Məlumdur ki, Azərbaycanın tarixi ərazisi müasir Azərbaycan Respublikasının sərhədləri ilə məhdudlaşmayıb, daha geniş ərazini əhatə edir. XIX əsrin əvvəllərində Azərbaycan Rusiya və İran arasında bölüşdürüldükdən sonra Cənubi (Güney) Azərbaycan və Şimal (Quzey) Azərbaycan kimi coğrafi-siyasi məfhumlar meydana gəlmişdir. Azərbaycançılıq nəzəriyyəsinin və ideologiyasının tarixi köklərinin araşdırılması ilk növbədə “Azərbaycan” toponiminin meydana gəlməsi və tarixi inkişafı, Azərbaycanın tarixi coğrafiyası və dövlətçilik tarixi məsələlərinə aydınlıq gətirilməsini tələb edir. Çünki uzun illərdir ki, bədxahlarımız bu məsələdən bizə qarşı istifadə etməyə çalışır, “Azərbaycan” istilahının yalnız İranın şimal əyalətlərinə alid olduğunu, Araz çayından şimaldakı ərazinin heç zaman Azərbaycan adlanmadığını, yalnız 1918-ci ildə burada Cümhuriyyət yarandıqdan sonra ortaya atıldığını, indiki Azərbaycan Respublikasının ərazisinin tarix boyu əsasən Arran, Muğan və Şirvan kimi coğrafi adlar daşıdığını, hətta daha uzağa gedərək “Azərbaycanlı” adlı millətin mövcud olmadığını iddia edirlər. Bununla da onlar azərbaycanlıların dövlətçilik ənənələrinin olmadığını sübut etməyə çalışırlar.
Məsələn bu nəzəriyyənin banilərindən biri olmuş Ə. Kəsrəvi hələ 1928- ci ildə çap etdirdiyi «Şəhriyarane qomnam» adlı əsərində yazır ki, Arrana indi Azərbaycan adı vermişlər. Baxmayaraq ki, Azərbaycan və ya Azərbayeqan Arranın yanında yerləşmiş digər ərazinin adıdır. Ən qədimdən əldə məlumat vardır ki, bu iki ərazi həmişə bir-birindən ayrı olmuş və heç vaxt Arran, Azərbaycan adlanmamışdır…». İranın tanınmış tarixçilərindən biri olan İnayətullah Rza da bu mövqeni müdafiə edərək 1981-ci ildə nəşr olunmuş «Azərbaycan və Arran (Albaniya-ye-Qəfqaz)» əsərində Azərbaycanın tarixi coğrafiyasını saxtalaşdırmağa cəhd edir.
Bu iddiaları Ermənistan və İran tarixçiləri və ideoloqları indi də müdafiə etməkdə davam edirlər. Bunu son illərdə bu ölkələrdə (eləcə də Rusiyada) Azərbaycanın, Cənubi Qafqazın tarixinə, etnik vəziyyətinə həsr edilmiş əsərlərdə, internet materialları da təsdiq edir. Məsələn M.Meltyuxov və A.Ter-Sarkisyan soyadlı müəlliflər yazırlar: “Tatix elminə ancaq bir Azərbaycan məlumdur– qədim İran əyaləti olan və irandilli və digər xalqlarla məskunlaşmış Azərbaycan məlumdur. XI sərdən başlayaraq bu əyalət türk tayfalarının hücumlarına məruz qalmış, onraların bir hissəsi sonralar burada qalmış və müəyyən dərəcədə yerli irandilli əhalini assimiliyasya etmişdir ki, onların böyük hissəsi indi türk dialektlərində danışsalar da, milli İran köklərini və İran özşüurunu saxlamışlar. XIX əsrə qədər hər hansı dildə olursa olsun heç bir tarixi mənbədə Zaqafqaziya hüdudları daxilində (Arazdan şimalda) Azərbaycanın mövcudluğundan bəhs edilmir… 1920-ci ildə Azərbaycan SSR-ə daxil edilmiş ərazilərə münasibətdə “Azərbaycan” sözü yalnız XX əsrin əvvəllərində, daha dəqiq I Dünya müharibəsinin son ilində bu ərazilərdə Türkiyə işğal rejiminin qurulmasından və sözdə “Azərbaycan Demokratik Respublikası”nın elan edilməsindən sonra işlədilməyə başlanmışdır”. Digər erməni müəllif – Tamara Vardanyan Moskvada nəşr etdirdiyi kitabında (Варданян Т. Азербайджанцы: История одного незавершенного этнопроекта. Историко-этнологический очерк., М.: «Русская панорама», 2012) daha da uzağa gedərək guya “Azərbaycan və bəzi xarici müəlliflərin alternativsiz olaraq istifadə etdikləri” “Azərbaycan etnosu”, “etnik azərbaycanlı”, “azərbaycanlıların etnik ərazisi” kimi tarixi-etnoloji terminləri “təhlil edir”. Azərbaycan millətini “başa çatdırılmamış etnik layihə” adlandıran müəllifin nəzərincə, “Azərbaycan etnosu” və ya “azərbaycanlıların etnik ərazisi” kimi terminlər ideologemlər olub etnomilli mifə xidmət edirlər, ona görə də akademik və publisistik mətnlərdə bu terminlərin XX əsrə aid edilməsi qeyri-peşəkarlıqdır və elmi cəhətdən əsassızdır. Maraqlıdır ki, Azərbaycan müəlliflərini “Azərbaycan” terminindən qeyri-autentik şəkildə istifadə etməkdə günahlandıran, 1918-ci ilə qədər “Azərbaycan”, “Azərbaycan türkləri”, “azərbaycanlılar”, “Azərbaycan türkcəsi”, “Azərbaycan dili” kimi məfhumların mövcud olmadığını iddia edən T.Vardanyan elə öz kitabının 28-ci səhifəsində III Dövlət Dumasının deputatı N.L.Markovun 1909-cu ildəki çıxışından sitat gətirməklə özü özünü təkzib edir: “Müsəlmanlar arasında maarifin yayılması cəmiyyəti Qafqaz dağlılarının müxtəlif tayfalarını – çeçenləri, ləzgiləri, yanlış olaraq tatar adlandırılan Azərbaycan türklərini və digər başqa tayfaları 2 2 birləşdirir, onları birləşdirən türk dilidir, çünki Azərbayacan dili türk dilinin dialektidir”. Adı çəkilən müəlliflərin, eləcə də bu kitaba ön söz yazmış V.Zaxarovun, həmçinin Azərbaycana nifrətini gizlətməyən digər müəlliflərin (S.Tarasov, V.Stupişin, A.Şahnazarov və başqaları) qeyri-elmi yanaşmaları əslində Ermənistanın və bəzi İran ideoloqlarının Azərbaycan xalqının mənşəyinə, dövlətçilik tarixinə dair konsepsiyaları üçün tipikdir.
Antitürk və antiazərbaycan mahiyyət daşıyan bu konsepsiya guya tarixi Albaniya, Arran və Şirvan vilayətlərini Şimali Azərbaycan, həqiqi Azərbaycan olan İran Azərbaycanını isə Cənubi Azərbaycan adlandırılmasına qarşı çıxaraq azərbaycanlıların ari mənşəli olduqlarını, sonradan türkləşdiklərini iddia edir, bununla da şimallı-cənublu Azərbaycan xalqının vahidliyini inkar etmək məqsədi güdür. Lakin tarixi mənbələr Azərbaycan məfhumunun qədimliyini və hər iki əraziyə aid edildiyini tamamilə təsdiq edir. Hələ sovet dövründə Azərbaycan tarixçiləri bu saxtalaşdırmalara tutarlı elmi dəlillərlə cavab vermişlər. 1978- ci ildə işıq üzü görmş “Azərbaycanın tarix və mədəniyyətinin burjua saxtalaşdırıcılarına qarşı” adlı məqalələr toplusunda Azərbaycanın tanınmış tarixçiləri Ş.Tağıyeva, O.Əfəndiyev, T.Musəvi, M.Azərli, V.Piriyev, M.Əliyev, A.Fazili və başqaları İran tarixşünaslığının Azərbaycanın etnik tarixi və tarixi coğrafiyası ilə bağlı qərəzli fikirlərini faktlarla və elmi dəlillərlə təkzib etmişlər.
Sovet dövründə nəşr edilmiş digər əsərlərdə də bu məsələlər öz əksini tapmışdır. Müasir Azərbaycan tarixçiləri də erməni və İran tarixçilərinin Azərbaycanın tarixi coğrafiyası, etnik və siyasi tarixi haqqında qərəzli fikirlərini ifşa edən bir çox əsərlər ortaya qoymuşlar. Onlar yüzlərlə tarixi mənbələrə istinad edərək ən qədim dövrlərdən Araz çayının şimalındakı ərazinin də Azərbaycan adlandırıldığını sübut etmişlər. Azərbaycan alimləri “Albaniya”, “Aran”, “Şirvan”, “Cənubi Azərbaycan”, “Şimali Azərbaycan” və digər tarixi-coğrafi adların mövcudluğunu heç zaman inkar etməmişlər. XIX əsrin əvvəllərində tarixi Azərbaycan Çar Rusiyası və Qacarlar İranı arasında parçalandıqdann sonra iki hissəyə bölünmüş və nəticədə “Cənubi Azərbaycan” və “Şimali Azərbaycan” kimi istilahlar yaranmışdır. İki hissəyə parçalanması nəticəsində şimallı və cənublu azərbaycanlılar arasında həyat tərzlərində, dünyagörüşlərində, siyasi, iqtisadi, mədəni inkişaflarında, təhsil səviyyələrində müəyyən fərqlərin yaranmasına baxmayaraq onlar arasında əlaqələr tam itməmiş, Azərbaycan xalqı öz etnik-milli vahidliyini qoruyub saxlamışdır. Yalnız XX əsrin 20-ci illərində Sovet və Pəhləvi rejimlərinin hər iki tərəfdən sərhədləri bağlamaları ilə Azərbaycanın şimalı ilə cənubu arasında əlaqələr məhdudlaşmış, bu da hər iki ərazidə yaşayan əhalinin təmaslarına öz mənfi təsir göstərmişdir. Qeyd edildiyi kimi, ölkəmizin ərazisinin hələ qədimdən Azərbaycan adlandırılmasını təsdiq edən yüzlərlə tarixi mənbə mövcuddur ki, onların mötəbərliyi heç kimdə şübhə doğurmur. Qədim, orta əsrlərə və və yeni dövrə aid müxtəlif dillərdə yazılmış çoxsaylı tarixi qaynaqlar “Azərbaycan” istilahının Arazın hər iki tayındakı əraziləri əhatə etdiyini sübut edir. Bir çox ərəb müəlliflərinin əsərlərində Arazdan şimaldakı ərazinin hələ Sasanilər dövründən Azərbaycan adlandırıldığı məlum olur. Ət-Təbərinin (X əsr) “Tarix ər-rüsul vəl-müluk” (“Peyğəmbərlərin və hökmdarların tarixi”) əsərindən məlum olur ki, I Xosrov Ənuşirəvanın (531-579-cu illər) dövründə Azərbaycanın ərazisi dördüncü sepəhbodluq kimi Sasanilər imperiyasının tərkibinə daxil idi və onun ərazisi şimalda “Xəzərlərin ölkəsi”nə qədər uzanırdı.
Ərəblərin hücumu ərəfəsində inzibati vahid olan Azərbaycan ərazısi Həmədan, Əzhər, Zəncandan tutmuş Dərbəndədək uzanırdı. Sasanilər dövründə Azərbaycanın şimal sərhədlərininin Dərbəndədək uzandığı barəsində həmin şəhərin hasarlarındakı qədim Pəhləvi yazıları məlumat verir; bu yazılar 553-cü ildə Azərbaycandakı Sasani mərzbanı Bərzini tərəfındən tərtib edilmişdir. VI əsrə aid fars dilində yazılmış “Şəhristaniha-yi Eran” adlı coğrafi risalədə Azərbaycan ölkəsinə Atropatena, Ərməniyə, İberiya, Albaniya, Balasakan, Sisikan, Arey, Gilan, Deyləm, Dəmavənd, Təbəristan, Rovan, Amul, Həmədan və Muğan vilayətlərinin daxil olduğu göstərilmişdir. Sasanilər dövründən bəhs edən “Əndərz-i Xosrov Ənuşirəvan” adlı qaynaqda İran şahı I Xosrovun adından deyilir ki, “Azərbaycana tərəf hərəkət edib Çul, Dərbənd və Firuz-Xosrov şəhərinə çatdım”. Orta əsrlərə dair “Dərbəndnamə” salnaməsində ərəblərin hücumu ərəfəsində inzibati vahid olan Azərbaycan ərazisinin Dərbəndədək uzandığı göstərilmişdir. Bu dövrdə Azərbaycanın 3 3 əsas əhalisini türklər təşkil etdiyini qaynaqlar da sübut edir. Ərəb xəlifəsi I Müaviyyənin (VII əsr) müşaviri Übeyd ibn Şəriyyəyə «Türklər və Azərbaycan nə deməkdir?» sualına müşavir «Azərbaycan hələ qədimlərdən türklərin yaşadığı ölkədir” cavabını vermişdi. 1126-cı ildə farsca yazılmış bir anonim əsərdə də həmin fikri təsdiq edən məlumat öz əksini tapmışdır: «Azərbaycan qədimdən türklərin əlində olan bir ölkədir. Ərəb müəllifi əl-Yaqubi Arranı Azərbaycan ərazisində göstərərək bu ərazini “Yuxarı Azərbaycan” (Azərbaycan əl-Ülya) adlanırır. Əl-Yaqubi Azərbaycanın mahalları arasında Bərdənin və Beyləqanın adını çəkir. Digər ərəb müəllifi ibn- Hövqəl Azərbaycan, Arran və Ermənistanın ümumi xəritəsini çəkmiş və ona “Azərbaycanın xəritəsi” adı vermişdir. O həmçinin Xəzər dənizinin də xəritəsini çəkərək, onun Dərbəndədək bütün sahilboyu ərazisini Azərbaycan adlandırmışdı. Əl-Müqəddəsi Arran haqqında məlumat verərək yazır ki, bu ərazi bütün Azərbaycan vilayətinin üçdə birini təşkil edir, dəniz ilə Araz çayı arasında bir yarım Cəzirəyə bənzəyir, Malik [Kür] çayı isə vilayəti uzununa iki yerə bölür. Müəllif Azərbaycanın şəhərləri arasında Bərdə, Beyləqan, Şəmkir, Cənzə, Baric, Şamaxı, Şirvan, Bakı, Şabran, Bab ül- Əbvab, Lahican, Qəbələ, Şəki, Malazkerd və Teblanın adlarını çəkir. Arsax, Şəki və Sünik vilayətlərini də Arranın tərkibinə daxil edir. Ərəb tarixçisi əl-Kufi “Kitab əl-futuh” (“Fəthlər kitabı”) əsərində VIII əsr Ərəb–Xəzər müharibələrindən yazarkən yazır ki, Səid ibn Əmr əl-Harisi Varsana, Beyləqana, Bərdəyə, Qəbələyə və Azərbaycanın başqa yerlərinə çaparlar göndərdi. Başqa yerdə o Beyləqanı, Bərdəni, Qazaxı, Naxçıvanı Azərbaycan ərazisi kimi göstərir və yazır: “Xəlifə Azərbaycana Adiyyə ibn əl-Kindini təyin etdi. Adiyyə Azərbaycana gedib Beyləqanda düşərgə saldı”; “Əl-Haris ibn Əmr Azərbaycan ölkəsinə gedib Bərdədə yerləşdi”. “Mərvan Şamdan 120 minlik ordu ilə yola düşür və tezliklə Azərbaycana gələrək, Bərdədən 40 fərsəx və Tiflisdən 20 fərsəx aralı olan Qazax adlı məntəqədə dayanır”. İbn əl-Əsir (XII-XII əsrlər) xəlifə Məsləmə ibn Əbdül-Malik türklərə (xəzərlərə) qarşı yürüşə çıxdığını və Azərbaycan vilayətindəki əl-Baba (Dərbəndə) qədər gedib çatdığını. Ət-Təbəri isə Azərbaycan Ərəb xilafətinin tərkibində olarkən Həmədandan Dərbəndə qədər böyük bir ərazini əhatə etdiyini göstərirdi. Deməli, Ərəb xilafəti zamanında Azərbaycanın coğrafi hüdudları şimalda Dərbənd şəhərini əhatə edirdi və Arazın şimalı da Sasanilər dövründə olduğu kimi yenə də Azərbaycan ölkəsinin tərkib hissəsi hesab edilirdi. Bələmi (X əsr) “Tərcume-yi tarix-i Təbəri” (“Təbəri tarixinin tərcüməsi”) əsərində Həmədandan Dərbəndə qədər ərazinin Azərbaycan adlandırıldığını təsdiq edir. X əsrdə yaşamış digər müəllif – İbn əl- Fəqih Həmədani «Kitab əl-məmalik» («Ölkələrin kitabı») əsərində Azərbaycanın sərhədlərinin Bərdədən Zəncanadək olduğunu göstərərək, onun ərazisində Bərgəri, Salmas, Muğan, Xuvey, Varsan, Beyləqan, Marağa, Təbriz Bərdə, Saburxast, Xunəc, Miyanəc, Mərənd, Külsərə, Bərzənd kimi şəhərlərin olduğunu qeyd edir. Həmdullah Qəzvini «Nüzhət əl-qülub» əsərində Azərbaycanın İraqi-Əcəm, Gürcüstan, Ermənistan və Kürdüstan ilə həmsərhəd ərazilərdə lokallaşdırır (65, s. 85). Azərbaycanın şəhərləri arasında Təbrizin, Ucanın, Gəsgərin, Naxçıvanın, Əcnanın, Ordubadın, Azadın və Makuyənin adını çəkir. İbn əl-Əsir XII əsr hadisələrindən bəhs edərkən Azərbaycanın Dvin, Dərbənd, Qəbələ və Gəncə şəhərlərinin adını çəkir. Fəzlullah Rəşidəddinin (1247-1318) “Mukatibat-i Rəşidi” əsərində Arazdan cənubda yerləşən bir sıra ərazilərlə yanaşı, Araz çayından şimalda yerləşən Naxçıvan, Qarabağ, Muğan, Arran, Şəki və Ərməniyə bölgələrini “Azərbaycanın vilayət və naiblikləri” kimi göstərir. XVII əsr müəllifi Məhəmmədhüseyn ibn Xələf Təbrizi «Burhan-i Qate» adlı lüğətnaməsində «Arran» haqqında yazır: «Arran Azərbaycanda bir vilayətin adıdır. Gəncə və Bərdə orada yerləşir». Mirzə Səmianın 1724-1725-ci illərdə yazdığı «Təzkirət-əl-müluk» əsərində Azərbaycan əyaləti dörd bəylərbəylikdən – Təbriz, Çuxursəd (indiki Ermənistan ərazisi), Qarabağ və Şirvandan ibarət olmuşdur. Cənubi Azərbaycandan olan tədqiqatçı S. Sərdariniya müxtəlif mənbələrə əsaslanaraq Azərbaycan adının Azərbaycan Respublikasının həqiqi və tarixi adı olduğunu, həm Arran və Qarabağ vilayətlərinin, həm də İrəvan və bütün Çuxursədin Azərbaycan əyalətinin bir hissəsi olub, Azərbaycanın ərazisi olduğunu sübut edir. 4 4 İndiki Azərbaycan Respublikasının ərazisinin Azərbaycan adlanması haqqında sonrakı əsrlərin müəlliflərin əsərlərində də çoxlu faktlar vardır. Mirzə Məhəmməd Hüseyn Mustovfi (XVIII əsr) “Təfsil-i əsakir-i firuzi muasir-i Şah Sultan Hüseyn-i Səfəvi” adlı əsərində Azərbaycanın Dərbəndə qədər uzandığını bildirərək onun bütün şəhərləri və kəndlərinin xəzinəyə 500 min tümən ödəməli olduğunu göstərir”. Şamlu tayfasının Bəydili (Biqdeli) oymağından olan Lütfəli bəy Azər h.1174-1193-cü (m.1760/61-1779-cu) illər arasında, fars dilində tərtib etdiyi “Atəşkədə” təzkirəsində yazır: “İndi bütün Şirvan, Muğan, Gürcüstan və Ərmən Azərbaycana daxildir”. O, digər bir yerdə Gəncədən bəhs edərkən “Azərbaycanın mötəbər şəhərlərindən olan, xoş ab-havası ilə məşhurlaşan Gəncə” deyə qeyd edir. “Arif” təxəllüslü İran şairi və alimi Məhəmməd Şirazi özünün h.1076-1078 (m.1665-1668)- ci illərdə yazdığı “Lətaifül-xəyal” (“Xəyal lətiflikləri”) adlı təzkirəsində Azərbaycanın məşhur şairlər yetişdirmiş nahiyələrini sırasında Ərdəbil, Təbriz, Gəncə, Şirvan, Beyləqan, Marağa və Həmədan kimi şəhərlərin adını çəkir. 1177-ci ilin şəvval (1764-cü ilin apreli) ayında Kərim xan Zənd tərəfindən verilmiş fərmanda Azərbaycan vilayətləri sırasında Şirvanın, Qarabağın, Təbrizin, Gəncənin, Naxçıvanın adı çəkilir. Deməli, Azərbaycanın Həmədandan Dərbəndə qədər uzanan coğrafi sərhədləri Sasanilər dövründən Səfəvilər dövrünədək bütün orta əsrlər tarixi boyunca dəyişməz qalmış və bu gerçəklik bir sıra ilkin məxəzlərdə obyektiv surətdə öz əksini tapmışdır .
Kamran İsmayılov, “Savalan” Tarixi Araşdırmalar İctimai Birliyinin sədri, AMEA Tarix İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent