"İsrail və HƏMAS arasında yaşanan genişmiqyaslı hərbi toqquşmaların regional müstəvidə proseslərə nə dərəcədə təsir edəcəyi beynəlxalq gündəm üçün öz aktuallığını qorumaqdadır. Münaqişənin alovlanması təkcə İsrail-Fələstin aspektindən deyil, Yaxın Şərqdəki digər mümkün eskalasiyaya ssenarilərinin baş qaldıracağı risqini artırır. Çünki proseslərin dərin strateji məntiqinə enərsək aydın şəkildə müşahidə olunur ki, bölgədəki oyunçularla digər regionlarda olan əsas oyunçular eynilik təşkil edir".
Newscenter.azın xəbərinə görə, bu fikirləri səsləndirən AVP sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi Pərviz Mirizadə deyib ki, indiki məqamda Yaxın Şərq ABŞ, Rusiya, Böyük Britaniya, Çin, İsrail, Türkiyə, Səudiyyə Ərəbistanı, İran kimi güclərin maraq dairəsində olduğu üçün onların toqquşan və kəsişən geostrateji maraqları regionun vizyonunu şəkilləndirir:
"Təbii ki, hadisələrin hansı istiqamətdə inkişaf etməsi ölkəmizdə xüsusi diqqətlə izlənilir. Rəsmi Bakı münaqişənin yalnızca sülh yolu, beynəlxalq hüququn tələblərinə uyğun həllinin və paytaxtı Şərqi Qüds olan Fələstin dövlətinin qurulması arzusundadır. İstənilən halda İsrail-Fələstin münaqişəsi bir sıra səbəblərdən dolayı, ən əsası dini prizmadan baxdıqda həssas mövzu olduğu üçün cəmiyyət daxilində fikir ayrılıqları mövcuddur. Lakin Azərbaycan öz dövlət maraqları kontekstindən münaqişə ilə bağlı neytrallığını qorumağı bacarır və bu belədə olmalıdır. Çünki dövlət ağılı deyilən bir reallıq var və həmin işlər duyğularla həyata keçirilmir. Hesab edirəm ki, proseslərlə əlaqədar sərgilədiyimiz mövqe həm İsraillə, həm də İslam dünyası ilə münasibətlərimizə xələl gətirməyəcək".
AVP rəsmisi deyib ki, toqquşmalar başlayandan bəri istər münaqişə tərəfləri, istərsədə digər region dövlətləri ilə sıx diplomatiya əlaqələri quran ölkələrdən biri də, qardaş Türkiyə Cumhuriyyətidir:
"Türkiyə hərbi gərginliyi bəhanə edərək Şərqi Aralıq dənizinə donanma ünsürlərini göndərən, bölgədə özünün strateji maraqlarının təmininə çalışan ABŞ-ın həyata keçirdiyi siyasətdən olduqca narahatdır. Onlar bilirlər ki, Vaşinqton Türkiyə ilə sərhəddə terror dövləti qurmaq arzusundadır və İsrail-HƏMAS gərginliyinin pərdəarxası məqamları bir istiqamətdə bu planların icrasına yönəlib. Digər tərəfdən isə prosesin həllində aktivlik nümayiş etdirmək Ankaranın İslam dünyasına liderlik etmək strategiyası baxımından olduqca əhəmiyyətlidir. Həqiqətən də Qəzza-Fələstin cəbhəsində Türkiyəyə yönəlik ümidlər yüksəkdir. Lakin müşahidələrimiz əsasında onu da qeyd etməliyik ki, Ankaranı münaqişəyə cəlb etmək və Yaxın Şərq bataqlığına sürükləmək istəyən qüvvələr də kifayət qədərdir. Lakin Türkiyənin dərin dövlət ənənələri onları məsələlərə peşəkarlıqla, səbirlə yanaşmağa sövq edir".
Anar Əliyev