Almaniyanın xarici işlər naziri Annalena Berbok Azərbaycana səfər etdi. Səfər bir çox baxımdan diqqət çəksə də xanım nazirin Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla görüşü, mətbuat konfransında dedikləri xüsusi diqqət çəkdi.
Birincisi, A. Berkok bildirib ki, Almaniya hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Lakin buna baxmayaraq xanım nazir çıxışında Şuşa və Xankəndi şəhərinin qondarma rejimin qoyduğu “adları” çəkdi.
Bu Azərbaycan ərazi bütövlüyünə hörmətsizlik, habelə BMT-nin müvafiq qətnamələrinin kobud şəkildə pozulması deməkdir.
Digər tərəfdən nəzərə almaq lazımdır ki, Annalena Berbok kifayət qədər təcrübəli diplomatdır. O, belə həssas mövzuda ciddi səhv edəcək qədər təcrübəsiz insan deyil. Yəni bu məqsədyönlü şəkildə atılmış “diplomatik” addımdır. Təsadüfi deyil ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Annalena Berbokun nə etmək istədiyini dərhal anladı və diplomatik tərzdə “Xanım nazirin istifadə etdiyi ikinci “adlar” mövcud deyil. Ona görə də Azərbaycan hüququna hörmət göstərilsin” iradını bildirdi.
İkincisi, Annelena Berbok birgə mətbuat konfransında deyib ki, Ermənistanda səfərdə olarkən Qarabağdan köçən insanlarla görüşüb və onlar Qarabağa qayıtmaq istədiklərini deyiblər. Alman diplomat cümləsini belə bitirib: “Hesab edirəm ki, Azərbaycan onlara şans tanımalıdır”.
Annelena Berbokun bu sözlərində həqiqət var. Qarabağdan köçən ermənilərin bir çoxu Azərbaycana qayıtmaq istəyir. Lakin qayıtmaq istəyən ermənilərin bir çoxu hələ də “Muxtariyyət”, “təhlükəsizlik üçün beynəlxalq mexanizmin yaradılması” kimi absurd tələblər irəli sürür.
Rəsmi Bakının tələbi isə aydındır: Qarabağdan köçən ermənilər Azərbaycan vətəndaşlığını qəbul edəcəyi təqdirdə geri qayıda bilər. Ermənilərə muxtariyyətin verilməsi məsələsi isə müzakirə mövzusu deyil.
Bundan başqa Almaniya XİN başçısı Azərbaycanın Qarabağ ermənilərinə şans tanımalı olduğunu desə də Ermənistanın Qərbi azərbaycanlılara şans tanımalı olduğunu deməyib. Yəni o, bu məsələdə də qərəzli mövqe sərgiləyib.
Üçüncüsü, xanım nazir özünün Qarabağdan Ermənistana getmiş ermənilərlə görüşünü uzun-uzadı təsvir etsə də ona ünvanlanan azərbaycanlı köçkün və qaçqınlarla görüşüb-görüşmədiyi barədə yanlış və yalan dolu cavab verməklə kifayətlənib.
Annelena Berbok bu gün Bakıda Ermənistandan köçmüş şəxslərlə görüş keçirdiyini desəndə məlum olub ki, əslində, Almaniyanın xarici işlər naziri Bakının "Mənzərə" restoranında vətəndaş cəmiyyətinin bəzi nümayəndələri ilə görüşünə istinad edirmiş.
İşin tragikomik tərəfi isə ondan ibarətdir ki, Almaniya nazirinə qaçqın və məcburi köçkünlərlə görüş üçün təklif verilsə də o, bu görüşdən imtina edib.
Nəticə etibarilə Almaniyanın xarici işlər naziri Annalena Berbokun Azərbaycana səfəri və bu səfər zamanı baş verənlər bir daha onu deməyə əsas verir ki, rəsmi Bakının Qərb formatlarında keçirilən görüşlərdən imtina etməsi doğru addımdır.
Ermənistan ilə Azərbaycan arasındakı mövcud problemlər mütləq şəkildə Azərbaycan Prezidenti İlham Əliyevin də dediyi kimi regional bir platformada həll edilməlidir.
Almaniya və Fransanın mövcud qərəzli, ikiüzlü və manipulyativ mövqeləri dəyişmədiyi təqdirdə Azərbaycan Qərb formatlarında keçiriləcək görüşlərdə iştirak etməməlidir.
Turan Rzayev-politoloq