"MDB 8 dekabr 1991-ci ildə Minsk şəhərində imzalanmış “Müstəqil Dövlətlər Birliyinin yaradılmasına dair Saziş” əsasında təsis edilmişdir. 24 sentyabr 1993-cü il tarixində isə MDB dövlət başçıları Şurasının iclasında Azərbaycanın MDB-yə daxil olmasına dair qərar qəbul olunmuşdur".
Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Yusif Bağırzadə səsləndirib. Onun sözlərinə görə, keçən dövr göstərir ki, ölkəmizin MDB-yə daxil olması Ermənistanın müəyyən planlarının qarşısını almaq baxımından əhəmiyyətli olmuşdur. Çünki Azərbaycanın razılığı olmadan MDB heç bir ciddi sənəd qəbul edə bilməmişdir. Azərbaycan MDB-nin bir çox sənədlərinə Ermənistan amilini nəzərə alaraq aramızda mövcud olmuş münaqişə səbəbilə veto qoya bilmişdir. Xüsusilə təhlükəsizlik sisteminin yaradılması məsələsində ölkəmizin müstəqil mövqe nümayiş etdirməsi ermənilərin qərəzli siyasi niyyətlərini cilovlamağa imkan vermişdir:
"Azərbaycan Respublikası MDB çərçivəsində Ermənistan istisna olmaqla, digər bütün üzv ölkələrlə müxtəlif sahələrdə, xüsusən mədəniyyət, humanitar, elm və digər sahələrdə uğurlu əməkdaşlıq həyata keçirir və bütün fəaliyyətində yalnız və yalnız öz milli maraqlarını rəhbər tutur.
MDB-də Türk Dövlətləri Təşkilatında təmsil olunan dövlətlərlə koordinasiyal şəkildə fəaliyyət ölkələrimizin bu qurum daxılində söz sahibi olmaq imkanlarını artırmaqla yanaşı, milli təhlükəsizliyin təmin olunması, iqtisadiyyatın inkişafına da zəmin yaradır".
Politoloq deyib ki, cənab Prezident də MDB dövlət başçıları şurasının 13 oktyabr tarixində Bişkekdə keçirilən iclasındakı çıxışı zamanı bü məqama toxunaraq Qırğızıstan və Azərbaycan arasında dostluq və qardaşlıq münasibətlərinin uğurla inkişaf etdiyini, ölkəmizin Qırğızıstanda investisiya layihələrini həyata keçirməyə başladığını, eləcə də əməkdaşlığı dərinləşdirmək məqsədilə Azərbaycan-Qırğızıstan İnvestisiya Fondu yaradıldığını xüsusi olaraq qeyd etdi:
"Eyni şəkildə Özbəkistanın da son illər də qazandığı uğurları, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev MDB-nin Fəxri Nişanı ilə təltif edilməsi və Səmərqənd şəhərinin 2024-cü ildə “Birliyin mədəniyyət paytaxtı” elan edilməsini təqdir edərək MDB daxilindəki türk dövlətləri ilə mövcud olan birlik və qardaşlığımıza növbəti dəfə vurğu etmiş oldu.
Azərbaycanın MDB ölkələri ilə qarşılıqlı faydalığı əməkdaşlığı iqtisadi münasibətlərdə də özünü göstərir. Cənab Prezidentin də qeyd etdiyi kimi üzv dövlətlər arasında iqtisadi əməkdaşlıq müsbət dinamika ilə inkişaf edir. Belə ki, təkcə keçən il Azərbaycan ilə MDB ölkələri arasında əmtəə dövriyyəsinin həcmi təxminən 30 faiz artmış, bu ilin doqquz ayı ərzində isə bu göstərici artıq 20 faizdən çoxdur.
Onu da qeyd edim ki, Azərbaycan MDB-nin bir çox ölkələri üçün tranzit-nəqliyyat sahəsində etibarlı tərəfdaşdır. MDB-nin bir çox üzv ölkələri Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə Azərbaycanın tranzit imkanlarından fəal istifadə edirlər ki, bu da ölkəmizin strateji əhəmiyyətini artırır".
Yusif Bağırzadə deyib ki, son Bişkək görüşü həm də üzv dövlətlərin 2025-ci ildə üçüncü MDB Oyunlarının keçirilməsi üzrə Azərbaycanın namizədliyini dəstəkləməsi ilə yadda qaldı:
"Sözsüz ki, üçüncü MDB Oyunları idman sahəsində əməkdaşlığımızı möhkəmləndirməklə yanaşı, MDB məkanında uğurlu qarşılıqlı fəaliyyəti də nümayiş etdirmiş olacaq".
Anar Əliyev