İlkanə Qoca: “Fuad Muradov və onun komandası azərbaycanlılar arasında nifaq salır və həmrəyliyimizi parçalayır”
Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən soydaşlarımızla Həmrəylik Günün tarixi, onun mahiyyəti, xaricdə yaşayan azərbaycanlılar arasında həmrəyliyin necə olması istiqamətində söhbətlərimiz davam edir. Bu dəfəki qonağımız Niderlandda fəaliyyət göstərən Birlikdə Güclüyük Fondunun təsisçisi və həmsədri İlkanə Qocadır. Onunla söhbətimizdə Azərbaycan diasporunun hazırkı durumuna da nəzər saldıq.
-İlkanə xanım, qarşıdan Dünya Azərbaycanlılarının Həmrəylik Günü gəlir. Fürsətdən istifadə edib Sizi bayram münasibətilə təbrik edirəm. Sualım ondan ibarətdir ki, hazırda müxtəlif ölkələrdə yaşayan azərbaycanlılarının həmrəyliyini necə dəyərləndirərdiniz? Sözün həqiqi mənasında həmrəylik nümayiş etdirə bilirikmi?
- Əvvəla mən də fürsətdən istifadə edərək başda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev olmaqla Azərbaycan xalqını, dünya azərbaycanlılarını 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbrik edirəm. Sualınıza gəlincə, onu qeyd etmək istərdim ki, 21 ildir Azərbaycanın sərhədlərindən kənarda yaşayıram. Bu illər ərzində dünyanın bir neçə ölkəsində yaşamışam, işləmişəm və təhsil almışam. Azərbaycan əsilli soydaşlarımızla əlaqələrim olmasına baxmayaraq hər zaman ətrafımızda daha çox yaşadığım ölkənin vətəndaşları və diğər millətlərdən ibarət ali təhsilli bir şəbəkə, dostlar qrupu olub. İlin müəyyən günlərində isə hər zaman eyni milli, mədəni, tarixi və kökü paylaşan insanlarla bir arada olmağın çox vacib olduğunu qeyd etmək istəyirəm.
Bu günlərdən biri də Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür. Təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan Həmrəylik Gününün məqsədi Dünya Azərbaycanlılarını müstəqil dövlətimiz və vahid məqsəd ətrafında birləşdirib Azərbaycan Respublikasının səsinin Vətəndən uzaqda eşidilməsi, eləcə də Vətənə dəstək olan bir quvvəyə çevirmək idi. Biz 44 günlük Vətən Müharibəsində inanc və dünya görüşündən asılı olmayaraq, bir şüar ətrafında birləşdik: “Qarabağ Azərbaycandır deyib” səsimizi dünyaya yaydıq. Bu o deməkdir ki, biz istəsək bir ola bilərik və bu birlik təkcə yaman gündə deyil, hər zaman olmalıdır. Biz bir-birimizə hörmətlə yanaşıb, dəstək olub olduğumuz yerdə, işdə daha da uğur qazanıb zirvələrə qalxmağa çalışmalıyıq. Həmrəylik həm də bir-birimizin sevincli günlərinə sevinib, kədərli anlarında başının üstünü alıb dəstək olmaqdır. Birlikdə bir yol xəritəsi seçib milli və mədəni dəyərləri, eləcə də bu gün Qarabağın, 30 ildən çox blokadada qalan Naxçıvanın həqqiqətlərinin yaşadığımız ölkələrdə təbliğınə yönəlməliyik.
Vətəndən kənarda böyüyən gənc nəslə bu dəyərlər aşılanmalı, dilimiz və mədəniyyətimiz öyrədilməlidir. Diğər millətin nümayəndələri ilə ailə həyatı quran həmvətənlərimizə daha çox dəstək olmalıdır. Axı onlar birbaşa Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət komitəsinin (DIDK) bu günə qədər qura bilmədyini lobbiçilikdə mühüm rol oynayır.
Çox böyük kədər hissi ilə bildirmək istəyirəm ki, bu gün 44 günlük müharibədən sonra, sübüt etdiyimiz həmrəyliyimizə böyük zərbə vurulub. Biz ürək ağrısı ilə izləyirik ki, DIDK-nın rəhbərliyi Fuad Muradov və onun komandası azərbaycanlılar arasında nifaq salır və həmrəyliyimizi parçalayır. Bu yanlış strategiya haqqında fikrini bildirən insanlar haqqında isə qara PR kompaniyası aparılır, hədə-qorxu edilir, hətta sözün düzünü deyən insanlar “təhlükə” belə hesab olunurlar.
Bunu görən hər kəs isə artıq geri çəkilir, yəni həmrəyliyimizə böyük zərbə dəyir. Bu zərbənin vurduğu yaraları isə bərpa etmək üçün bizə illər lazımdır. Biz beş il öncə daha həmrəy idik.
-Lobbiçiliklə bağlı fikirlərinizdən anlaşılan odur ki, bu prosesə mane olan əsasə qüvvə elə sözügedən Dövlət Komitəsidir
-Əslində lobbiçilik fəaliyyəti ilə məşğul olan fərdi təşkilatlar və insanlar var. Lakin bu insanlar prosesdən uzaqlaşdırılır, onlara dəstək verilməməsi bir yana, hətta DIDK-nın rəhbərliyi Fuad Muradov və onun komandası, eləcə də Diasporaya Dəstək Fondu tərəfindən həmin insanlara təzyiq edilir və onlar müxtəlif maneələrə üz-üzə qalırlar.
DİDK son illərdə dünyada və xüsusilə Avropada vahid Azərbaycan lobbi şəbəkəsinin qurulmasında əsla maraqlı olmayıb. Əksinə olaraq bu işlərin ərsəyə gəlməsinə əngəllər yaradılmışdır. Böyük üzüntü ilə müşahidə edirik ki, hazırda dünyada vahid çətir altında rəsmi qeydiyyatdan keçmiş Azərbaycan lobbi qrupları və ya təşkilatı hələ də ya mövcud deyil. Yaxud da mövcud olanlara da maneələr törədilir. Müşahidə etdiyimiz bəzi faktları bölüşürəm.
Azərbaycanın hüdudlarında böyüyüb yerli dili bilən beynəlxalq standartlara cavab verən təhsilli gənclərimiz bu sahədə hərc-mərclik gördüyündən uzaqlaşır. Bu isə Azərbaycanla xaricdə doğulub böyüyün gənc nəsl arasında böyük bir uçurum yaradır. Biz bu gün bunun təsirini hələ görə bilmərik. Baxmayaraq ki, biz gənclərimizə bacardığımız qədər, imkanlarımız daxilində Vətən sevgisi, ana dili və Azərbaycançılıq ideologiyasını aşılamağa müəyyən qədər nail ola bilmişik. Lakin bu faciənin sonunclarıni biz illər sonra görəcəyik. Əslində bunun özünü də elə etnik təmizləmə kimi qiymətləndirmək olar. Çünki özlərini daha sağlam bir icma arasında görmək istəyən gənclər yaşadığı yerli icmaya assimilyasıya olacaq. Və assimilyasiya da elə etnik təmizləmənin bir növüdür. Sual olunur ki, bu ssenarini cənab Fuad Muradov bilərəkdənmi, yoxsa səristəsizlikdənmi edir?
Xarici Media ilə iş - Avropa mediasi və jurnalistlərlə əlaqələrin yaradılması çox vacibdir. Lakin bizim bunu dəfələrlə vurgulamağımıza baxmayaraq və dəfələrlə bu istiqamətdə atdığımız addımlar, təklif etdiyimiz layihələr dəstəklənməyib. Bu layihələr bizlərdən “oğurlanıb” qeyri-professional, öz ana dilində belə danışa bilməyən insanlara verilib. Azərbaycan büdcəsindən diaspor fəaliyyəti üçün ayrılan vəsait nəticəsi olmayan mənasız işlərə (əyləncələrə) və ya təsir dairəsi olmayan hansısa heç tanınmayan bir “media outletinə” xərclənir. Avropa mediasında resurslarımız və əlaqələrimiz olmasına baxmayaraq informasiya savaşında məğlub olmağımızın əsas səbəblərindən biri də budur. Amma niyə? Bu insanların iradəsini qırmaq, onları həvəsdən salmaq və həmrəyliyimizi parçalamaq deyilmi?
Biz transparantlıq olsun, icma ilə şəffaf yol xəritəsi cızılsın ki, gördüyümüz işlərdən gələcəkdə yeni nəsil bəhrələnsin deyincə isə bizə qarşı hücümlar edilir və baxırıq ki, bu dəfə də “özləri seçdikləri” “diasporaçıların” övladlarını önə şəkirlər.
DIDK-nın rəhbərliyi Fuad Muradov və onun komandası, dünyada illərdir yaradılan təşkilatlar və fəal soydaşlarımız arasında ayrı-seçkilik edərək yaşadığı ölkəyə inteqrasiya edə, yerli dili danışa bilməyən, “özünün təyin etdiyi” insanlara medallar təltiflər verir, yalnız onların heç bir icma ilə razılaşdırılmamış layihələrini dəstəkləyir.
Koordinasiya Şuralarını ölkədə yaşayan insanlardan yox, yaşadıqları ölkənin qanunvericiliyi əsasında transparant şəkildə deyil, özünün istədiyi, özünün təyin etdiyi hansısa kriteriyaya görə seçir və istəmədiyi halda da çıxartdırır. Niderland Krallığında 9 dekabr 2022-ci ilə məqsədli keçirilən “Koordinasiya Şurası” seçkisində Niderlandda yaşayan Azərbaycanlı icmasından daha çox DIDK-nın işçiləri iştirak edirdi. İştirak etmək istəyən insanlara isə heç bir dəvət göndərilməmişdi. Axı bu minvanla seçilmiş bir qeyri-qanuni, dili bilməyən, inteqrasiya etməyən qrupu kim ciddiyə alacaq? DİDK-nin bir meyarı var - “Yalnız bizim təyin etdiyimiz şəxslər məsul olacaq” və bu da azərbaycanlılar arasında nifaq salmağa və həmrəyliyimizi parçalamağa gətirir.
Bizə dəstək vermək istəyən, bizimlə iş birliyi quran insanlar gördükləri bu qeyri-professional yanaşmadan və hərc mərclik üzündən bizdən uzaqlaşır. Axı bilirsiniz yaxşı əlaqələr əslində sərvətdir və əlaqələrin qurulmaması isə bu sərvəti, insan resurslarını itirmək deməkdir.
Daha çox faktlar saymaq olar. Bütün bunları, yuxarıda saydıqlarımı görən yerli vətəndaşlar isə bizdən uzaqlaşır. Əlaqələrin yenidən qurulması zaman çəkir və biz yenə də itiririk. Biz bunları dəfələrlə demişik. Möhtərəm Prezidentə bu haqda məktub da göndərmişik. Hətta narahatlığımızı səfirliklərə belə bildirmişik.
Xaricdə yaşayan bir Qarabağlı kimi deyə bilərəm ki, DİDK-nin rəhbətliyinin bu şəkildə fəaliyyət göstərməsi Azərbaycan dövlətçiliyinə yalnız zərər verir. Ürək ağrısı ilə müşahidə edirik ki, DİDK-nin hazırki fəaliyyəti Cənab Prezidentin göstərdiyi istiqamət xəttindən yayınmaqdır. Bu isə Azərbaycanla xaricdə yaşayan və yetişməkdə olan yeni nəsil diasporası arasında dərin uçuruma səbəb olur.
-Fikirlərinizdən belə qənaətə gəlmək olur ki, Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətindən razı deyilsiniz
-Tamamilə qane deyiləm. DIDK-nın rəhbərliyi Fuad Muradov bizimlə dəfələrlə görüşüb iş birliyi təklif etsə də, görüşdən sonra komitə əməkdaşları tərəfindən mən özüm və həyat yoldaşım Robert van den Berg də təhqir, təzyiq və hədə-qorxulara məruz qalmışıq. Avropa şöbəsinin rəhbəri olaraq tanıdığım biri bildiyim qədər qeyri-professional bir gənc xanımdır və Avropa mədəniyyətini, adətlərini heç bilmir. Bizim irəli sürdüyümüz təklif və ideyaları rədd edirlər, lakin bizim layihələrimizi öz dostlarının adına yazır, onlarla bizim ideyaları paylaşıb həmin layihələr dəstək verərək həyata keçirirlər. Belə bir şöbənin məsul işçisi tərəfindən dəfələrlə hədə qorxuya məruz qalmışıq, bizə səbəbsiz yerə təhqiredici məktublar göndərilib. Nə elektron məktublarımıza, nə də telefon zənglərimizə cavab verirlər.
Qeyd etdiyim kimi nəinki laqeyid və biganəliklə yanaşılır, hətta DİDK-nın məsul işçiləri tərəfindən məmur zorakılığına uğrayırıq və bizə hədə-qorxu gəlirlər. Komitə işçiləri və “özlərinin təyin etdikləri Kordinasiya Şurası diasporaçıları” sanki bizə qarşı provokasiya etmək üçün təlimatnaldırılıb və biz daima ayrı-seçkiliyə məruz qalmışıq. Bu davranışlar isə bizim “Kordinasiya Şurası icma tərəfindən seçilməlidir, yaşadığımız ölkənin qanun və qaydalarına uyğun qeydiyyatdan keçib və Azərbaycan Dövlətçiliyinin maraqları çərçivəsində şəffaflıq prinsiplərini meyar tutaraq bərabər bir strateji yol xəttini cızmasının daha məqsədə uyğundur” fikirlərimizdən sonra başlayıb. Çünki Fuad Muradovun “özünün seçdiyi diasporaçılar” bununla razılaşmayıb ancaq onun verdiyi təlimatlar əsasında həmrəyliyimizi dağıdan addımlar atırlar. Bizə də belə təlimatlar verməyə çalışdılar, lakin biz bu təlimatların Niderland reallığında işə yaramadığını bildirdik. Buna baxmayaraq “özünün seçdiyi diasporaçılar” tərəfindən görüntü üçün həyata keçdi.
-Elə bunun göstəricisi deyilmi dünyada erməni diasporu üstümüzə ayaq açır, təhlükə mənbəyinə çevrilir
-Mən hər zaman demişəm və təkrar edirəm. Erməni diasporası güclü deyil. Sadəcə özlərinin məqsədlərinə uyğun düzgün strategiya seçib və lobbiçilik edən insanlara dəstək olurlar. Ermənistan dövləti və ya onun məsul qurumu erməni ilə ailə quran hansı bir xarici vətəndaşa təhqir və hədə-qorxu ilə dolu xəbərdaqlıq məktubu göndərib? Məncə heç biri. Dünyanın müxtəlif yerlərində fəaliyyət göstərən mötəbər yerlərlə səmərəli dostluq və əməkdaşlıq əlaqələri qururlar. Biz bunu etmək istəsək də bizə Dövlət büdcəsi tərəfindən ayrılan vəsait ancaq plakat və postər qaldırmağa sərf edilir.
-Bəs, Dünya Azərbaycanlılarının sonuncu Şuşa qurultayında qəbul edilən qərarların icrası nə yerdədir? Komitə həmin qərarlar, eləcə də qurultayda dövlət başçısının verdiyi tapşırıq və tövsiyələri icra edə, yerinə yetirə bilirmi?
-Dünya Azərbaycanlılarının V Qurultayında Möhtərəm Prezident İlham Əliyev bir sıra tövsiyyələr vermişdir. Məsələn Möhtərəm Prezident qeyd etdi: “Xaricdə yaşayan Azərbaycanlılar heç olmasa, ildə bir dəfə hər bir azərbaycanlı öz ailəsi ilə Azərbaycana gəlsə, çox yaxşı olar - xüsusilə azad edilmiş torpaqlara getmək üçün”. Biz cari ilin yay ayında Azərbaycana səfər etdik, holland əsilli və Azərbaycan üçün əlindən gələni edən həyat yoldaşım doğulub boyüdüyüm Ağdam şəhərinə və əzizlərimizin həyatını qurban verdiyi Qarabağın digər ərazilərinə - Şuşaya getmək istədi. Məqsədimiz övladlarımıza Qarabağı göstərmək idi. Lakin bizim dəfələrlə müraciətimizə baxmayaraq DIDK bizə dəstək olmadı, Qarabağ ərazisinə gediş yoxdur dedi. Lakin bir neçə gün sonra bəzi “özünün seçdiyi diasporaçıları” Şuşaya səfərini mediada yayımladılar.
Möhtərəm Prezidentin tövsiyyələrindən biri də “xaricdə böyüyən ikinci və üçüncü nəsillə Azərbaycan arasında münasibətlərin saxlanması, Azərbaycan dili və mədəniyyətinin öyrədilməsidir”. Yuxarıda qeyd etdiyim kimi yanlış yanaşma olarsa yeni böyüyən nəsil necə Azərbaycanla sıx əlaqə qura və ya gələcəkdə hansı təbliğatı apara bilər?
Cənab prezident həftə sonu məktəblərin açılmasını tövsiyyə edir, lakin Komitə bu işi də “özləri tərəfindən seçilmiş” və bu işi bacarmayan diasporaçılara həvalə edib.
Biz DIDK-nın səriştəsiz işlərinin illərdir şahidiyik. İrad tutan hər kəs Komitənin qara siyahısına düşür və bloklanır, sosial mediada və cəmiyyət arasında mobbinqə və ya lincinqə məruz qalır. Bu isə verilən bütün tövsiyyələrin əksinədir və gənc nəsli diaspor və lobbiçilik fəaliyyətindən uzaqlaşır.
Mən yalnız Möhtərəm Prezidentimizə və Birinici xanima inanıram və bu qeyd etdiyim məslələrin araşdırılıb doğru lobbiçiliyimizin qurulması, həmrəyliyimizin yenidən bərpa olunması üçün lazımı ciddi addımlar atacağına inanıram.
S.İsmayılbəyli