Azərbaycan ictimaiyyəti hər gün ölkənin ən önəmli siyasi hadisəsinə - Prezident seçkilərinə daha da yaxınlaşır. Təbii olaraq, ölkənin informasiya məkanı da hər yeni gün daha maraqlı və rəngarəng olur. Ölkənin informasiya məkanında seçki ilə əlaqədar müxtəlif düşüncələr, mülahizələr və fərziyyələr dolaşsa da, cəmiyyətdə seçkilərin nəticəsi ilə bağlı qəti və prinsipial əminlik mövcuddur. Qeyd olunan kontekstdə məhz “əminlik” ifadəsinə xüsusi diqqət yetirilməlidir. Əminlik amili xalqın fevralın 7-də seçimini müəyyən edəcək əsas anlayışdır. Azərbaycan xalqı olduqca arif, təcrübəli və praqmatikdir. Odur ki, həyati əhəmiyyətə malik məsələlərlə bağlı qərarların qəbul edilməsi sistemində gələcəyə əminlik amili bütün dövrlərdə xalqımız üçün önəmli prioritetlərdən biri olub. Məhz sözügedən amil əsas səbəblərdən biri olub ki, Azərbaycan xalqı 1993-cü ildə bəlalardan canını qurtarmaq və dövləti xilas etmək üçün üzünü Ulu Öndər Heydər Əliyevə tutub və gələcəklə bağlı olan bütün ümidlərini onun adı ilə bağlayıb.
Bu fikirlər politoloq A.Adilin ““Qərbi narahat edən “əminlik” amili” sərlövhəli məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir.
Seçkilərin tarixi elan olunan gündən etibarən radikal siyasətciklərin “kirli” siyasi texnologiyalarının ifşasına həsr olunmuş bəzi mülahizələrimizi vaxtaşırı bölüşürük. Məkrli niyyətlər ifşa olunmalı və qərəzli manipulyasiyaların qarşısı mütləq alınmalıdır. Seçkilərlə bağlı Qərbin manipulyatorları tərəfindən yazılmış bütün ehtimal olunan ssenarilər bəllidir, müxtəlif dövrlərdə bir sıra ölkələrdə bu ssenarilər təkrarlanır. Bəzi ölkələrin uğursuz təcrübəsində biz bu ssenarilərin faciəvi nəticələrlə bitməsinə dəfələrlə şahidlik etmişik. Birmənalı olaraq deyə bilərik ki, Qalib Azərbaycan xalqı məkrli niyyətlərin reallaşmasına imkan verməz. Azərbaycan kimlərinsə geosiyasi ambisiyalarının savaş poliqonuna çevrilməyəcək. Böyük uğurlara qapı açan Qələbəmiz və cəmiyyətdə yaşanan həmrəylik ruhu bütün təxribatlara qarşı ideal immunitetdir.
Buna baxmayaraq, əlbəttə, biz xalq və cəmiyyət olaraq öz siyasi sayıqlığımızı mütləq qorumalıyıq. İnformasiya təxribatları fasiləsiz davam edir. Qərbin “kirli” siyasi texnologiyalarının bütün potensialı səfərbər olunur, öz xalqına düşmən kəsilmiş şəxslər isə könüllü şəkildə islah olunmayacaq. Təəssüf ki, vətənşivənlərin qərəzli demaqogiyası sərhəd və əxlaq tanımır. Onların ritorikası milli maraqları və həqiqətləri tərənnüm etmir, əksinə, bütün mülahizələr yalnız xəstə ambisiyaların təsiri ilə diktə olunur.
Bilməliyik ki, siyasi texnologiyaların müəyyən proseslərin gedişatına təsir etmək mexanizmləri standart olsa da, Qərbin polittexnoloqları bəzi “yerli xüsusiyyətləri” nəzərə almaq məcburiyyətindədirlər. Elə məhz qeyd olunan məqsədlə Qərbin müəyyən institutları tərəfindən konkret xalqın mental xüsusiyyətləri də ətraflı tədqiq olunur. “Yerli xüsusiyyətləri” nəzərə alaraq standart xarakterli təxribat ssenarilərində korrektələr aparılır.
Xatırladaq ki, siyasi şivənlərin seçki ilə bağlı təxribatlar şousu “boykot-boykot” oyununun elan olunması ilə başlayıb. Heç şübhəsiz ki, “boykot” radikalların seçkilərlə bağlı təxribatlarının yalnız biri, bəlkə də birincisidir. Qeyd olunan təxribat növünün məqsəd və xüsusiyyətləri haqqında əvvəlki yazılarda bəhs olunub. Təkrarçılığa ehtiyac yoxdur, hər şey su kimi aydındır. Bu cür oyunların strateji məqsədi müxtəlif manipulyasiyalara yol açan emosional gərginliyin cəmiyyətdə süni şəkildə artırılmasıdır.
Radikalların növbəti “kirli” texnologiyaları məhz “cəmiyyət qarşıdan gələn seçkilərə maraq göstərmir” kimi qərəz dolu ifadə ilə bağlıdır. Yumşaq desək, təbəssümə səbəb olan siyasişivənlərin sözügedən absurd xarakterli informasiya hoqqası, əhalinin ictimai şüurunda bilavasitə seçkilər ilə bağlı yanlış stereotiplərin formalaşdırılması niyyətləri ilə bağlıdır. Bu cür yanaşmanın sosial şəbəkələrdə yayılması üçün durmadan uğursuz cəhdlər göstərilir. Qərəz və xəstə ambisiyalar səbəbindən bu boşboğaz “vətənşivənlər” həqiqətləri görmək istəmirlər.
Bəli, fevralın 7-də ediləcək seçim ilə bağlı cəmiyyətdə heç bir tərəddüd yoxdur. Azərbaycan xalqı öz seçimində əmindir. Məhz elə bu əminlik Qərbi çox narahat edir. Şübhə və çoxlu sayda açıq sualların mövcudluğuna səbəb olan Qərbin, o cümlədən ABŞ-ın seçki modeli xalqın açıq dəstəyini əks etdirmir. Bəzən qalib tərəf cəmi 1-2 faiz fərqlə müəyyən olunur, seçkilər nəticəsində isə cəmiyyət ideoloji baxımdan parçalanır. Məhz elə bu səbəbdən də “demokratiyanın flaqmanı” hesab olunan ölkələrdə “xalqın mütləq dəstəyinə sahib olan siyasi lider” ifadəsi ağrılı allergiyaya səbəb olur. Həmin cəmiyyətlər bu keyfiyyətdən məhrumdurlar. Əlbəttə ki, bu halda onlar üçün ən rahat yol – diqqətin yayındırılması və digər ölkələrdə keçirilən seçki proseslərini tənqid etməkdən ibarətdir. Son illərin tendensiyası göstərir ki, konkret cəmiyyətlərdə yaşanan milli həmrəylik Qərbin bütün geosiyasi strategiyalarının hədəfindədir.
“Cəmiyyətdə qarşıdan gələn seçkilərə maraq yoxdur” ifadəsi isə qərəz və açıq yalandan başqa bir şey deyil. Seçkilərdə namizəd olaraq iştirak etmək istəyən şəxslərin sayı artır, müvafiq platformalar yaradılır, hökumət özü seçkilərin təbliğatını aparır. İnformasiya məkanında mövcud materialların ən azı üçdəbiri bilavasitə seçkilərlə bağlıdır, sosial şəbəkələr isə ümumiyyətlə “seçki cəngəllikləri”nə bənzəyir və s. Əlbəttə, sağlam rəqabət apara bilməyən, çamıra batmış və öz xəstə ambisiyalarında boğulan xain qüvvələrin yeganə ümidi “kirli” texnologiyalardır. Digər ölkələrdə tətbiq olunmuş ssenarilərə əsasən növbəti mərhələlərdə iqtidar nümayəndələrinin, xüsusən bilavasitə seçki prosesinə cəlb olunan şəxslərin ünvanına şər və böhtan atılmasına da şahidlik edəcəyik.
Heç şübhəsiz ki, siyasişivənlərin bütün bu yaramazlıqları onlara heç bir fayda verməyəcəkdir. Azərbaycan xalqı Qələbə seçkilərində iştirak edəcək və öz səsini əminli gələcəyə verəcək. “Kirli” siyasi texnologiyaların ifşasına davam...