Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan hələ çox uğurlara imza atacaq

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan hələ çox uğurlara imza atacaq


Bu gün hakim partiyanın növbəti təqvim ilinin tamam olduğu gündür. Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasından 31 il ötür. Biz bu münasibətlə partiyanın sədri, Prezident və Müzəffər Ali Baş Komandan İlham Əliyev başda olmaqla, YAP-ın bütün rəhbərliyini və çoxsaylı üzvlərini təbrik edir, yeni uğurlar diləyirik.

Bu partiya ilk növbədə Ulu Öndər Heydər Əliyevin adıyla bağlıdır. Heydər Əliyev kimi dahi şəxsiyyətin qurucusu olduğu Yeni Azərbaycan Partiyası müstəqillik dövrümüzün ən uğurlu partiyası sayılır. YAP-ın bu günkü uğur zirvələrinə yüksəlişi heç də asan və hamar olmayıb. Ölkəmizin bir nömrəli siyasi qurumu ötən 31 il ərzində çoxlu keşməkeşlərdən, mürəkkəb situasiyalardan keçib.

Partiyanın yaranışı müstəqil Azərbaycanın ən təlatümlü illərinə təsadüf edib. YAP-ın təməlini qoyan Ulu Öndər Heydər Əliyev Azərbaycanın “olum, ya ölüm” sualı ilə üzləşdiyi ən kritik məqamda (1992/1993-cü illərdə) ölkəmiz və xalqımız qarşısında məsuliyyətini dərk edərək, vətəndaşlıq borcunu göz önündə tutaraq yenidən böyük siyasətə qayıtdı, gənc Azərbaycan dövlətinə rəhbərlik etmək kimi taleyüklü missiyanı öz üzərinə götürərək ölkəmizi həm vətəndaş müharibəsindən, həm dövlətçiliyin süqutundan, həm iqtisadi fəlakətdən, həm də təcavüzkar Ermənistanın daha böyük ərzilərimizi işğal etməsindən qorudu. Bir sözlə, Ulu Öndər həlledici məqamda dövlətimizin varlığını qoruyub saxladı və gələcək inkişafımızın təməllərini qoydu, “yol xəritəsi”ni cızdı.

Ulu Öndər yenicə müstəqilliyini qazanmış bir ölkəni ayaqda saxlamağın və onu sağdan, soldan, ən müxtəlif istiqamətlərdən gələn geosiyasi təhlükələrdən, keçmiş imperiyanın təhdidlərindən, bədxah qonşularımızın təxribatlarından qorumağın heç də asan olmadığını yaxşı bilirdi. Lakin Heydər Əliyev ömrünü mübarizələrdə keçirmiş, böyük siyasi təcrübəyə malik bir şəxsiyyət idi. O, Azərbaycanın qarşılaşdığı siyasi gərginlikləri, iqtisadi böhranı, xarici təhdidləri önləmək və çıxış yollarını tapmaq üçün inam və qətiyyətlə mübarizə aparmaqdan çəkinmədi.

“Əsrin müqaviləsi” kimi nəhəng neft sazişinin həyata keçirilməsinə nail olmaqla Azərbaycan üçün həm siyasi zəmanət əldə edən, həm də iqtisadi inkişafın təməlini qoyan Ulu Öndər həmçinin İlham Əliyevin şəxsində peşəkar siyasətçi və layiqli varis yetişdirməklə də xalqımıza ən böyük xidmətini göstərmiş oldu. Təsadüfi deyil ki, Ulu Öndər 2003-cü ildə Azərbaycan xalqına etdiyi tarixi müraciətində bu məqamı xüsusi olaraq vurğulayaraq tam əminliklə bildirmişdi ki, onun axıra çatdıra bilmədiyi taleyüklü məsələləri İlham Əliyev uğurla başa çatdıra biləcək.

Heydər Əliyevin bu dahiyanə uzaqgörənliyi zamanla həqiqətən də öz təsdiqini tapdı. Müasir Azərbaycanımızın xilaskarı və qurucu lideri olan Heydər Əliyevin siyasi kursunu böyük müvəffəqiyyətlə davam etdirən və onun müəyyənləşdirdiyi inkişaf strategiyasını uğurla həyata keçirən Prezident İlham Əliyev Azərbaycanın bütün sahələrdə sürətlə inkişaf etməsini təmin etdi. Azərbaycan həm iqtisadi sıçrayışı ilə, həm güclü ordusu ilə, həm də potensial imkanları ilə gerçəkdən də Cənubi Qafqazın lider dövlətinə çevrilib.

İlham Əliyev Ulu Öndərin qarşıya qoyduğu tarixi missiyanı da uğurla gerçəkləşdirməyi bacardı. O, torpaqlarımızın işğaldan azad edilməsinə nail olmaqla, böyük Zəfərə imza atmaqla ata vəsiyyətini yerinə yetirdi və ölkəmizi qalib ölkəyə, xalqımızı qalib xalqa çevirdi. Bu mənada, Yeni Azərbaycan Partiyası da qalib partiya sayılır. Çünki YAP qalib sərkərdənin, Müzəffər Ali Baş Komandanın rəhbərlik etdiyi siyasi təşkilatdır. Biz əminik ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan hələ çox uğurlara imza atacaq.

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Xəbəri paylaş