Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və layihəsi ilə hazırlanan «Şuşa Türk dünyasının mədəniyyət paytaxtı» adlı 5 dilli (Azərbaycan, Özbək, Türk, İngilis və Rus) ensiklopedik nəşr çapdan çıxıb.
Məlum olduğu kimi 2022-ci ilin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən «Şuşa ili» elan edilməsi haqqında Sərəncam imzalanmış, 2022-ci il martın 31-də isə Türkiyə Respublikasının Bursa şəhərində TÜRKSOY-a üzv ölkələrin Mədəniyyət Nazirləri Daimi Şurasının Qərarı ilə qədim muğam- sənət beşiyi olan Şuşa şəhəri 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilmişdir.
Newscenter.az xəbər verir ki, ensiklopedik-məlumat kitabının hazırlanmasında əsas məqsəd və qayə “Türk dünyasının mədəniyyət paytaxtı - Şuşa haqqında məlumatları müfəssəl şəkildə bir mənbədə toplamaq istəyi və zərurətidir. Nəşrdə təkcə Şuşanın keçmişi, işğaldan əvvəlki dövrü ilə bağlı deyil, onun azad olumasından sonrakı dövrünə aid məlumatlar da yer almaqdadır.
Daşkənddəki “Niso Poligraf” nəşriyyatında çap olunan nəşrdə Azərbaycanın qədim şəhəri, mədəniyyət paytaxtı olan Şuşa haqqında ən vacib faktlar və məlumatlar öz əksini tapmışdır. Şuşanın tarixi, mədəniyyəti, incəsənəti, ədəbi mühiti, elm, təhsil, nəşriyyat, tanınmış mədəniyyət, incəsənət, ədəbiyyat xadimləri, ictimai siyasi həyatı, iqtisadiyyatı, tarixi, dini abidələri, tikililəri, təbiəti, turizm məkanları, azad Şuşada aparılan quruculuq işlərinə dair məlumatlar, fotoşəkillər yer alıb.
Ensiklopedik nəşrdə Şuşada keçirilən beynəlxalq tədbirlər, Özbəkistanda və Türkiyədə Türk dünyasının mədəniyyət paytaxtı ilə bağlı reallaşdırılan layihələr öz əksini tapmışdır.
Nəşrdə qeyd olunur ki, Şuşa ili və Şuşanın Türk dünyasının mədəniyyət paytaxtı elan edilməsi ilə əlaqədar Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzi bir sıra layihələr həyata keçirib: ilk dəfə olaraq XIX əsrdə Şuşada fəaliyyət göstərmiş «Məclisi- fəramuşan» poeziya məclisi iki ölkənin gənc şairləri arasında yenidən bərpa edilmiş, Şuşa şəhər kitabxanası ilə Özbəkistanın Turon kitabxanası arasında «qardaş kitabxanalar» haqqında müqavilə imzalanmış, Turon kitabxanasında «Şuşa guşəsi» yaradılmış, Termiz Dövlət Universitetində «Xurşidbanu Natəvan adına Azərbaycan Ocağı» fəaliyyətə başlamış, Azərbaycanın Şuşa və Özbəkistanın Xivə şəhərlərinin qardaşlaşması layihəsi hər iki şəhər rəhbərinin imzası ilə reallaşdırılmış, Özbəkistan səhnəsində müsəlman Şərqində ilk operanın müəllifi, dünya şöhrətli şuşalı bəstəkar Üzeyir Hacıbəyovun əsərlərindən ibarət konsertlər təşkil edilmiş, Azərbaycan şairəsi, Qarabağ xanının qızı, Şuşada yaşayıb yaratmış Xurşidbanu Natəvanın şeirlərinin özbək dilinə tərcüməsi və nəşri reallaşdırılmış, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə birlikdə «Özbəkistanda Şuşa günləri» adlı silsilə tədbirlər keçirmişdir.
Azərbaycan Mədəniyyət Mərkəzinin Şuşa ilə bağlı növbəti layihəsi olan «Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı» adlı ensiklopedik-məlumat kitabının Azərbaycan, Özbək, Türk dillərində, habelə İngilis və Rus dillərində nəşri Azərbaycan mədəniyyətinin məbədgahı, Türk dünyasının mədəniyyət paytaxtı Şuşanın tarixi, mədəniyyəti, turizmi, onun bəşər mədəniyyətinə verdiyi töhfələri nəinki Türk dövlətlərinə, dünyaya çatdırmağa xidmət edir.
Azərbaycan Mədəniyyət Mərkəzindən verilən məlumata görə «Şuşa Türk dünyasının mədəniyyət paytaxtı» adlı 5 dilli ensiklopedik nəşrin Özbəkistanda geniş təqdimat mərasimləri planlaşdırılır.
Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə yaxın günlərdə Özbəkistanın Xarəzm vilayətində keçiriləcək Dostluq günləri tədbirləri çərçivəsində «Şuşa Türk dünyasının mədəniyyət paytaxtı» adlı 5 dilli ensiklopedik nəşrin təqdim edilməsi nəzərdə tutulub.
R.Mehdiyeva