Məlum olduğu kimi, Azərbaycan Respublikası 2021-ci ildə “Ölkələrarası Hesabatların Mübadiləsinə dair Səlahiyyətli Orqanların Çoxtərəfli Sazişi”nə qoşulub. Saziş İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) tərəfindən hazırlanmış “Vergitutma bazasının aşınması və mənfəətin köçürülməsi (BEPS)” layihəsinin “Transfer qiymətləri üzrə sənədləşmə və ölkələrarası hesabatlılığı” fəaliyyətinin təmin edilməsini nəzərdə tutur. Bu sazişə qoşulmaqla ölkəmiz müvafiq sahədə beynəlxalq mübadiləni təmin etmək məqsədi güdür.
Newscenter.az xəbər verir ki, BEPS-in minimum standartı – 13-cü fəaliyyəti “minimum standart” hesab edilməklə yanaşı, transfer qiymətləri ilə bağlı sənədləşmələrin bütün iştirakçı dövlətlərin vergi orqanları tərəfindən vahid formatda aparılması və bu məlumatların ölkələrarası hesabatlar vasitəsilə avtomatik qaydada mübadiləsini tənzimləyən çərçivə sənəd hesab edilir. Ölkələrarası hesabat vergi orqanlarının transmilli şirkətlər qruplarının fəaliyyətləri və yaranan vergi nəticələri haqqında məlumatların əldə olunmasını və transfer qiymətləri ilə əlaqədar riskləri müəyyənləşdirmək funksiyasını daşıyır.
İƏİT tərəfindən təşkilata üzv olmayan ölkələrin BEPS layihəsində iştirakını təmin etmək məqsədilə “Vergitutma bazasının aşınması və mənfəətin köçürülməsi üzrə İnklüziv Çərçivə” yaradılıb. Bu Çərçivəyə qoşulmuş ölkələrin layihə üzrə əməletmə səviyyəsi müvafiq sorğular, özünüqiymətləndirmə anketləri və ekspert qrupunun yoxlamaları (“peer review”) vasitəsilə dəyərləndirilir. Ekspert qrupunun qiymətləndirməsi zamanı qanunvericiliyin BEPS layihəsinə uyğunluğu və onun tətbiqi prosesləri nəzərdən keçirilir.
Ölkəmizin beynəlxalq təşkilat tərəfindən qiymətləndirilməsi nəticəsində yüksək reytinqin əldə edilməsi ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən genişmiqyaslı tədbirlər həyata keçirilib. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq sazişlər üzrə üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi, ölkədaxili qanunvericiliyin beynəlxalq standartlara uyğunlaşdırılmasının təmin edilməsi ilə bağlı ekspertlərlə çoxsaylı görüşlər baş tutub, müxtəlif sorğular və anketlər cavablandırılıb, mövcud qanunvericiliyin tələbləri barədə ətraflı məlumatlar və izahlar verilib, onun beynəlxalq standartlara uyğunlaşdırılması ilə bağlı layihələr hazırlanaraq icrası təmin olunub.
Bu günlərdə İƏİT tərəfindən BEPS-in minimum standartı - 13-cü fəaliyyətin icrası istiqamətində “Ölkələrarası hesabatların mübadiləsi” ilə bağlı Azərbaycan Respublikası üzrə qiymətləndirmə prosesi başa çatıb. İƏİT tərəfindən dərc edilmiş hesabatda ölkəmizin daxili qanunvericiliyi və inzibatçılığının standarta uyğunluğu təsdiq edilib və standartın tətbiqi yüksək qiymətləndirilib. Bununla da 138 yurisdiksiya üzrə aparılmış qiymətləndirmə zamanı Azərbaycan Respublikası qiymətləndirmə prosesində iştirak edən MDB ölkələri arasında heç bir tövsiyə almayan yeganə dövlət olub və Almaniya, Çin, Yaponiya, Birləşmiş Krallıq, Kanada və s. kimi inkişaf etmiş ölkələrlə eyni səviyyədə qiymətləndirilib.
Azərbaycanın mötəbər beynəlxalq təşkilat tərəfindən yüksək qiymətləndirilməsi ölkəmizə əlverişli investisiya mühitinin, vergi və maliyyə sektorunda şəffaflığın təminatı fonunda beynəlxalq arenada nüfuzunun daha da artırılması və məlumat mübadiləsi üzrə etibarlı tərəfdaş kimi tanınması kimi bir sıra üstünlüklər qazandıracaq.
Sona