Azərbaycanı antiterror tədbirlərinə vadar edən səbəblər kifayət qədərdir və bu səbəblərin hər biri ermənilərlə bağlıdır. Başqa cür ifadə etsək ermənilər özləri bizi bu əməliyyatlara başlamağa vadar etdilər.
Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Yusif Bağırzadə səsləndirib. O bildirib ki, Ermənistanın imzaladığı kapitulyasiya aktında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi, Azərbaycanın ərazi bütövlüyünə yönəlik təhdidlərin qalması, separatçı rejimin və Ermənistanın sülh təkliflərimizə müxtəlif bəhanələrlə yox deməsi bu əməliyyatları vacib edirdi. Polislərimizi və mülki insanlarımızı hədəfə alam mina terrorları isə səbrimizi daşıran son damla oldu:
"Son bir neçə ayda Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən Azərbaycan Ordusunun mövqelərinin müxtəlif çaplı silahlardan sistemli şəkildə atəşə tutulması, ərazilərimizin minalanmasının davam etdirilməsi, döyüş mövqelərinin mühəndis cəhətdən təkmilləşdirilməsi, eləcə də səngər və sığınacaqların sayının artırılması fkatları təbii olaraq onsuzda gərgin olan vəziyyəti daha da gərginləşdirmişdi. Ermənistana, eləcə də sülhməramlı kontingentin müvəqqəti nəzarətində olan ərazilərdəki ermənilərə, habelə erməni havadarlarına dəfələrlə rəsmi səviyyədə 10 noyabr Üçtərəfli Bəyanatına əməl edilməsinin vacibliyi, qondarma rejimin buraxılması, qeyri-qanuni silahlı dəstələrin tərksilah edilərək ərazilərimizdən çıxarılması ilə bağlı xəbərdarlıq edilmişdi. O da bildirilmişdi ki, Azərbaycan qanunlarına tabe olmayacaqları, terrorçu fəaliyyəti davam etdirəcəkləri halda antiterror əçəliyyatları qaçılmaz olacaq".
Politoloq deyib ki, Azərbaycan olaraq Qarabağ savaşından keçən üç il ərzində həm Ermənistana, həm separatçı rejimə müəyyən güzəştlərə gedərək vaxt tanıdıq:
"Cənab Ali Baş Komandan, Prezident İlham Əliyev ən yüksək tribunalardan bunu dönə-dönə bəyan etdi. Dəfərlərlə danışıqlar və dialoq üçün, reinteqrasiyaya başlamaq üçün variantlar təklif etdik. Amma əvəzində gördük ki, onlar döyüş mövqelərinin şəxsi heyət, zirehli texnika, artilleriya qurğuları və digər atəş vasitələri ilə gücləndirilməsi, bölmələrin yüksək döyüşə hazırolma səviyyəsinə gətirilməsi, səfərbərlik üzrə əlavə bölmələrin yaradılması, Azərbaycan Ordusunun bölmələrinə qarşı kəşfiyyat fəaliyyətlərinin genişləndirilməsi, mövqelərimizin dərinliyinə sızaraq minalardan təmizlənmiş ərazilərin və mülki təyinatlı yolların terror-təxribat məqsədilə yenidən minalanması kimi əməllərlə məşğul olurlar.
Bütün bunlardan sonra sentyabrın 19-da Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindəki birləşmələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minaların partlaması nəticəsində mülki şəxslər, eləcə də Daxili Qoşunlarının hərbi qulluqçuları şəhid oldu ki, bu da yuxarıda da dediyim kimi artıq antiterror əməliyyatlarının keçirilməsini zəruri etdi".
Politoloq onu da qeyd edib ki, ordumuz tərəfindən həyata keçirilən antiterror tədbirləri öz proffesionallığı ilə bir çoxlarına nümunə göstəriləcək səviyyədədir:
"Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə elə çəkildə sıradan çıxarılır ki, hər hansı mülki əhali və infrastruktur obyektləri zərər görməsinlər.
Azərbaycanın Müdafiə Nazirliyi yaşayış yerlərinin yaxınlığında atəş vasitələrinin Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən yerləşdirilməsini nəzərə alaraq ərazidə olan mülki əhalini hərbi obyektlərdən kənar durmağa və Ermənistan silahlı qüvvələrinin birləşmələrinə dəstək olmamağa çağırıb. Bu barədə mobil SMS xidməti vasitəsilə Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinə məlumat göndərilib. Eyni zamanda səsgücləndirici texniki vasitələrlə əhali xəbərdar edilir və məlumat vərəqələri paylanılıb.
Bununla yanaşı Azərbaycan Respublikasının qanunlarına və beynəlxalq humanitar hüquq normalarına uyğun olaraq təhlükəsizliyinə zəmanət verilən inzibati, sosial, təhsil, tibbi, dini və digər obyektlərin mühafizə və müdafiəsinin təşkil olunacağı, qadınlar, uşaqlar, qocalar, habelə fiziki məhdudiyyətli şəxslər və xəstələrə lazımi tibbi və digər yardımlar göstəriləcəyi, onların içməli su və ərzaqla təmin olunacağı, əhalinin təhlükəli ərazidən təxliyəsini təmin etmək üçün Laçın yolu üzərində və digər istiqamətlərdə humanitar dəhliz və qəbul məntəqələrinin yaradıldığı da bəyan edilib.
Sevindirici haldır ki, 44 günlük Vətən müharibəsində olduğu kimi, bu dəfə də ölkədə fəaliyyət göstərən siyasi partiyalar Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevi dəstəklədiklərini və antiterror əməliyyatlarını keçirilməsinə dəstək verdiklərini bəyan etdilər. Ölkədə fəaliyyət göstərən 23 siyasi partiya tərəfindən birgə Bəyanat qəbul olundu.
Lakin təəssüf ki, radikal müxalifət təmsilçiləri olan üç siyasi partiya yenə də öz iç üzlərini nümayiş etdirərək müvafiq bəyanata imza atmaqdan imtina etdilər. Görünən odur ki, AXCP, Musavat və REAL partiyası ölkədə yaranmış siyasi və milli birlikdən narahatdılar. Hakimiyyətin siyasi dialoqla bağlı bütün jestlərinə rəğmən öz xain mövqe və məkrli niyyətlərinə sadiq qalmış bu “trio” bəyanata imza atmaqdan imtina etməklə təkcə milli birliyə qarşı olduqlarını deyil, həm də ərazilərimizdə separatçı rejimin qalmasında maraqlı olan ayrı-ayrı beynəlxaq qüvvələrə həmrəy olduqlarını, öz xain xislətlərini nümayiş etdirmiş oldular.
Son olaraq qeyd edim ki, bölgədə sülh və sabitliyə nail olmağın yeganə yolu erməni silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindən qeyd-şərtsiz və tamamilə çıxarılması, qondarma rejimin buraxılmasından keçir və tamamilə əminəm ki, həyata keçirilən antiterror tədbirləri bu hədəfin reallaşmasını təmin edəcəkdir".
Anar Əliyev