Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Zəfər paradı ölkəmizin qüdrətini dünyaya nümayiş etdirdi

Zəfər paradı ölkəmizin qüdrətini dünyaya nümayiş etdirdi


2020-ci il dekabrın 10-da Bakıda keçirilmiş möhtəşəm Zəfər paradı ölkəmizin qüdrətini, dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun tarixi Qələbəsini bütün dünyaya nümayiş etdirdi. Bu, eyni zamanda, ərazi bütövlüyümüzün bərpasının təqdimatı idi. Şuşa işğaldan azad edildikdən sonra Azərbaycan hərbçiləri tərəfindən şəhər üzərində qaldırılan Zəfər bayrağının da parada gətirilməsi xüsusilə qürurverici idi.

Onu da qeyd edim ki, Zəfər paradının 10 dekabrda keçirilməsinin çox böyük tarixi, siyasi, starteji əhəmiyyəti var. Bu paradın məhz 10 dekabrda keçirilməsi erməni separatizmini dəstəkləyənlərə verilmiş çox böyük bir mesajdır. Belə ki, 1991-ci ilin məhz 10 dekabr tarixində ermənilər Dağlıq Qarabağda qanunsuz “referendum” keçirərək, “müstəqillik” elan etdilər, 29 il sonra zəfər paradı keçirən Azərbaycan isə bununla həm də yanlış yazılmış tarixi düzəltdi.

Keçirilmiş qələbə paradı bütün regionumuzun gələcəyinə dair bir sıra istiqamətlərdə təsirli mesajlar verən tarixi bir hadisə oldu. Vətən müharibəsində Ali Baş Komandanımızın rəhbərliyi, siyasi iradəsi, güclü diplomatik məharəti nəticəsində Azərbaycan xalqı, Azərbaycan Ordusu, Azərbaycan dövləti bütün dünyaya sübut etdi ki, o heç zaman işğal faktı ilə barışmadı və öz torpaqlarını yağı düşmənin tapdağından azad etdi.

Zəfər paradı həmçinin nümayiş etdirilən texnikalar baxımından da yadda qalan olmuşdur. Azadlıq meydanında keçirilən hərbi paradda 3000 nəfərdən artıq şəxsi heyət, 150-dək hərbi texnika, o cümlədən, silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlər nümayiş etdirildi. Ordumuzun maddi-texniki bazasının zənginliyini sübut edən texnika və silah-sursatın bir hissəsinin paradda əyani şəkildə nümayiş olunması ilə hər kəs Azərbaycan Ordusunun arsenalının müasir silahlarla təchiz edildiyinin əyani şahidi oldu. Heç şübhəsiz ki, bütün bunlar dövlətimizin başçısı İlham Əliyev tərəfindən hərbi sahəyə göstərilən diqqət və qayğının ən bariz təzahürüdür. Bu gün fəxrlə deyə bilərik ki, Azərbaycan Ordusu hərbi əməliyyatlar zamanı modern döyüş texnikaları və yeni hərbi taktikalardan uğurla istifadə etdi.

Paradda, həmçinin, Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş olundu. Eləcə də Azərbaycan Ordusunun Vətən müharibəsində məhv etdiyi düşmənə məxsus avtomobil və texnikaların nömrə nişanlarından ibarət nəhəng lövhə nümayiş olundu. Xüsusi olaraq qeyd etmək lazımdır ki, hansısa bir ölkədə keçirilən hərbi paradda qənimət kimi ələ keçirilmiş hərbi texnikaların nümayiş etdirilməsinə bəlkə də indiyədək çox nadir hallarda rast olunub. Amma Azərbaycanın Qələbəsi şərəfinə keçirilən Zəfər paradının əsas özəlliklərindən biri də bu oldu. Azərbaycan bütün dünyaya necə bir möhtəşəm zəfər qazandığını göstərdi.

Qələbə paradında çıxışı zamanı cənab prezidentin də qeyd etdiyi kimi Azərbaycan son 30 il ərzində öz əzəli haqqının təmin edilməsinə, tarixi torpaqlarının işğaldan azad olunmasına və ərazi bütövlüyünün bərpasına sülh yolu ilə nail olmaq üçün bütün mümkün olan imkanlardan istifadə etdi. Bu illər ərzində istər beynəlxalq təşkilatlar, istərsə də ayrı-ayrı nüfuzlu dövlətləri tərəfindən təklif olunan bütün variantlar nəzərdən keçirildi, vasitəmilərlə müzakirələr aparıldı. Lakin məlum oldu ki, bütün bu danışıqlar və müxtəlif səviyyəli təkliflər yalnız münaqişənin dondurulmasına və son nəticədə tarixi Azərbaycan torpaqlarında ikinci erməni dövlətini yaratmaq məqsədi güdür. Amma bu planı hazırlayanlar və onu Azərbaycana zorla sıramaq istəyənlər cənab prezidentin hakimiyyətə gəldiyi gündən etibarən “Azərbaycan öz ərazilərinin işğalı ilə heç vaxt barışmayacaq və biz öz torpaqlarımızı istənilən yolla azad edəcəyik” fikirlərini qulaqardına vurmaqla nə qədər səhv yolda olduqlarını indi yəqin ki, daha yaxşı anlamış oldular. Bütün dünya gördü ki, Azərbaycan həqiqətən öz ərazilərinin işğalı ilə barışmadı və həqiqətən də bu münaqişənin hərbi yolla həlli variantı mövcud imiş. Və bütün dünya bildi ki, bu fikirləri uzun illər boyunca yalnız mötəbər kürsülərdən səsləndirən Azərbaycan Prezidenti cənab İlham Əliyevin lazım olduğu an həmin həqiqətləri döyüş meydanından da keçirərək hər kəsə qəbul etdirə biləcək qədər dönməz qətiyyəti və yenilməz iradəsi var.

Məlumdur ki, Zəfər paradında Azərbaycan əsgəri və zabiti ilə yanaşı türk əsgər və zabitləri də iştirak etmişdir. Paradı Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və fəxri qonaq qismində dəvət olunmuş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan birlikdə qəbul etmişdir. Bu addım, başqa sözlə iki ölkə rəhbərinin paradı birgə qəbul etməsi həm düşmənə həm də beynəlxalq ictimaiyyətə verilmiş ciddi mesaj idi. Azərbaycan və türk əsgərlərinin çiyin-çiyinə Azadlıq meydanından keçməsi xalqların tarixində əbədi qalacaq qürurverici hadisədir. Həmin günü ölkəmizin bütün şəhərlərinin Azərbaycan və Türkiyə bayraqları ilə bəzədilməsi xalqların mənəvi yaxınlığının təzahürüdür.

Hərbi Qələbəmizin, həmçinin xalqımızın Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı tarixi Zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir. Bakıda Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər Muzeyinin yaradılması haqqında Sərəncam, həmçinin Hərbi Qənimətlər Parkının salınması Zəfərimizin gələcək nəsillərə çatdırılması, Qələbəmizin əbədiliyindən xəbər verir. Hərbi Qənimətlər Parkı müharibənin miqyasını və Qələbənin möhtəşəmliyini göstərir. Bu cür parklar dünyanın bir sıra ölkələrində mövcuddur. Bir cümlə ilə onu qeyd etmək olar ki, Hərbi Qənimətlər Parkının əsas məramı aqressorun mütləq cəzasını aldığını göstərir.

Son olaraq qeyd edim ki, Zəfər paradı təkcə Azərbaycan xalqı üçün deyil, bütün türk dünyası, İslam aləmi üçün əvəzolunmaz hisslər yaşatdı. Bu gün 30 il həsrət qaldığımız Vətən torpaqlarında artıq üçrəngli Azərbaycan bayrağı dalğalanır ki, bu da bizim üçün çox qürurvericidir. Sağ olsun Vətən övladları, sağ olsun Vətənə və öz əsgər andına sadiq olan qəhrəman Azərbaycan hərbiçiləri ki, bu hissi bizə, xalqımıza onlar yaşatdılar. Məhz onların şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu.

Yusif Bağırzadə-politoloq
Xəbəri paylaş