb. Bundan başqa, rus qazının Avropa ölkələrinə çatdırılması üçün Türkiyə yeganə münasib yol hesab olunur.

Rusiya-Türkiyə münasibətlərinə Qərbdən olan reaksiyaya gəldikdə isə burda Türkiyəni nədəsə qınamaq mümkün deyil. Çünki məhz Türkiyənin neytral vasitəçiliyi Rusiya ilə olan bir sıra problemlərin yoluna qoyulmasında mühüm rol oynayır".

Anar Əliyev
Xəbəri paylaş