Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qərb istədiyinə nail olub və ona görə də Ukraynaya əvvəlki kimi dəstək verməkdə maraqlı deyil

Qərb istədiyinə nail olub və ona görə də Ukraynaya əvvəlki kimi dəstək verməkdə maraqlı deyil


Rusiya-Ukrayna müharibəsi başlayan ilk vaxtlardan etibarən bu müharibədə qalibin ABŞ və onun Avropa İttifaqındakı müttəfiqləri olacağı aydın idi. Belə də oldu. Ukraynanın NATO-ya üzvlüyünün qarşısını almaq və NATO-nun Rusiya sərhədlərini doğru irəliləməsinə imkan verməmək üçün müharibəyə başlayan Rusiya hər nə qədər Ukrayna ərazilərinin bir qismini ələ keçirməklə Ukraynanın NATO üzvlüyünün qarşısını alsa da nəticə etibarilə Finlandiyanın NATO üzvlüyü ilə bu hərbi Alyans Rusiya sərhədlərində daha da möhkəmlənmiş oldu. Belə ki, Rusiya və NATO-nun ümumi sərhədləri iki dəfəyə yaxın artaraq 1300 kilometrdən çox oldu.

Newscenter.az xəbər verir ki, bu fikirləri səsləndirən politoloq Yusif Bağırzadə deyib ki, Rusiyanın şimal-qərbinin böyük hissəsi, Baltikdən Berensə qədər NATO ilə həmsərhəddir:

"Finlandiya həm də NATO-da Baltik dənizi sahilində yerləşən yeddinci ölkə oldu. Bu isə o deməkdir ki, Rusiyanın Sankt-Peterburqdakı sahil ərazisinə, eləcə də Kalininqrad anklavına girişi daha da daraldı".

Politoloqun sözlərinə görə, əgər buraya Rusiyaya qarşı indiyə qədər görünməmiş sanksiyaları və sanksiyalar nəticəsində Rusiya iqtisadiyyatına olduqca ağır zərbə vurulduğunu, eləcə də gələn ildən etibarən Avropa İttifaqı ölkələrinin Rusiya qazından nə neftindən tam imtinası ilə ölkənin daha ağır duruma düşəcəyini nəzərə alsaq Rusiyanı bu müharibədə qalib kimi görmək mümkün deyil:

"Hətta Rusiya bütün Ukrayna ərazisini işğal etsə belə Rusiyaya vurulan zərər uzun illər ərzində bu ölkənin iqtisadiyyatının müharibədən əvvəlki vəziyyətə gəlməsini mümkünsüz edir".

"Ukrayna isə kollektiv Qərbin dəstəyinə arxalanaraq Rusiya kimi dünyanın aparıcı ordularından birinə malik bir ölkə ilə qeyri bərabər döyüşə girməsinə baxmayaraq Rusiyanın hərbi qüdrətinə kifayət qədər zərbə vurmağı bacardı. Amma bu, Ukraynaya ərazisinin iyirmi fazizindən artığının itirilməsi, ölkəyə misli görünməmiş dağıntılar hesabına baş verdi", deyən politoloq bildirib ki, hətta bu gün müharibənin dayandırılacağını təsəvvür etsək belə Ukraynanın ərazilərinin bərpası üçün milyardlarla dollar vəsait lazımdır:

"Təqribi hesablamalara görə təkcə bərpa quruculuq işləri üçün tələb olunan vəsait 411 milyard dollara çatıb. Ukraynanın hərbi infrastrukturuna 180 milyard dollara qədər ziyan dəyib. Üstəgəl iqtisadiyyatda mənfəət ziyanı 300 milyard dolları keçib. Mən hələ hər iki tərəfdən həyatını itirən əsgər və mülki əhalini demirəm. Qazanan isə ABŞ və müttəfiqləridir. Onlar üçün lazım olan Rusiyanı uzun müddətli bataqlığa sürükləməklə zəiflətmək idisə buna nail oldular. Məqsədləri NATO-nu Rusiyaya daha da yaxınlaşdırmaq idi, ona da nail oldular. Bununla da Rusiyanın Ukrayna bataqlığında ilişib qalmasından istifadə edərək onun maraq dairəsinə olan digər ərazilərdə mövqelərini də zəiflətdilər".

Yusif Bağırzadə sonda bunları qeyd edib:

"Bu gün Rusiyanın Cənubi Qafqazda öz mövqelərini hər keçən gün daha da itirdiyi buna əyani misaldır. Başqa sözlə desək Qərb artıq istədiyinə nail olub. Ona görə də Ukraynaya əvvəlki kimi dəstək verməkdə də maraqlı deyil. ABŞ-ın rəsmi Kiyevə verdiyi hərbi dəstəyi faktiki olaraq azaltması, NATO ölkələrinin “silah istehsalımız Ukraynann tələbatlarını ödəmir və bundan artığı mümkünsüzdür” kimi bəyanatları da məhz onun nəticəsidir".

Anar Əliyev
Xəbəri paylaş