Hafiz Cəfərli: "Dövlətin mənafeyini deyil, öz mənafeyini düşünməklə dövlətə, diaspora fəaliyyətinə böyük zərbə vurublar"
Qarşıdan Dünya Azərbaycanlılarının Hərməylik Günü gəlir. Bir qayda olaraq bu ərəfədə dünyanın dörd bir yanında yaşayan soydaşlarımız tərəfindən tədbirlər keçirilir, mərasimlər təşkil olunur. Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində ortaya maraqlı bir sual çıxır. Bu gün dünyada yaşayan azərbaycanlıları sözün həqiqi mənasında həmrəydirlərmi? Ümumən, bu barədə diaspor fəallarımız nə düşünür? Bu və ya digər suallarla İndoneziyada aktiv diaspora fəaliyyəti ilə məşğul olan Hafiz Cəfərli ilə söhbətləşdik. Newscenter.az-a verdiyi müsahibədə Hafiz Cəfərli hazırda Azərbaycan diasporunun durumundan da danışıb.
-Hafiz bəy, İndoneziyada xüsusi fəallığı ilə seçilən bir diaspor nümayəndəsi olaraq qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində dünyanın dörd bir yanında yaşayan azərbaycanlılarının həmrəyliyini necə dəyərləndirərdiniz? Sözün həqiqi mənasında həmrəylik nümayiş etdirə bilirikmi?
-Həmrəylik nümayişi odur ki, bir-birimizə maddi, mənəvi, fiziki cəhətdən dayaq olaq. Aramızdakı koordinasiya güclü, dayanıqlı olsun. Təəsüf ki, bu çox zəifdir. Həmrəylik odur ki, gördüyümüz işin nəticəsi olsun, dövlətimizin mənafeyi qorunsun. Əgər bu işin hansı dərəcədə olduğunu hesablaya bilmiriksə, düşmənlərimizin planlarını izləməklə qabaqlamaq olar. Həmrəyliyin kökündə yardımlaşma, qayğı durur. Bu yoxdursa, həmrəylikdən danışmağa dəyməz.
-Diaspor sahəsinə məsul olan qurumun, Dövlət Komitəsinin yarandığı 20 ildən artıqdır ki, lobbiçiliyə keçməyin zəruriliyi bildirilir, lakin ortada ciddi bir nəticə yoxdur. Sizcə bu nəylə bağlıdır? Burada diaspor sahəsinə məsul olan qurumun məsuliyyətsiz fəaliyyəti əsas rol oynayırmı?
Lobbiçilik siyasətdə hökumət məmurlarının, çox vaxt qanunverici və ya tənzimləyici qurumların üzvlərinin həm də məhkəmə hakimlərinin hərəkətlərinə, siyasətlərinə və ya qərarlarına qanuni şəkildə təsir etmək cəhdi hesab olunur. Diasporla İş üzrə Dövlət Komitəsi işini tam bunun üzərində qurmalı, bununla da hamımızda inam yaratmalı idi. Yəni, əvvəl dediyim kimi ortaya bir iş qoyulmalı idi. Bizdə lobbi olmasa da güclü diaspora olsa kifayət edərdi. Bunun üçün komitə və ya rəhbərliyi ona ünvanlanan iradları dinləyib özünü tərəqqi etdirməli idi. Amma əksinə sərt cavab verməyə başladı, ya da susmağa üstünlük verdi. Çox təəsüflər olsun ki, ortada bir şey yoxdur. Ən azından Diasporla İş üzrə Dövlət Komitəsi xarici ölkələrin məşhur mətbuat orqanlarında, televiziyalarında həqiqətin çatdırılması üçün maliyyə ayıra bilərdi.
-Diasporla İş üzrə Dövlət Komitəsindən söz düşmüşkən, bu qurumun fəaliyyəti bir diaspor fəalı olaraq Sizi qane edirmi və Sizə olan münasibəti hansı səviyyədədir?
-Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyəti məni qane etmir. Fikrimcə, səbəb rəhbərlikdir. Çünki, rəhbər onunla çalışanlara nəzarət etməlidir. Ancaq uzun müddət ərzində nəzarət etməməsi haqqında fikir söyləmək də doğru olmazdı. Mənim şəxsən rəhbərliklə əlaqəm olmayıb, amma əməkdaşı ilə olub. Komitənin əməkdaşı adil davranmadığı üçün komitə ilə əlaqəmi kəsmişəm. Yenidən mənimlə əlaqə yaradıldı. Mən iradımı təkzibedilməz sübutlarla başqa əməkdaşa bildirdim. Yəni, iradımın əsası vardı. Hamının səhvi var, səhvsiz insan yoxdur. Ən azından səhvi boynuna almalı idilər. Beləliklə, mənim bu cür şəxslərlə münasibətimin mənası yox idi.
-Bilirsiniz bu sualı nə üçün verdim? Son illər əksər diaspor fəallarımız onlara sözügedən Dövlət Komitəsi tərəfindən biganə, laqeyd münasibətin olmasından gileylənirlər. Siz də eyni münasibətlə üzləşirsinizmi? Ümumiyyətlə, Komitə nə üçün diaspor fəalları arasında ayrıseçkilik edir?
--Əvvəl Diasporla İş üzrə Dövlət Komitəsində diaspora fəaliyyəti ilə çalışanlar olub. Hazırda Komitə əksəriyyəti diaspora fəaliyyəti olmayanlardan ibarətdir. "Diaspora fəaliyyəti" adı altında xarici ölkələrdə gəzinti, ziyafət işlərində iştirak edənlər az deyil. Bu cür şəxslər təəsüf ki, dövlətin mənafeyini deyil, öz mənafeyini düşünməklə dövlətə, diaspora fəaliyyətinə böyük zərbə vurublar və vurmaqdadırlar. Əgər ortada diaspora fəaliyyətinin nəticəsi mövcuddursa, bunları görməzdən gəlmək olar.
Komitə ayrıseçkilik etmir, sadəcə komitədə xaosdur. Kim istəyirsə tanışlıqla güzəştlər edir. Bunu da rəhbərlik görməyə bilməz. Rəhbərlik buna qarşı heç bir tədbir görmür, əvəzində əzələ nümayiş elətdirir.
-Elə bunun göstəricisi deyilmi dünyada erməni diasporu üstümüzə ayaq açır, təhlükə mənbəyinə çevrilir.
- Bəli, tamamilə doğrudur. Amma bu o demək deyil ki, ermənilər bizdən güclüdür. Bizdə kifayət qədər savadlı vətənpərvər şəxslər var. Sadəcə Diasporla İş üzrə Dövlət Komitəsi bu şəxsləri ilk öncə komitədən uzaqlaşdırıb. Kənarda olan diaspora nümayəndələrinin də inamını itiriblər.
Diasporla İl üzrə Dövlət Komitəsi hamıyla işləməlidir və diqtə etməli deyil. Amma əksinə istədiyini seçib görüntü yaratmaq üçün müəyyən tədbirlər keçirdir. Bu tədbirlərin də heç bir prespektivi yoxdur.
-Bəs, Dünya Azərbaycanlılarının sonuncu Şuşa qurultayında qəbul edilən qərarların icrası nə yerdədir? Komitə həmin qərarlar, eləcə də qurultayda dövlət başçısının verdiyi tapşırıq və tövsiyələri icra edə, yerinə yetirə bilirmi?
-Şuşa qurultayında müzakirə edilən əsas məsələ "Azərbaycan diasporunun qarşısında duran vəzifələr" və "Qarabağın bərpası və yenidən qurulmasına Azərbaycan diasporunun töhfələri" idi. Qurultayda tapşırıqlar verilmişdi, əsas hədəf gənc Azərbaycan diasporası ilə çalışmaq idi. Xaricdə milyonu aşmış gənc nəsil var. Komitə tərəfindən onlar axtarılmır, danışdırılmır. Gənc nəslə önəm verilmir, diqqət ayrılmır. Bu məsələ ilə bağlı heç bir iş görülməyib. Bu komitə necə koordinasiya edir ki, onların heç bir xarici ölkədə gənclər təşkilatı yoxdur?
Komitənin hansı vəziyyətdə olduğunu sizə izah etməyə çalışdım. Mənim əvvəldən inamım Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarınadır. Birbaşa cənab prezidentin nəzarəti ilə bu fəaliyyət güclənə bilər.
S.İsmayılbəyli