Ədalətli müharibədə Azərbaycan Ordusu döyüşə-döyüşə kəndləri, şəhərləri işğaldan azad edirdi. Çarəsizliklə müdafiə olunan düşmən geri çəkilirdi. Noyabrın 8-də Şuşa işğaldan azad edildi. Bu qələbə döyüşləri Vətən müharibəsini sonlandırdı. 8 Noyabr Zəfər günü kimi tarixləşdi. Şuşanın işğaldan azad edilməsi ordumuzun qəhrəmanlığı idi. Şuşanın işğaldan azad edilməsi haqqında rus jurnalisti yazıb: "Belə döyüş, dövlət, vətən sevgisi görən olmayıb! Dağ yuxarı, şəhid olmuş yoldaşı çiynində, döyüşə-döyüşə qan-tər içində qalxırdı Azərbaycan Ordusu. Nə yaralını, nə öləni əldən buraxmırdılar. Nəfəs almadan Şuşaya çıxdılar..."...
Şuşanın işğaldan azad edilməsindən sonra Rusiyanın vasitəçiliyi ilə üçtərəfli Bəyanat imzalandı. Bu bəyanat Azərbaycanın qalibiyyət, Ermənistanın məğlubiyyət sənədi oldu. Bu sənəd Azərbaycanın tarixi Zəfərindən sonra məğlub Ermənistanın öhdəliklərini ifadə edirdi. Bu Zəfər tarixi ədaləti bərpa etdi. Tarixən işğalçı dövlətlər üçün bəyanatlar bəzən vəziyyətdən çıxış yoluna dönür. Ermənistan da bu Bəyanatı belə sənəd etmək istəmişdi. Bacarmadı.Bacarmazdı. Azərbaycan Ordusu 2023-cü ili sentyabrın 19-da lokal xarakterli antiterror əməliyyatı keçirdi, Xoclıda da, Əsgərəanda da, Xankəndidə də Azərbaycan bayrağı dalğalandırdı. Bu, Azərbaycanın ərazi bütövlüyünün tam bərpa edilməsi oldu.
Üçtərəfli Bəyanat rəsmi İrəvanın regionun inkişafına təhdid yaradan işğalçı siyasətinə son qoydu. 30 ildir danışıqlar prosesində Ermənistan nail olmaq istədiklərinin heç birini əldə edə bilmədi və “Böyük Ermənistan” planı fiaskoya uğradı...
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dedi: “Münaqişə artıq başa çatıb və torpaqlarımız işğaldan azad olunub. Azərbaycan Vətən müharibəsindən sonra mövcud status-kvonu özünə sərf edən şəkildə dəyişdi və itirilmiş əraziləri qaytardı”.
Azərbaycan tərəfindən sülh müqaviləsi üçün əsas olan beynəlxalq hüququn beş əsas prinsipi irəli sürüldü: ölkələrin ərazi bütövlüyünün qarşılıqlı tanınması, gələcəkdə ərazi iddialarından çəkinmək, güc tətbiq etməmək və ya güc tətbiq etmək hədəsindən çəkinmək, dövlət sərhədlərinin müəyyən edilməsi və kommunikasiyaların açılması, sərhədlərin delimitasiyası ilə bağlı müvafiq komissiyaların yaradılması. Bu prinsiplər Azərbaycan dövlətçiliyinin dönməzliyini, dövlət olaraq qalibiyyətini, sərhəd bütövlüyünün toxunulmazlığını ifadə edir.
2023-cü il 23 aprel tarixində “Laçın” sərhəd-buraxılış məntəqəsinin qurulması ilə Azərbaycanın ərazi bütövlüyü, əsasən, təmin olundu.
Hər müharibə, müəyyən mənada, döyüş təcrübəsi deməkdir. İkinci Qarabağ müharibəsi təkcə bu xarakterinə görə deyil, həm də strateji-taktiki xarakterinə görə dünyanın iri dövlətlərinin diqqətini çəkib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi, “Yeni nəsil müharibə üsulunu nümayiş etdirmiş Silahlı Qüvvələrimizin təcrübəsi dünya ölkələri tərəfindən öyrənilir. Azərbaycanın əldə etdiyi qələbə və apardığı hərbi əməliyyatlar həm texniki imkanlar, həm də operativ addımlar, əməliyyatların hazırlanması və icra edilməsi baxımından bütün dünyada öyrənilir”.
Prezident İlham Əliyevin 2022-ci il 6 oktyabr tarixində Praqada Avropa İttifaqı Şurasının Prezidenti, Fransa Prezidenti və Ermənistanın baş naziri ilə görüşlərin nəticəsində imzalanmış Bəyanatla Azərbaycanın ərazi bütövlüyü tanındı...
Azərbaycan tolerant, bəşəri dövlətdir. 2020-ci ilin noyabrında qazandığı tarixi Zəfər də tolerantlığın, bəşəriliyin möhkımləndirilməsinin təminatçısı oldu.
Tarixi Zəfərin mübarək, Azərbaycanımız!
Qalibiyyət ordususan, Azərbaycan Ordusu!..
Səbinə XASAYEVA,
Milli Məclisin deputatı