1964-cü ildə İran, Pakistan və Türkiyə tərəfindən İnkişaf üçün Regional Əməkdaşlıq (İRƏ) adı ilə üç ölkə arasında iqtisadi, texniki və mədəni əməkdaşlığı möhkəmləndirmək məqsədilə yaradılan sözügedən qurum 1985-ci ildən etibarən İqtisadi Əməkdaşlıq Təşkilatı adlandırılmağa başlayıb. Qurumun təsis proqramında davamlı iqtisadi artıma nail olunması, üzv dövlətlərin iqtisadi inkişafının sürətləndirilməsi, ticarətin liberallaşdırılması, üzv dövlətlərin iqtisadiyyatının dünya iqtisadiyyatına tədricən inteqrasiyası, nəqliyyat və kommunikasiya sisteminin inkişaf etdirilməsi, maddi sərvətlərin səmərəli istifadəsi məsələləri qarşıya mühüm vəzifələr kimi qoyulub.
Qurum üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasından ibarətdir. Şura təşkilatın fəaliyyət siyasətini, Regional Planlaşdırma Şurasını, Müavinlər Şurasını müəyyən edir. 1993-cü ildə BMT Baş Assambleyasının 48-ci sessiyasında İƏT BMT-də, 1994-cü ildə isə İslam Təşkilatı Konfransı nda müşahidəçi statusu alıb.
Hal-hazırda Azərbaycan, Türkiyə, Pakistan, Əfqanıstan, İran, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, və Özbəkistan İqtisadi Əməkdaşlıq Təşkilatının üzvləridir. Azərbaycan 1992-ci ildən təşkilatın üzvüdür.
Prezident İlham Əliyevin müəyyənləşdirdiyi siyasətə uyğun olaraq Azərbaycanın xarici iqtisadi əlaqələrinin genişləndirilməsi istiqamətində kompleks tədbirlərin həyata keçirilməsi daim diqqət mərkəzində saxlanılır. Bu baxımdan ölkəmizin bir sıra beynəlxalq qurumlarla, o cümlədən İqtisadi Əməkdaşlıq Təşkilatı ilə münasibətlərin dərinləşməsinə də önəm verilir. Oktyabrın 10-da Şuşa şəhərində İƏT-in Nazirlər Şurasının 27-ci iclasının keçirilməsinin qərara alınması da Azərbaycanın bu qurumla sıx əməkdaşlığının göstəricisidir.
Prezident İlham Əliyevin Nazirlər Şurasının 27-ci iclasının iştirakçılarına ünvanlanmış məktubunda da qeyd edildiyi kimi iclasın Azərbaycan xalqı üçün müqəddəs olan, mədəniyyət paytaxtımız Şuşa şəhərində keçirilməsi əlamətdar hadisədir. Onu da qeyd edim ki, bu il oktyabrın 4-5-də İranın Ərdəbil şəhərində İƏT-ə üzv dövlətlərin turizm nazirlərinin 5-ci iclasında səsvermə nəticəsində Şuşa şəhəri təşkilatın 2026-ci il üçün turizm paytaxtı seçilib. Şuşada keçirilən iclası əlamətdar edən digər bir səbəb də sözsüz ki, ölkəmizin yaşadığı əlamətdar və tarixi dövrlə bağlıdır. Bu günlərdə xalqımız Azərbaycanın suverenliyini, konstitusiya quruluşunu bərpa etməsinin sevincini, qürurunu yaşayır. Elə cənab prezident də iclas iştirakçılarına müraciətində bu məqama toxunaraq otuz ildən sonra ərazilərimizdə mövcud olan “boz” zonanın aradan qaldırılması, separatizmə son qoyulmasını beynəlxalq hüququn və ədalətin təntənəsi adlandırdı.
Prezidentin tədbir iştirakçılarına ünvanladığı məktub həm Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması baxımından, həm də perspektiv əməkdaşlıq imkanlarının təqdimatı baxımından vacib mesajlarla zəngin idi. Dövlət başçısı bir daha regional məsələlərin bilavasitə region ölkələrinin iştirakı ilə həll edilməsi prinsipindən çıxış edərək Azərbaycanın 3+3 əməkdaşlıq formatını irəli sürdüyünü xatırlatdı. Qeyd edim ki, bundan bir neçə gün əvvəl Gürcüstana səfər edən ölkə başçısı orada da Cənubi Qafqazda olan porblemlərin Cənubi Qafqazda həll olunmasının vacibliyini bəyan edərək Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında Gürcüstanın vasitəçi qismində iştirakını daha arzuolunan olduğunu bildirmişdi.
Dünənki müraciətdə Prezident bir daha Ermənistan müraciət edərək hazırda Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, sülh müqaviləsinin imzalanması və Cənubi Qafqaz bölgəsinin sülh və əməkdaşlıq məkanına çevrilməsi üçün tarixi şərait yarandığını bildirdi.
30 illik işğalın Azərbaycan xalqı üçün ən ağır fəsadlarından biriin də bəşəri əhəmiyyətə malik mədəni irsimizə, o cümlədən İslam dininə aid bütün abidələrə qəsdən vurulmuş ziyan olduğunu deyən dövlət başçısı işğal dövründə 67 məscidimizdən 65-nin yerlə-yeksan edilməsi, qalan məscidlərdən isə heyvan saxlanılması üçün istifadə olunduğunu bildirdi. Təkcə bu fakt erməni vandalizminin miqyasını, onların islama və müsəlman aləminə münasibətini sübut etməyə kifayət edir. Prezident haqlı olaraq bununla təkcə azərbaycanlıların deyil, bütün dünya müsəlmanlarının hisslərinin təhqir olunduğunu bildirdi.
Prezident məktubunda digər bir vacib məsələyə ölkəmizin tranzit ölkə statusuna da toxundu. Ölkəmizin etibarlı tranzit ölkə olduğunu və bizim nəqliyyat-logistika infrastrukturumuzun bütün İƏT ölkələri üçün açıq olduğunu bəyan edən ölkə başçısı Şərq-Qərb marşrutu üzrə yükdaşımalara tələbatın artdığını nəzərə alaraq Bakı-Tbilisi-Qars dəmir yolu ilə daşınan yüklərin həcminin 1 milyon tondan 5 milyon tona çatdırmağı hədəflədiyimizi də görüş iştirakçılarıın nəzərinə çatdırdı.
Onu da qeyd edim ki, istər son iclasda, istərsə də ondan əvvəl keçirilən iclaslarda Azərbaycanın regional nəqliyyat və tranzit dəhlizlərinin inkişaf etdirilməsi üçün görülən əhəmiyyətli işlər barədə ətraflı məlumat verilib. Bununla yanaşı, sözügedən istiqamətlərdə əməkdaşlığın gücləndirilməsi məqsədilə Türkiyə, Qazaxıstan və Özbəkistan ilə birgə üçtərəfli platformalar da təsis edilib. Azərbaycan, Türkiyə və Qazaxıstan arasında ötən ilin iyun ayında Bakıda keçirilən görüşdə qəbul olunan Bakı Bəyannaməsində nəzərdə tutulan Transxəzər (Orta Dəhliz) Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafı üzrə müvafiq qərarların icrası vəziyyəti yüksək dəyərləndirilib. Azərbaycan, eyni zamanda, Şimal-Cənub Nəqliyyat Dəhlizinin ötürücülük qabiliyyətinin daha da genişləndirilməsi üzərində də fəal çalışır.
Son olaraq bir daha qeyd edim ki, ölkəmiz İqtisadi Əməkdaşlıq Təşkilatının fəal üzvü olaraq təşkilata üzv olan dövlətlərlə münasibətlərinə xüsusi əhəmiyyət verir. İƏT regionumuzun nəhəng iqtisadi potensialından daha səmərəli istifadə, region ölkələri arasında iqtisadiyyat və ticarət sahəsində əlaqələrin inkişaf etdirilməsi baxımından əlverişli imkanlara malikdir.
Yusif Bağırzadə-politoloq