Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 15-də Qarabağ bölgəmizin paytaxtı sayılan Xankəndidə ölkəmizin üçrəngli Dövlət Bayrağını ucaltması və çıxışı dünya KİV-lərinin diqqət mərkəzində oldu. Dövlət başçımız üçrəngli bayrağımızı Xankəndidə, Xocalıda, Xocavənddə, Ağdərədə, Əsgəranda ucaltmaqla xalqımızın illərdən bəri qəlbində daşıdığı arzularını çin etdi.
Həmin gün Prezident İlham Əliyev Xankəndi şəhərində Azərbaycan xalqına müraciətində bildirdi ki, bu gün tarixi bir gündür. İyirmi il bundan əvvəl Prezident kimi öz vəzifə borcunu yerinə yetirməyə başlayan Dövlət başçısı qarşısına bir nömrəli vəzifə qoymuşdu ki, Azərbaycan Bayrağı o vaxt işğal altında olan bütün ərazilərdə, bütün torpaqlarda, bütün şəhər və kəndlərdə qaldırılsın. Cənab Prezident bu tarixi vəzifəni də uğurla həyata keçirdi. Ötən iyirmi il ərzində Azərbaycan gücləndi, dünya miqyasında özünə layiqli yer tutdu. Ötən illər ərzində Ermənistan-Azərbaycan münaqişəsini həll etmək üçün güclü siyasi və hüquqi zəmin yaradıldı.
Həm üç il bundan əvvəl 44 günlük Vətən müharibəsi zamanı, həm də bu ilin sentyabr ayında keçirilmiş antiterror tədbirləri zamanı Azərbaycan əsgəri, zabiti əsl qəhrəmanlıq, vətənpərvərlik, fədakarlıq göstərdi. Elə bir gənc nəsil yetişdirdik ki, Vətən, torpaq uğrunda ölümə getməyə hazır idi və ölümə də gedirdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Biz onların ruhu qarşısında baş əyirik. Biz Azərbaycan xalqı olaraq onlara əbədi borcluyuq. Biz Ordumuzla, Silahlı Qüvvələrimizlə fəxr edirik, onlar bizim qürur mənbəyimizdir.
Dövlət başçımız müraciətində bildirdi ki, bu il “Heydər Əliyev İli”dir. Biz Heydər Əliyevin 100 illiyini il boyunca qeyd edirik. Ulu Öndərin 100 illiyini hər bir azərbaycanlının ürəyində yaşayan Şuşada qeyd etmək bizim üçün böyük rəmzi məna daşıyır. Bu gün Ulu Öndərin, bizim bu günü görməyən bütün həyatdan gedənlərin ruhları şaddır. Onların ruhlarını şad edən biz olmuşuq, Azərbaycan xalqı olub, onların davamçıları olub.
Azərbaycan xalqı 1993-cü ildə öz müdrikliyini bir daha göstərərək, Ulu Öndər Heydər Əliyevə dəstək verdi, onu prezident vəzifəsinə seçdi və o vaxtdan bu günə qədər inkişaf yolu ilə gedir. Son 20 il ərzində isə bu inkişaf daha da sürətlidir və bütün sahələrdə özünü göstərir.
Ölkə başçısı bildirdi ki, vaxt var idi nəinki Xankəndidə, Qarabağda, Bakıda, Gəncədə, İrəvanda, Göyçədə, Zəngəzurda, Dərələyəzdə, Basarkeçərdə azərbaycanlılar və ermənilər dostluq şəraitində yaşayırdılar. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə bölgənin, kənd təsərrüfatının inkişafı üçün 1976-cı ildə Sərsəng su anbarı, Suqovuşan su anbarı inşa edilmişdi. O vaxt böyük investisiyalar qoyulmuşdu. Ağdamdan Xankəndiyə dəmir yolu çəkildi, burada ali məktəb yaradıldı və Xankəndidə bu gün olan binaların mütləq əksəriyyəti məhz o illərdə inşa edilmişdir. Kənd təsərrüfatı inkişaf edirdi.
1987-ci ildə Ulu Öndər Heydər Əliyev öz vəzifəsindən kənarlaşdırılandan və Sovet İttifaqı Kommunist Partiyasının büro üzvlüyündən çıxarılandan iki həftə keçməmiş erməni millətçiləri məsələ qaldırmışdılar ki, Dağlıq Qarabağ Muxtar Vilayəti Azərbaycandan Ermənistana verilsin.
Cəmi altı il Azərbaycan Heydər Əliyevsiz qalmışdır və bu altı il bizim üçün faciəvi, böhranlı, utancverici illər kimi tarixdə qaldı, torpaqlar işğal altına düşdü. Azərbaycanın dövlət müstəqilliyini qoruyan məhz Ulu Öndər Heydər Əliyev oldu. Ulu Öndər Heydər Əliyevin dühası, onun siması, Heydər Əliyev amili Azərbaycan xalqının yardımına yetişdi və biz haqlı olaraq Ulu Öndəri Xilaskar adlandırırıq.
Prezident İlham Əliyev müraciətinin sonunda Ermənistandakı revanşist qüvvələrə mesaj göndərərək bildirdi ki, biz istədiyimizə nail olduq. Azərbaycan xalqının onilliklər ərzində olan arzuları çin oldu. Azərbaycan xalqının ləyaqəti bərpa olundu. Biz torpaqlarımızı geri qaytarmışıq və ərazi bütövlüyümüzü bərpa etmişik. Ermənistanın bütün revanşist qüvvələri mövcud reallığı qəbul etməlidir.
Jalə Əhmədova-Milli Məclisin deputatı