Azərbaycan ədəbiyyat tarixində divan janrının ən məşhur siması, orta əsr Azərbaycan şairi, böyük mütəfəkkir, filosof, türk dünyasının dühası Məhəmməd Füzulinin "İranika Ensiklopediyası"nda "şəxsi və bəşəri məhəbbət faciəsini mistik həsrət və ruhi arzular müstəvisinə qaldırması ilə türk məsnəvi ənənəsinin kulminasiya nöqtəsi" kimi təsvir edilən "Leyli və Məcnun" məsnəvisi və sözü gedən əsərlə Şərq aləmində opera janrının təməlini qoyan şedevr bəstəkar, Azərbaycan professional musiqisində yeni cığırların yaradıcısı, milli bəstəkarlıq məktəbinin təməlini qoyan dahi şəxsiyyət, Azərbaycan bəstəkarları və musiqişünaslarının istedadlı nəslinin müəllimi, musiqişünas, publisist, dramaturq, ictimai xadim, məğrur və müstəqil Azərbaycan Respublikasının Dövlət Himninin müəllifi, Azərbaycan xalqının qəlbində öz adını qızıl hərflərlə yazmağa və 1 əsrdən artıqdır ki, ən ali zirvədə qərar tutmağa qadir olan dahi şəxsiyyət Üzeyir bəy Hacıbəylinin 115 illik tarixə meydan oxuyan, illərin sınağından keçərək günümüzdə də aktuallığını itirməyən "Leyli və Məcnun" operası yeni tərzdə, yeni qələmdə, yeni nəfəs tapıb. Bayat soyundan gələn iki böyük dühanın qələminin vəhdətindən yaranan “Leyli və Məcnun”un motivləri əsasında, rejissor Samir Qulamovun librettosu və quruluşunda hazırlanan “Yeni əsrin yeni Leyli Məcnunu” musiqi və teatr aləmində böyük maraqla qarşılanıb. Azərbaycan Respublikasının Mədəniyyət Naziri cənab Adil Kərimov başda olmaqla bütün musiqi və teatr aləminin iştirak etdiyi tamaşada əsrlər sonra ilk dəfə iki aşiq səhnədə cismən olmasa da, ruhən qovuşub. Dərin fəlsəfi məna kəsb edən klassik əsər yeni rejissor yozumuna əsasən orijinallığını saxlasa da, fərqli təqdimatı, orginalından fərqlənən səhnə tərtibatı, librettosu ilə Azərbaycan tarixində yeni bir ilkə imza atıb.
Tamaşanın bədii rəhbəri Akademik Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayev, quruluşçu dirijoru Əməkdar İncəsənət Xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Vüsal Rəhim, xormeysteri Əməkdar artist Vaqif Məstanov, muğam ifası üzrə məsləhətçisi Xalq artisti Səkinə İsmayılova, solo tar ifaçısıları Əməkdar artist Elxan Mansurov, gənc ifaçılar Səxavət Məmmədov, Cahid Əlizadə, konsertmeysteri Fidan Əliyeva, rejissor assistentləri Prezident mükafatçısı Əmrah Dadaşov və Sevinc Məmmədovadır.
Leyli rolunda VII Muğam Televiziya Müsabiqəsinin qalibi İlahə Rüstəmova, Məcnun rolunda isə respublika və beynəlxalq muğam müsabiqələrinin qalibi Orxan Hüseynli çıxış ediblər. Tamaşanın quruluşçu baletmeysteri Əməkdar artist Emin Əliyev həm də Məcnunun ruhu obrazını canlandırır. Onun tərəf-müqabili - Leylinin ruhu obrazının ifaçısı isə teatrın balet artisti İranə Kərimovadır.
Tamaşada Əməkdar artist Nadir Xasiyev, Prezident mükafatçıları Səmədzadə Xasiyev, Əmrah Dadaşov, artistlər Gülnarə Abdullayeva, Təranə Əliyeva, Bacıxanım Sadıqova, İbrahim Əlizadə, Emin Zeynallı, Əli Kərimov, Murad Əliyev, Böyükxanım Məmmədova, Mirzəhra Muradova, Aydan Əliyeva, eyni zamanda teatrın xor və balet heyətinin üzvləri iştirak ediblər.
Dahi Füzulinin qələmi, musiqi dünyasının dühasi Ü.Hacıbəylinin əsrarəngiz musiqisi və Ceyhun Hacıbəyovun librettosu ilə 100 ildən artıqdır aktuallığını itirməyən opera dünənin, bu günün və təəssüf ki bəlkə də sabahın acı reallığını özündə əks etdirir. Musiqisi ilə, əlavə edilən rəqslərlə müasir günümüzə uyğunlaşdırılan tamaşa günümüzlə, klassik ənənələrin vəhdətini özündə cəm etməyə nail olub. “Yeni əsrin yeni Leyli Məcnunu” adlandırdığım yeni versiyada Leyli və Məcnunun ruhları tamaşaya daha dramatik abu-hava qatıb. Sonda ruhlarının qovuşması isə güman ki, əsrlərdir dillərə dastan olan nakam məhəbbətin tarixində bir ilk idi..
Tamaşaya əlavə edilən Füzuli obrazı əsərin dramatik mahiyyətinin açılmasında böyük əhəmiyyət kəsb edirdi. Füzuli obrazının böyük məharətlə canlandıran Prezident mükafatçısı Əmrah Dadaşov, Leyli və Qeysin ölüm səhnələrində göstərdiyi yüksək performansla mənə Anna Karenina əsərini yazarkən Annanın ölümündə məhv olan yazar L.Tolstoyu xatırlatdı. Dahi mütəfəkkirin əsrlər əvvəl qələmə aldığı əsəri yazarkən keçirdiyi hiss və düşüncələri duymaq və bunu səhnədə canlandırmaq fikri olduqca maraqlı təşəbbüs idi.
Yeni yozumu ilə səhnələşdirilən əsəri klassikləşən “Leyli və Məcnun”la müqayisə etmək zənnimcə düzgün olmazdı. Lakin bu tamaşada oyunun ifadan daha ön planda olduğunu vurğulamaq mütləqdir. Hansı ki, bu iki gəncin nakam məhəbbətinin verdiyi ağrı acını daha dərindən hiss etməyə imkan yaradırdı. Leyli və Məcnun rollarının ifaçıları İlahə Rüstəmova və Orxan Hüseynlinin bu obrazlarda ilk çıxışları idi. Oyunları daha ön planda idi və ilk ifa üçün bu işin öhtəsindən layiqli şəkildə gəldiklərini demək yerinə düşərdi.
Bir musiqişünas olaraq 1 əsrlik tarixə meydan oxuyan bu operanın yeni nəfəs tapması bütün musiqi aləmi kimi məni də olduqca sevindirdi. Ona görə yox ki, əsərin yenidən can tapması klassikləşən “Leyli və Məcnun”u tamaşaçıya yenidən xatırladacaq. Bəşər övladının ruhunda sənət sevgisi var olduqca İslam dünyasının ilk operası nəinki ölkəmizdə bütün dünyada daima xatırlanacaq və dünyanın ən prestijli opera salonlarını bəzəməyə davam edəcək. Şadam ona görə ki, ənənəvi musiqiyə, klassikləşən sənətə yeni aspektdən yanaşa bilənlər və professional Azərbaycan musiqisini doğru şəkildə təbliğ və təqdim edənlər var.
Tamaşa 18 noyabr 19:00 da Azərbaycan Dövlət Akademik Musiqili Teatrında yenidən səhnələşdiriləcək. Mütləq gedib o sehrli aləmə səyahət edin. Qoyun sənət yaşasın!.
Musiqişünas, Musiqi tənqidçisi Zeynəb Bağır