"Xüsusi təhlükəli xəstəliklərə qarşı baytarlıq preparatlarının ehtiyat həddləri düzgün müəyyən edilməyib, ehtiyatların uçotu intizamsız şəkildə aparılmaqla vaksinlərin əsasən faktiki sərfiyyata uyğun deyil, regional baytarlıq idarələrinə təhvil-təslim olunduğu zaman (yəni, faktiki sərf olunmadan) uçotdan silinməsinə yol verilib, maliyyə uçotunda əks etdirilmədiyi halda, auditin gedişatında regional baytarlıq idarələrində faktiki olaraq 1,4 mln. manat dəyərində istifadə edilməmiş vaksin qalığının mövcudluğu aşkar edilib".
Newscenter.az xəbər verir ki, bu faktlar Hesablama Palatasının Aqrar Xidmətlər Agentliyində apardığı auditin nəticəsinə dair yaydığı məlumatda əksini tapıb.
Bildirilib ki, zəruri ilkin rəsmiləşdirmə aparılmadan, o cümlədən torpaq sahəsinin mülkiyyət (və ya istifadə) mənsubiyyəti, dəqiq ünvanı əks etdirilmədən, torpaq və ya təsərrüfat sahibinin və ya istifadəçisinin (fermerin) imzası ilə təsdiqlənmiş hər-hansı sənəd əlavə edilmədən, sifarişli əsaslar üzrə ikitərəfli (qarşılqılı) münasibətlərin şərtlərini tənzimləyən hər-hansı təsdiqedici sənəd olmadan (debitor və kreditor dövriyyələr və borclar üzrə uçot aparılmadan) yalnız birtərəfli qaydada aktlar tərtib edilərək (bəzi hallarda regional icra hakimiyyətlərinin və ya bələdiyyələrin nümayəndələri qeyd olunaraq formal təsdiqlənməklə) müxtəlif məzmunlu tədbirlərin icrası kimi ümumilikdə 2,1 mln. manat dəyərində pestisidlərin, dezinfeksiya və dezinseksiya məhlullarının uçotdan silinməsinə yol verilmişdir ki, bu da eyni zamanda büdcədənkənar daxilolma potensialının tam rəsmiləşdirilməməsi risklərinin yüksək olduğunu deməyə əsas verib.
Anar TAGİYEV