Azərbaycan Ordusu Ermənistanın işğalına son qoydu. Tarixi Zəfər qazandı. İşğaldan sonra Şərqi Zəngəzurda böyük quruculuq işləri başladı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev həmişə əminliklə bildirir ki, tarixi Zəfərin davamı olan quruculuq işləri də uğurla başa çatdırılacaqdır.
Cəbrayıl 1993-cü il avqustun 23-də işğal olunmuşdu, 1 şəhər, 4 qəsəbə, 92 kənd Ermənistan silahlı birləşmələrinin vandallığına məruz qalmışdı. Düşmən işğal müddətində şəhəri də, qəsəbələri də, kəndləri də dağıtmışdı...
İşğal zamanı və işğaldan sonra ermənilər Dağtumas kəndinin yaxınlığında yerləşən “Divlər Sarayı” mağarası, Qalacıq kəndindəki “Məscid Təpəsi”, “Canqulu” və “Qumtəpə” kurqanları, Diri dağındakı Mazannənə, Mərmər nənə məqbərələri kimi arxeoloji, Doğtumas kəndindəki “Başıkəsik Gümbəz”, Sirik kəndindəki “Qala”, Diri dağındakı “Qız qalası”, Xudafərin körpüləri, Çələbilər kəndindəki Məscid kompleksi, rayon mərkəzindəki “Sultan Məcid hamamı”, Şıxlar kəndindəki “Dairəvi Türbə”, Xubyarlı kəndindəki “Dairəvi” 8 guşəli türbələr və məqbərələr, türk qəbiristanlığındakı türbə və məqbərələrin hər biri işğal zamanı məhv edilmiş və ya dağıntıya məruz qalmışdı.
Horadiz əməliyyatında - 1994-cü il yanvarın 5-də Cocuq Mərcanlı kəndi işğaldan azad edilmişdi...
Ermənistanın təxribatlarının qarşısını qətiyyətlə alan Azərbaycan Ordusu 2016-cı ilin aprelində də Ermənistanın hücumunun qarşısını aldı, əks-hücumla 2000 hektar sahəni işğaldan azad etdi. Lələtəpə kimi strateji yüksəklik də işğaldan azad olundu.
İkinci Qarabağ müharibəsində Cəbrayıl rayonu uğrunda da ağır döyüşlər getdi, düşmən bu istiqamətlərdə də ciddi müdafiə sədləri qurmuşdu. Azərbaycan Ordusunun hissələri qətiyyəti ilə bu sədləri də darmadağın etdi. Böyük Mərcanlı və Rüzgar kəndləri Vətən müharibəsinin ilk günü azad edildi. Digər kəndlər müharibənin gedişi boyu mərhələlərlə azad olundu.
Zəfərdən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə “Cəbrayılın işğaldan azad olunmasına görə” medalı təsis olub.
Cəbrayılda Dövlət Sərhəd Xidmətinin hərbi hissəsinin açılışı dövlətçilik baxımından olduqca əhəmiyyətlidir. Bu ərazidə belə bir təsisatın yaradılması Azərbaycanın sərhədlərinin qətiyyətlə qorunacağının zəmanətidir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin işğaldan azad edilmiş rayonlara hər səfəri quruculuq işlərinin gedişinə, gedişin məsuliyyətinə hesablanır. Bu səfərlər təkcə quruculuqla məhdudlaşmır, həm də əhəmiyyətli siyasi çalarları ilə seçilir. Ölkə başçısının 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 4 oktyabr Cəbrayıl şəhəri günü kimi müəyyən olub.
İndi Cəbrayıl Günü də sevgilərlə qeyd olunacaqdır. Bu sərəncam quruculuq işlərinin tərkib hissəsidir – cəbrayıllılar Cəbrayılın Cəbrayıl şəhəri günü”nün işığında qurulduğunu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Cəbrayıla ehtiramı, cəbrayıllılara sevgisi bilir...
Səbinə XASAYEVA,
Milli Məclisin deputatı