
"Klassik, ənənəvi media quruluşlarının get-gedə nüfuzdan düşməsinin, səhnədən çəkilməsinin və iflasa uğramalarının səbəbi təkcə rəqəmsal texnologiyaların, sosial medianın önə çıxması və ya və süni intellekt epoxasına keçid etməyimizdirmi? Təbii ki, bu amillərin də hər birinin müəyyən təsiri var. Lakin dünyaca məşhur bir çox qəzet və telekanalların (o cümlədən, "Vaşinqton Post", "Le Mond", BBC və digərlərinin) bu gün sürətlə nüfuz itirməsinin bir səbəbi də onların qeyri-obyektivliyi, qərəzliliyi və "feyk xəbər" siyasətinə üstünlük vermələri ilə bağlıdır. Və bunun ən bariz örnəklərindən biri də məhz "CNN World" xəbər kanalıdır".
Newscenter.az xəbər verir ki, bunları Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov deyib. O bildirib ki, adı çəkilən telekanal bu gün (5 iyun tarixində) özünün internet səhifəsində ölkəmizlə bağlı tamamilə əsassız şayiə dərc etməklə, qarayaxma üsuluna əl atmaqla ucuz "sensasiya" yaratmağa, öz reytinqini artırmağa cəhd göstərib:
"Belə ki, onun dərc etdiyi "məqalə"də Azərbaycan ərazisinin guya İrana qarşı hərbi və ya kəşfiyyat əməliyyatları üçün istifadə edilməsi, habelə İsrailə məxsus hərbi qüvvələrin Azərbaycan ərazisində yerləşdirilməsi barədə sərsəm iddialar, əsassız böhtanlar yer alıb. Xaricdəki bəzi dırnaqarası "azərbaycanlı" söyüş blogerləri də CNN-in bu misilsiz həyasızlıqla yol verdiyi təxribatdan sevincək olub və həmin feyk xəbəri ""CNN sirləri açdı: "İsrail İrana qarşı Azərbaycandan istifadə edib"" kimi "qışqıran" başlıqlarla tirajlayıblar.
Halbuki “İsrail müharibə zamanı Azərbaycandan İrana qarşı hücum edib” kimi cəfəng iddiaların heç bir real əsası yoxdur. Çünki bu iddianın gerçəkliyini təsdiqləyən danılmaz sübutlar, faktlar, dəlillər də yoxdur. Görünən budur ki, "CNN World" Azərbaycana qarşı açıq şəkildə sifarişli təxribata yol verib. Bu təxribatın sifarişinin arxasında hansı qrupun və ya qüvvənin dayandığı sözsüz ki, müəyyən araşdırmalardan sonra bəlli olacaq. Amma o sifarişi verən naməlum qüvvə də və elə CNN-in rəhbərliyi də, əslində, çox gözəl bilirlər ki, Azərbaycan indiyə qədər heç vaxt öz ərazisindən qonşu ölkələrə qarşı hərbi əməliyyatlar üçün istifadə edilməsinə imkan verməyib. Bunu İran rəhbərliyi də yaxşı bilir".
Komitə sədri deyib ki, CNN-in bu cür qeyri-peşəkarlığa yol verərək əsassız iddialarla çıxış etməsi və Azərbaycanı hədəf alması sadəcə olaraq "bulanlıq suda balıq tutmaq" məqsədi daşıyır:
"Pərdə arxasındakı sifarişçilər yəqin ki, bu yolla regionda yeni bir gərginlik ocağı yaratmaq və İranla Azərbaycan arasında süni qarşıdurma yaratmaq məqsədini güdürlər. Ancaq CNN-in rəhbərliyi dərk etməlidir ki, bu cür məsuliyyətsiz iddialarla çıxış etmək heç bir KİV-ə nüfuz gətirməz. Mətbuat şərin dəstəkçisi, kirli oyunların aləti kimi çıxış etməməlidir. CNN kimi media quruluşları, əslində, bu cür saxta "xəbər"lərlə birbaşa öz imiclərinə zərbə vururlar".
Süleyman












































