"İşğal dövründə ölkəmizə məxsus 167 faydalı qazıntı yatağından 52-si heç bir ekoloji norma gözlənilmədən vəhşicəsinə istismara məruz qalıb. Tarixi torpaqlarımızın işğaldan azad olunması bu ərazilərdə bərpa prosesinin başlanmasına, ölkədə dağ-mədən sənayesinin potensialının genişləndirilməsinə zəmin yaradıb".
Newscenter.az xəbər verir ki, bu fikirləri ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Beynəlxalq Geologiya- Mədənçilik Forumunda çıxışı zamanı deyib.
Nazirin sözlərinə görə, bu ərazilərdə iqtisadiyyatın bərpasında böyük rol oynayan zəngin təbii mineral ehtiyatlar var və bu bölgələrimizin yerli və xarici investisiyalar cəlb edilməklə ölkənin ümumi iqtisadı sisteminə inteqrasiyası və burada iqtisadi fəallığın təmin olunması mühüm əhəmiyyət kəsb edir.
"Şərqi Zəngəzur və Qarabağ iqtisadi bölgəsinin gələcək iqtisadiyyatında dağ-mədən sənayesi mühüm yer tutacaq, regionun dirçəldilməsinə, yeni iş yerlərinin yaradılmasına, ölkənin ixrac potensialının artırılmasına önəmli töhfə verəcək", - M.Babayev vurğulayıb.
O bildirib ki, forum dağ-mədən sənayesində yeni innovativ yanaşmaların öyrənilməsi, daxili və xarici investorların bu sahəyə investiya yatırımına təşviq edilməsi, ölkəmizin bu sahədə mövcud imkanları və prespektivlərinə dair xarici və yerli qonaqların məlumatlandırılması və əməkdaşlıq potensialının yaradılması məqsədi daşıyır: "Forumdan əsas gözləntilərimiz Azərbaycanın dağ-mədən sənayesinin bu sahədə dünyada mövcud yeni yanaşmalara adaptasiyası, bir platforma çərçivəsində beynəlxalq və yerli şirkətlərin və mütəxəssislərin görüşünün təşkili, yeni yanaşmaların və texnologiyaların tətbiqinə dair fikir mübadiləsi və əməkdaşlıq, həmçinin işğaldan azad olmuş ərazilər daxil olmaqla, dağ-mədən sənayesi üzrə investisiyaların artmasıdır".
Sona