Tezliklə İranda 3+3 formatında (Azərbaycan, Türkiyə, Rusiya, İran, Ermənistan, Gürcüstan) xarici işlər nazirləri səviyyəsində görüşün keçiriləcəyi deyilir. İndiki məqamda belə bir görüşün keçirilmə xəbərinin yayılması diqqət çəkir.
İlk öncə onu qeyd edim ki, “3+3” formatının təşəbbüskarı Azərbaycandır. Formatın yaradılmasında ən böyük dəstəkçi və maraqlı olan tərəf isə Türkiyədir. Rusiyanın da prosesə marağı və diqqəti hər zaman pozitiv olub.
“3+3” formatı mahiyyət etibarilə, regional inkişaf və əməkdaşlıq, habelə mövcud münaqişələrin həll edilməsi baxımından müsbət perspektiv vəd edirdi. Təəssüf ki, indiyədək bu formatda arzuolunan səviyyədə görüş baş tutmayıb. Bunun isə birdən çox səbəbi var.
Misal üçün 2021-ci il dekabrın 10-da Moskva şəhərində Azərbaycan, Ermənistan, Türkiyə, İran və Rusiyanın iştirakı ilə Cənubi Qafqazda “sülhün və sabitliyin təmin edilməsi” məsələlərinə həsr olunmuş “3+3” formatında keçirilən regional platformanın ilk toplantısı baş tutsa da bu, tam olaraq “3+3” formatı görüşü olmadı. Çünki Gürcüstan görüşdə iştirak etmədi.
Əslində rəsmi Tiflis Rusiya faktoruna görə “3+3” platformasında iştirak etmədi. Mövcud Abxaziya və Cənubi Osetiya problemlərinə Kremlin müdaxilə etməsi və iki ölkə arasında yaxın keçmişdə yaşanan qısamüddətli müharibə Tiflisi platformadan uzaq tutdu. Lakin rəsmi Bakı və Ankara iki ildir ki, Tiflisi platformada iştiraka razı salmağa çalışır.
Əslində “3+3” formatının üzərinə götürdüyü missiyalar Gürcüstana da fayda verə bilər. Bakı-Ankara-Moskva xəttinin “3+3” formatında maraqlı olması Gürcüstan ilə Rusiya arasında buzları əridə bilər. Bu həm də o baxımdan vacibdir ki, Gürcüstan gələcəkdə “3+3” formatı çərçivəsində Abxaziya və Cənubi Osetiya problemlərinin həll edilməsi istiqamətində mühüm nailiyyətlər əldə edə bilər.
İranda baş tutacaq görüşdə Gürcüstanın iştirak etməsi çox vacibdir. Məsələ ondadır ki, 3+3 formatına isti baxmayan iki tərəfdən biri Ermənistan görüşdə iştirak edəcəyini bildirib. Düzdür, Ermənistanın Baş naziri Nikol Paşinyan Avropa Parlamentində sülhə dair qeyri-müəyyən ritorika ilə çıxış etsə də, onun müəyyən mənada yola gəldiyi də görünür. Rəsmi İrəvan Bakının regional məsələləri regional müstəvidə müzakirə etmək istəməsinə uzun müddət qarşı gələ bilməyəcəyini yaxşı bilir. Azərbaycanın regionda reallıq yarada bilmək qabiliyyəti Paşinyanın fikrini dəyişən faktorlardandır.
İrana gəldikdə isə Tehran İranın sərgilədiyi destuktiv mövqe səbəbi Azərbaycan səfirliynə edilən hücum iki ölkə münasibətlərini qopma həddinə gətirib çıxartmış, bu da öz növbəsində format çərçivəsində görüşləri təxirə saldırmışdı.
Ümumiyyətlə İran Azərbaycanın Zəngəzur ilə bağlı irəli sürdüyü təklifləri düzgün anlamır və bunu özünə qarşı təhdid elementi kimi görür. Lakin son zamanlar iki dövlət arasına münasibətlərin normallaşma səyləri, habelə təmasların qurulması İranın da “3+3” formatına baxış bucağını dəyişdi. Uzun zaman sonra ilk görüşün məhz Tehranda baş tutması da İrana edilən bir jestdir. Gürcüstanda görüşdə iştirak etsə “3+3” formatında ilk uğurlu görüş baş tuta bilər.
İndiki məqamda “3+3” formatını vacib edən bir sıra mühüm məqam var;
1. Azərbaycan-Ermənistan sülh prosesi ilə bağlı əsas maneələrin aradan qalxması sülh istiqamətində regional müstəvidə münbit şəraitin yaranması;
2. Azərbaycan və Türkiyə strateji müttəfiqliyi Rusiyanın regional maraqlarını bu müttəfiqlik üzərindən qorumaq istəməsi İranında prosesdən kənarda qalmaq istəməsi;
3. Zəngəzur ətrafında proseslərə günbəgün yeni qüvvələrin, güclərin qoşulmaq istəməsi və regional oyunçuların kənar qüvvələrə pay vermək istəməməsi;
Turan Rzayev-politoloq