Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə “Heydər Əliyev ili” və Şuşa şəhərinin 2023-cü ildə TÜRKSOY tərəfindən Türk Dünyasının Mədəniyyət Paytaxtı elan edilməsi ilə əlaqədar aparıcı Özbəkistan mətbuatını nümayəndələrinin Azərbaycana “Media-tur”u təşkil olunub.
Newscenter.az xəbər verir ki, “Media-tur” çərçivəsində Özbəkistanın “O’zbekiston” və “Dunyo Bo’ylab” dövlət telekanallarında Bakı şəhəri, Azərbaycanın və Türk dünyasının mədəniyyət paytaxtı Şuşa şəhəri, eləcə də Füzuli rayonuna həsr olunmuş televiziya verilişlər nümayiş etdirilib.
Hazırlanmış televiziya verilişlərində aparıcılar tamaşaçıları ölkəmiz haqqında geniş və maraqlı materiallarla tanış ediblər. Televiziya verilişlərində Bakı şəhərinin müasir və eyni zamanda qədim binaları, parkları, meydanları, əsrarəngiz Bakı Bulvarı, Xəzərin füsunkar mənzərəsinə dair kadrlar yer alıb.
Nümayiş etdirilən verilişlərdə hər bir azərbaycanlı üçün müqəddəs yer - Vətənin torpaqlarının bütövlüyü uğrunda canlarını fəda edən xalqın qəhrəman övladlarının uyuduğu Şəhidlər Xiyabanı və şəhidlərə dair ayrıca bölmə yayımlanıb.
Özbək jurnalistlər tamaşaçıları Qarabağ bölgəsinin incisi, Türk dünyasının mədəniyyət paytaxtı adına layiq görülmüş, mədəniyyətimizin beşiyi, tarixi Şuşa şəhərindən də xüsusi veriliş təqdim ediblər. Verilişlərdə qeyd olunub ki, şəhər təkcə gözəl təbiət mənzərələri, flora və faunası ilə məşhur deyil, buranın zəngin mədəni-ədəbi-musiqi irsi, nadir xalçaçılıq ənənələri, qədim tarixi abidələr, bir çox tanınmış azərbaycanlıların vətəni və nəhayət Azərbaycanın mədəniyyət paytaxtıdır.
Şuşada reportajlar hazırlayan “Media-tur” üzvləri Qarabağ şairi və dövlət xadimi Molla Pənah Vaqifin Prezident İlham Əliyevin tapşırığına əsasən təmir-bərpa olunmuş muzey-məqbərə kompleksini də ziyarət ediblər.
Daha sonra verilişdə işğaldan azad olunmuş və geniş quruculuq meydanına çevrilmiş Azərbaycanın Füzuli rayonu haqqında görüntülər nümayiş etdirilib.
Televiziya proqramında əvvəlcə dahi Azərbaycan şairi Məhəmməd Füzulinin adını daşıyan şəhərin müharibədən əvvəlki dövrlərdə teatrları, muzeyləri, kitabxanaları, bağları, parkları ümumilikdə rayonu əks etdirən kadrlar yayımlanıb, sonra isə şəhərin Ermənistanın işğalı nəticəsində dağıdılmış və talan edilmiş görüntüləri təqdim olunub.
Kadrlarda vurğulanır ki, son 30 ilə yaxın müddətdə Füzuli rayonu işğal nəticəsində ruhlar şəhərinə çevrilib. Verilişlərdə Azərbaycanın dədə-baba ərazilərində 30 ilə yaxın Ermənistan tərəfindən işğalının və bu torpaqlarda həyata keçirilən vandalizm izləri nümayiş olunub.
Füzuli rayonu ilə tanışlıq zamanı sürətlə gedən bərpa-quruculuq işlərinin görüntüləri, habelə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin tapşırığı ilə Füzuli şəhərində tikilmiş və iki xalqın dostluğunun rəmzinə çevrilmiş, görkəmli özbək alimi Mirzə Uluqbəyin adını daşıyan 1 nömrəli orta məktəbdən də veriliş təqdim olunub.
Bildirilib ki, yeni məktəb iki xalqın dostluğunun, qardaşlığının daha da möhkəmlənməsinə xidmət edir və məktəb vasitəsi ilə azərbaycanlı gəncləri Özbəkistanın zəngin tarixi və mədəniyyəti, ulu əcdadlarının irsi ilə tanış olurlar.
Proqramın sonunda Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) “Media-tur” üzvləri üçün təşkil etdiyi brifinq də təqdim olunub. Brifinqdə diqqətə çatdırılıb ki, 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu işğal olunmuş torpaqlarını azad etmiş və indi bu ərazilər düşmən tərəfindən çoxsaylı minalar basdırılmış və çoxsaylı mülki əhalimiz bu minaların qurbanı olmuşdur. Özbək jurnalistlərinin diqqətinə çatdırılmışdır ki, 1991-ci ildən bu günə kimi 3 385 azərbaycanlı Ermənistanın basdırdığı minaların qurbanı olub.
Hazırda Azərbaycan dövlətinin apardığı geniş bərpa işləri, ərazilərin partlamamış minalardan təmizlənməsi üzrə həyata keçirilən tədbirlər barədə qonaqlara məlumat verilib.
Qeyd edək ki, Özbəkistanın aparıcı telekanallarında Azərbaycana dair nümayiş verilişlər özbək və rus dillərində təqdim olunub.
R.Mehdiyeva