Xalqımız Gülüstan müqaviləsindən sonra müstəqillik, suverenlik mübarizəsi aparırdı. Xalqın milli-azadlıq hərəkatının kükrəyişi daha əhatəli, daha dönməz mübarizə ilə sonuclanmışdı. Bu yolda illərlə imperiyanın sərt küləkləri əsmişdi, bu yoldan ayrılan siyasət yolları Sibirə aparmışdı, Lefertofoya aparmışdı. Xalqın azadlıq mücahidləri bunlardan keçmişdi, əqidəsindən dönməmişdi, canından keçmişdi, məsləkindən keçməmişdi. 1990-cı ilin 20 Yanvar faciəsi də bu möhtəşəm hərəkatın yolunu kəsə bilmədi. Xalqın dönməz mübarizəsi imperiyanın ilhaq zəncirlərini parçaladı, 1991-ci ili oktyabrın 17-də Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edildi…
Azərbaycanın müstəqilliyini dünyanın əksər dövləti tanıdı.
Azərbaycanda hakimiyyət boşluğu, səriştəsizlik, ... respublikada siyasi vəziyyəti son dərəcədə kəskinləşdirmişdi. Belə bir vaxtda Ermənistan torpaq iddiasına görə elan edilmədən Azərbaycana qarşı müharibəyə başlamışdı. Bunlar respublikada kəskin siyasi vəziyyət yaratmışdı. Xalq təkidlə böyük tarixi şəxsiyyət Heydər Əliyevi hakimiyyətə dəvət etdi. Bu, Azərbaycan dövlətçiliyini labüd iflasdan xilas etdi…
1993-cü il oktyabrın 3-nə təyin edilmiş prezident seçkiləri Azərbaycan xalqı üçün mühüm tarixi hadisə, müstəqil Azərbaycan dövləti üçün isə qurtuluşa gedən yolun ilk pilləsi idi. Xalq böyük səs çoxluğu ilə öz seçimini etdi və Heydər Əliyevi Prezident seçdi. Bu seçim müasir Azərbaycanın yaşam sənədi oldu.
Xalqın mütləq əksəriyyətinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilən Ulu Öndər Heydər Əliyev 1993-cü il oktyabrın 10-da dövlətə və xalqa sədaqət andı içdi. İnequrasiya bir inamın təsdiqi oldu: Azərbaycan bütün sınaqlardan, müharibədən də qalibiyyətlə çıxdı. Bundan sonra ölkə sabitlik, iqtisadi inkişaf və tərəqqi yolu ilə inkişaf edəcəkdi, qlobal enerji-kommunikasiya layihələri reallaşacaqdı. Ümummilli Lider andiçmə mərasimindəki nitqində deyib: “Bu gün mənim üçün tarixi, əlamətdar bir gündür. Mənə göstərilən bu böyük etimada görə Azərbaycan vətəndaşlarına, Azərbaycan xalqına hörmətimi, məhəbbətimi bildirir və əmin etmək istəyirəm ki, həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm”.
Ulu öndərin 1993-cü ilin oktyabrında dövlət başçısı seçilməsindən sonra müstəqil Azərbaycanın hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması prosesi əsaslı şəkildə sürətləndi. Ümummilli Lider ilk növbədə, ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin iş aparmış, qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirilmiş, respublikamızın sosial-iqtisadi yüksəlişinə yol açan ən mühüm amil kimi cəmiyyətdə ictimai-siyasi sabitlik bərqərar edilmişdir. Dövlət çevrilişlərinin qarşısı alınmış, Azərbaycan vətəndaş müharibəsi təhlükəsindən xilas olmuşdur.
Müstəqil dövlətimizin ərazi bütövlüyünün bərpası və Ermənistan silahlı qüvvələrinin hücumlarının qarşısının alınması, ölkənin müstəqilliyinin qorunub saxlanması üçün ordu quruculuğu istiqamətində kompleks tədbirlər həyata keçirilmişdir.
Millətin məhəbbətini qazanmış Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi əbədi olaraq yaşayacaqdır. Azərbaycan xalqının tarixində taleyüklü məsələlərin həllində müstəsna xidmətləri olan tarixi şəxsiyyətlər içərisində Azərbaycan xalqının Ümummilli Lideri adını qazanmış görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi, parlaq şəxsiyyət Heydər Əliyevin xüsusi rolu vardır. Ümummilli lider Heydər Əliyev öz xilaskarlıq missiyasının öhdəsindən yüksək səviyyədə gəldi.
Milli ideologiyanın yaradılması da Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət quruculuğu siyasətinin mühüm tərkib hissəsindən biridir. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyası təkcə bu dövlətin ərazisində yaşayan şəxsləri yox, eyni zamanda, bütün dünyada məskunlaşan azərbaycanlıları əhatə edən, dünya azərbaycanlılarını vahid ideologiya ətrafında birləşdirən milli məfkurəyə çevrildi. Milli ruhun yüksəlməsi, milli özünüdərkin inkişafı və xalqın tarixi yaddaşının özünə qaytarılması kimi fundamental prinsip və vəzifələrə xidmət edən azərbaycançılıq məfkurəsi dövlətin qüdrətinin artırılmasında real siyasi amilə çevrilmişdir.
Ulu Öndər Heydər Əliyevin mülahizələri problemlərə dərindən bələdlik, hadisələrin məğ¬zinə, səbəb-nəticə əlaqələrinə nüfuz etmək xüsusiyyəti ilə seçilirdi. Azərbaycanın daxili siyasətini istiqamətləndirən, xarici siyasətini beynəlxalq hüquq normalarına uyğun, məqsədyönlü və tarazlaşdırılmış şəkildə aparan qətiyyətli dövlət xadimi çox hallarda ən tanınmış siyasətçiləri belə təəccübləndirir və onun ağıllı siyasətini birmənalı olaraq qəbul edirdilər.
Dövlətçiliyin əsasları qoyuldu, müstəqil dövlətin Konstitusiyası qəbul edildi, milli ideologiyamız qəbul olundu, azərbaycançılıq məfkurəsi bu gün bizim ideoloji əsaslarımızı təşkil edir. Siyasi islahatlar aparılmağa başlanılmışdır, demokratik inkişafla bağlı önəmli qərarlar, qanunlar qəbul edilmişdir. İqtisadi sahədə liberallaşma siyasəti aparılmağa başlamışdır və bazar iqtisadiyyatına keçid məhz Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə baş vermişdir. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin çəkilişi məhz bu böyük insanın iradəsi və qətiyyətli mövqeyinin, uzaqgörənliyinin nəticəsi kimi reallığa çevrildi.
Heydər Əliyevin neft strategiyasının təcəssümü olan “Əsrin müqaviləsi” Azərbaycanın dünya iqtisadi sistemindəki yerini müəyyənləşdirdi. 1994-cü ilin sentyabr ayının 20-də dünyanın 8 ölkəsinin 13 neft şirkəti ilə bağlanmış "Əsrin müqaviləsi” sonrakı illərdə daha 19 ölkənin 41 neft şirkəti ilə 26 müqavilənin imzalanmasına yol açmış, 1997-ci ildə Azərbaycan nefti Bakı-Novorossiysk neft kəməri ilə, 1999-cu ildə isə Bakı-Supsa neft kəməri ilə dünya bazarına çıxarılmışdır.
Ümummilli Liderin rəhbərliyi altında hazırlanaraq 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası dövlətimizin tarixində hakimiyyət bölgüsü prinsipini, demokratik və dünyəvi dövlət quruculuğunun hüquqi əsaslarını, insan hüquq və azadlıqlarının qeyri-şərtsiz təmin olunmasının bünövrəsini qoydu. Azərbaycan demokratik, hüquqi, dünyəvi dövlət kimi ilk dəfə olaraq insan hüquqlarının prioritetliyini və hakimiyyət bölgüsünü özünün gələcək inkişaf yolu kimi seçmişdir. 1995-ci ildə müstəqil Azərbaycanın parlamentinə keçirilən ilk seçkilər isə dövlət müstəqilliyinin möhkəmləndirilməsi prosesinin hüquqi bazasının yaradılmasına daha geniş imkanlar açdı.
Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin fonunda ölkənin siyasi-hüquqi sistemində müsbət mənada əsaslı dəyişikliklər oldu. Kütləvi informasiya vasitələri üzərində senzura aradan qaldırıldı, insan və vətəndaş hüquq və azadlıqları yüksək səviyyədə təmin edildi. Dövlətin hüquqi bazasının möhkəmləndirilməsi istiqamətində növbəti addımlar atıldı, məhkəmə islahatları həyata keçirildi, Konstitusiya Məhkəməsi və digər mühüm təsisatlar yaradıldı, Ombudsman təsisatı yaradıldı, ölüm hökmü ləğv edildi, …
Ulu Öndər Heydər Əliyev Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunması faktını beynəlxalq təşkilatların siyasi gündəliyinə gətirmişdir. Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan xarici siyasət kursunun mühüm prioritetlərindən birini Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüquq normaları əsasında, yəni ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilməsi təşkil etmişdir. Məhz Ümummilli lider Heydər Əliyevin gərgin əməyi və ardıcıl səyləri nəticəsində bu problemin həllinə yönəlik məqsədyönlü, sistemli və davamlı addımlar atılmış və məsələnin mahiyyəti dünya ictimaiyyətinin diqqətinə çatdırılmışdır. Ulu öndərin bir çox dünya dövlətləri ilə bu mövzuda danışıqlar apararaq beynəlxalq tədbirlərdə, o cümlədən sammitlərdə Azərbaycanın ərazi bütövlüyünün dəstəkləndiyi və Ermənistanın işğalçılıq siyasətinin pisləndiyi qətnamələrin və bəyanatların qəbul olunmasına nail olmuşdur.
Azərbaycançılıq ideologiyasını yaşadan, mühafizə edən, onun siyasi dayaqlarını müəyyənləşdirən və möhkəmləndirən böyük tarixi şəxsiyyət deyirdi: “Azərbaycan dövlətinin milli ideologiyasının özəyini, əsasını təşkil edən azərbaycançılıqdır. Dövlətçilik, milli-mənəvi dəyərlər, ümumbəşəri dəyərlər - bunlar hamısı azərbaycançılıq anlayışının tərkib hissələridir”.
“Bizim məqsədimiz Azərbaycanı bir müstəqil dövlət kimi yaşatmaq, inkişaf etdirmək, dünya dövlətləri içərisində güclü, iqtisadi cəhətdən inkişaf etmiş bir dövlətə çevirməkdir. Bizim məqsədimiz Azərbaycanı tam demokratik dövlət etməkdən, demokratiya yolu ilə irəlilətməkdən və ölkəmizdə hər bir vətəndaşın hüquqlarını qorumaqdan, azadlığını təmin etməkdən ibarətdir”. Bu kəlamlar dahi rəhbərin dövlətçilik tezislərindəndir.
Böyük tarixi şəxsiyyət Heydər Əliyevin Azərbaycana hakimiyyətə qayıdışı Azərbaycan dövlətçiliyini xilas etdi, Azərbaycanın siyasi nüfuzu yüksəldi, dünya birliyi Azərbaycana böyük ehtiramla yanaşdı, Azərbaycanın iqtisadi qüdrəti daha da artdı. Heydər Əliyevin ordu quruculuğu istiqamətində həyata keçirdiyi tədbirlər ordunun nizami ordu kimi formalaşmasını təmin etdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bütün sahələrdə olduğu kimi ordu quruculuğunda da dahi şəxsiyyətin yolunu uğurla davam etdirdi. İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusu tarixi Zəfər qazandı, 2023-cü ilin sentyabrında lokal antiterror tədbirləri ilə separatçı qüvvələrin və Ermənistan silahlı qüvvələrinin dağılmış hissələrini də tərksilah etdi, qondarma Dağlıq Qarabağ Respublikası rəsmən buraxıldı. Bu da böyük tarixi şəxsiyyət Heydər Əliyevin siyasi kursuna sədaqətin nəticəsidir…
Azərbaycan dövlətçiliyinin möhkmlənməsi 1993-cü il oktyabrın 3-ü ilə bağlıdır…
Səbinə Xasayeva-Milli Məclisin deputatı