Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Tam əminliklə deyə bilərik ki, Türk Əsri başlayıb

Tam əminliklə deyə bilərik ki, Türk Əsri başlayıb


Tanrı bizə həqiqətən də böyük tarixi hadisələrə şahidlik etməyi nəsib edib. Bir zamanlar xəyalını qurduğumuz hədəflər, ideyalar, istəklər indi gözlərimizin önündə gerçəkliyə çevrilir. Bizi böyük Türk birliyinə - Turana doğru aparan Türk Dövlətləri Təşkilatının (TDT) gün-gündən daha da inkişaf edib güclənməsi də illər öncəki ən böyük hədəflərimizdən biri idi. Bu gün isə artıq bu təşkilatın 10-cu yubiley Zirvə görüşü baş tutur.

Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında noyabrın 3-də Qazaxıstanın paytaxtı Astanada 10-cu yubiley Zirvə görüşünün keçirilməsi həqiqətən də böyük tarixi hadisədir. Zirvə görüşündə çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev də Türk Dövlətləri Təşkilatının böyük siyasi çəkiyə və nüfuza malik olduğunu qeyd etdi. Etnik və mədəni köklərimizin, dilimizin, ortaq keçmişimizin münasibətlərimizin təməlini təşkil etdiyini və dostluğumuzun, qardaşlığımızın əbədi olacağına əminliyini vurğulayan dövlətimizin başçısı bildirdi ki, biz böyük Türk dünyasının bir hissəsiyik və Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzu daha da artacaq: “2009-cu ildə Naxçıvan Zirvə görüşündən ötən müddət ərzində müxtəlif sahələrdə əməkdaşlığımız təsisatlanıb, Türk Dövlətləri Təşkilatı uğurlu inkişaf yolu keçib. Bu gün təşkilatımız beynəlxalq səviyyədə böyük siyasi çəkiyə və nüfuza malikdir”.

Son 2 ildə Qazaxıstana üçüncü dəfə və ümumən Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi dövlətlərə 20 səfər həyata keçirdiyini vurğulayan dövlətimizin başçısı qardaş dövlətlərin rəhbərlərinin də ötən dövr ərzində Azərbaycana çoxsaylı səfərlər etdiklərini vurğulayıb. Dövlət başçımız bunu ona görə qeyd etdi ki, türk dövlət başçılarının bu cür qarşılıqlı səfərləri qardaş ölkələr arasında inteqrasiyanı daha da sürətləndirir, çoxşaxəli əlaqələrin möhkəmlənməsinə əlavə stimul verir.

Sevindirici haldır ki, bu gün demək olar ki, bütün türk dövlətləri sıx əməkdaşlığa maraqlı olduqlarını bildirir. Ona görə də TDT çərçivəsində baş tutan dialoq və inteqrasiya proseslərinin ümumtürk birliyi üçün yeni imkanlar yaradacağı şəksizdir. Hazırda dünyada baş verən qlobal böhranlara qarşı birgə mübarizə aparmaq zərurəti, həmçinin mürəkkəb geosiyasi təlatümlər nəticəsində qarşılaşdığımız çağırışlar qütbləşməni, təmərküzləşməni və böyük transformasiyaları qaçılmaz edir. Türk Dövlətləri Təşkilatı da məhz bu transformasiyanın təzahürüdür.

Bizim TDT çərçivəsində birliyimiz qarşılaşa biləcəyimiz qlobal geosiyasi, geoiqtisadi çağırışlara birlikdə hazırlıqlı olmağımız üçün bütün imkanları yaradır. Hazırkı qlobal geosiyasi durum qardaş türk xalqlarının xüsusən də iqtisadi potensialının və hərbi gücünün artırılması üçün öz səylərini birləşdirməsini vacib edir. Bu baxımdan, 10-cu Zirvə görüşü çərçivəsində imzalanacaq sənədlərin türk dövlətlərinin çoxşaxəli əməkdaşlığında yeni səhifə açacağına əminik.

Azərbaycan Prezidenti Zirvə görüşündəki çıxışında bu gün bir sıra ölkələrin beynəlxalq hüquq normalarını kobudcasına pozmasını təəssüf hisilə qeyd etdi: “Əfsuslar olsun ki, bu gün dünyanın müxtəlif bölgələrində beynəlxalq hüquq normaları kobudcasına pozulur. Müharibələr, qanlı münaqişələr alovlanır. Belə olan halda, ilk növbədə, ölkələrin müdafiə potensialı təhlükəsizliyin əsas zəmanətinə çevrilir. Hesab edirəm ki, üzv ölkələr arasında təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə əməkdaşlıq daha da artmalıdır”. Təhlükəsizlik və müdafiə sahələrində əməkdaşlığın daha da artırılması bütün TDT üzvləri üçün zəruri məsələyə çevrilib. Bu istiqamətdə sıx əməkdaşlığımız istənilən xarici təhdidlərin qarşısını birlikdə almağımıza imkan verəcək.

Dövlətimizin başçısı Ermənistanın da beynəlxalq hüququ kobudcasına pozan ölkələrdən biri olduğunu və rəsmi İrəvanın Azərbaycan ərazilərində separatçılığı, terrorizmi dəstəklədiyini Zirvə görüşünün iştirakçılarının diqqətinə çatdırdı. 30 ilə yaxın müddət ərzində Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxlamış və burada qeyri-qanuni qondarma rejim yaratmışdı. Lakin Ermənistanın işğalçı siyasəti və separatçılığı dəstəkləmək üçün atdığı bütün təxribatçı addımları sonda onun ağır məğlubiyyəti ilə nəticələndi. Belə ki, 2023-cü il sentyabrın 19-da işğaldan azad edilmiş torpaqlarımızda Azərbaycan konstitusiya quruluşunun bərpası və qanunsuz hərbi birləşmələrin zərərsizləşdirilməsi məqsədilə həyata keçirilən və 23 saat ərzində bitən lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmiz özünün suverenliyini və konstitusiya quruluşunu tam bərpa etdi.

İkinci Qarabağ müharibəsi başa çatdıqdan dərhal sonra Azərbaycanın işğaldan azad olunmuş ərazilərində genişmiqyaslı bərpa-quruculuq işlərinə başlanıldığını bildirən Prezident İlham Əliyev hazırda “Böyük Qayıdış” proqramını icra etdiyimizi və artıq keçmiş məcburi köçkünlərin - bu torpaqların əsl sahiblərinin Laçın və Füzuli şəhərlərinə və üç kəndə qayıtdığını da diqqətə çatdırdı. 2026-cı ilin sonunadək Qarabağa və Şərqi Zəngəzura 140 mindən artıq insanın geri dönməsi nəzərdə tutulur. Ermənistan tərəfindən həyata keçirilmiş etnik təmizləmə siyasəti nəticəsində öz dədə-baba yurdlarından qovulmuş 1 milyondan artıq azərbaycanlının yurd həsrəti artıq bitmək üzrədir.
Cənab Prezident çıxışında həmçinin Füzuli şəhərində inşası başa çatmış məktəbin araya-ərsəyə gəlməsinə verdiyi dəstəyə görə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə və Qazaxıstanın Azərbaycana hədiyyəsi olan, Füzuli şəhərində inşa edilən yaradıcılıq mərkəzinə görə isə Prezident Qasım-Jomart Tokayevə minnətdarlığını bildirdi. O, Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsinə verdikləri dəstəyə görə də bütün türk dövlət başçılarına təşəkkür etdi.

Yubiley toplantısı sayılan 10-cu Zirvə görüşünün bütövlükdə Türk dünyasının yeni inkişaf mərhələsinə qədəm qoymasına təkan verəcəyinə böyük ümid bəsləyirik. İndi tam əminliklə deyə bilərik ki, Türk Əsri başlayıb. Zaman Türk dünyasının xeyrinə işləyir.

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Xəbəri paylaş