Bir çox hallarda övladlığa götürülmə prosesi uğurlu sonuclansa da, lakin adətən bir neçə illərdən sonra bunun üstü açılır, yaxud uşaq ona sahib çıxanların doğma valideynləri olmadığını bilir. Bəs, necə etmək lazımdır ki, bu prosesin məxfiliyi qorunsun?
Newscenter.az-ın xəbərinə görə, Azərbaycan Vəkillər Kollegiyasının üzvü, vəkil Vəfa Qədirova deyib ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 130-cu maddəsinə əsasən övladlığa götürmənin sirri qanunla mühafizə olunur. Onun sözlərinə görə, övladlığa götürənlərin, onlar öldükdə isə müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan övladlığa götürmə haqqında hər hansı məlumat vermək, habelə vətəndaşlıq vəziyyəti akt qeydlərindən bu barədə çıxarışlar, şəhadətnamələr və ya arayışlar vermək qadağan edilir:
"Övladlığa götürənin razılığı olmadan övladlığa götürmə sirrini yaymış şəxslər qanunla müəyyən edilmiş qaydada məsuliyyətə cəlb olunurlar. Müvafiq icra hakimiyyəti orqanı uşağı övladlığa götürən şəxslərə 4-6 yaşında olan övladlığa götürülən uşağa psixoloqun və müvafiq icra hakimiyyəti orqanının nümayəndəsinin iştirakı ilə onun övladlığa götürüldüyü barədə məlumat verməsini tövsiyə etmək hüququna malikdir".
Vəkil deyib ki, övladlığa götürülmüş uşaq 10 yaşına çatdıqda onun arzusu ilə müvafiq icra hakimiyyəti orqanı onun övladlığa götürülməsi ilə bağlı məlumatları ona təqdim edir.
İnqilab Süleymanov