Rusiya sülhməramlı kontingentinin mövcudluğuna ehtiyac var və gələcəkdə də eynilə ehtiyac olacaq. Bu barədə RBK-ya Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib.
Qaluzinin Ermənistan Baş naziri Paşinyanın "Sülhməramlılar Qarabağdan çıxsa, Ermənistanda yerləşdirilməli deyil, Rusiyaya qayıtmalıdır" açıqlamasından sonra belə bir fikir səsləndirməsi onu göstərir ki, Rusiya öz "sülhməramlıları" regionda qalmasına Azərbaycanla razılaşa bilmir. Son zamanda da rus meyilli ictimai-siyasi aktivlərin rus sülhməramlılarının Azərbaycanda qalmasının "vacibliyini" sübut etməyə çalışması bu məsələnin Rusiya üçün müsbət həllinə ictimai rəyi formalaşdırmaqdır.
Əgər Azərbaycan üçtərəfli 10 noyabr 2020-ci il Moskva Bəyanatına əsasında Azərbaycana soxulmuş rus sülhməramlılarının hüquqi statusunu müəyyən etməkdən imtina edirsə, demək Azərbaycan dövləti rus sülhməramlılarının qalması müddətini hər hansı ad və ya yeni termin altında uzatmaq fikrində deyil. Cənab prezident İlham Əliyevin rus sülhməramlıları haqında danışanda həmişə "müvəqqəti yerləşmiş" termindən istifadə etməsi, Türkiyə prezidenti cənab Ərdoğanın bir müddət əvvəl rus sülhməramlılarının Azərbaycandan çıxacağı barədə açıqlamaları və əsası da Azərbaycan dövlətinin yaratdığı reallıqlar ona əminlik yaradır ki, rus sülhməramlıları regionu tərk edəcək.
10 noyabr 2020-ci il Moskva bəyanatına əsasən rus sülhməramlılarının Azərbaycanda, regionda qalma müddəti 2025-ci ilə qədərdir. Düşünürəm ki, razılaşma müddətinin sonuna hələ 2 il zaman olduğundan və sülhməramlılarının qalma müddətinin uzatma və ya çıxarılması məsələsi 6 ay öncəsi razılaşdırılması barədə qeyd olunduğundan, 2025-ci ilin may ayına qədər bu məsələnin gündəmə gətirilməsi düzgün deyil. O da nəzərə alınmalıdır ki, Rusiya sülhməramlılarının qalma müddətinin sonuna hələ xeyli vaxt olduğundan, onun öncədən və ya vaxtından əvvəl çıxarılmasının gündəmə gətirilməsi Rusiyanın regionda qalması üçün əsaslar yaratmağını sürətləndirə bilər.
Vüqar Dadaşov-politoloq