Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bizim regionda Vaşinqton özünü qlobal barometr kimi aparmağa cəhd etməməlidir

Bizim regionda Vaşinqton özünü qlobal barometr kimi aparmağa cəhd etməməlidir


"Ali səviyyədə də dəfələrlə ifadə edildiyi kimi, 30 illik münaqişə ərzində digər vasitəçilərlə yanaşı ABŞ-in da Cənubi Qafqazda təcavüz status-kvosunun möhkəmlənməsi və Azərbaycanın tədricən işğalla barışmasına xidmət edən vasitəçiliyinə şahidlik etmişik".

Bu fikirləri Newscenter.az-a Milli Məclisin deputatı Bəhruz Məhərrəmov okeanın o tayından Azərbaycana qarşı artan təzyiqlərin səbəbini şərh edərkən səsləndirib. Millət vəkili bildirib ki, bir sıra Qərb dairələri, o cümlədən də Vaşinqton əvvəlcə bütövlükdə işğala, Vətən müharibəsindən sonrakı dövrdə isə Qarabağ iqtisadi rayonunun bir sıra bölgələrində o zaman davam edən separatizmə regiona təsir imkanı kimi baxırdılar:

"Nəticə etibarı ilə Ermənistan və erməni cəmiyyətində revanş xülyaları baş qaldırır, Qərb dairələri də prosesləri yeni hərbi qarşıdurmaya təşviq edirdi. Lakin 2023-cü ilin sentyabrın 19-20-də keçirilən antiterror tədbirləri ilə separatizmə son qoyulması, qanunsuz silahlı birləşmələrin tərkisilah edilməsi və Ermənistan ordusunun hissələrinin Qarabağdan çıxarılması ilə Azərbaycanın suverenliyi tam bərpa olundu. Nəticə etibarı ilə Azərbaycanla Ermənistan arasında 35 illik gərginliyin əsas mənbəyi olan Qarabağ məsələsi gündəmdən tamamilə çıxarıldı".

Deputat deyib ki, bu gün Azərbaycan regionda əməliyyat şəraitinə tam nəzarət edir və artıq 4 aya yaxındır bölgəmizdə atəş səsləri eşidilmir:

"Bir sözlə, beynəlxalq hüququn aliliyini, BMT Təhlükəsizlik Şurası qətnamələrini Azərbaycan özü təmin edərək bölgə üçün yeni dövr başladıb. Çox təəssüf ki, beynəlxalq birliyin bir sıra subyektləri, o cümlədən Vaşinqton cari vəziyyətə özünün qeyri-hüquqi maraqları və mənafeləri üçün təhdid kimi baxır. Elə ABŞ Dövlət Departamenti son əsassız açıqlamaları da buna nümunədir. Aydındır ki, son aylar məhz qeyri-adekvat gedişləri ilə regionda nüfuzunu itirən Vaşinqton “demokratiya”, “insan haqları” bəhanəsi altında hücumların effekt vermədiyini görüb, bu dəfə dini azadlıqların himayəçisi qiyafəsində pərdələnmək niyyətindədir. Heç şübhəsiz ki, ABŞ-nin səsləndirdiyi bu iddiaların əslində dini azadlıqlarla heç bir bağı olmayan siyasi çirkab olduğu aydındır. Hər kəs qəbul edir ki, Azərbaycan min illərdir etnik və dini müxtəlifliyin milli sərvət kimi qorunduğu bütün konfessiyalar üçün bərabər şəraitin yaradıldığı məkan və dünyada multikulturalizmin ünvanlarından biridir. Görünən odur ki, ABŞ Azərbaycanda ayrı-ayrı xalqların və dinlərin mənsublarının yüz illərdir ki, əmin-amanlıq, qarşılıqlı hörmət və etimad şəraitində yaşaması, çətin günlərdə Vətən müharibəsində olduğu kimi Dəmir Yumruq kimi birləşərək istənilən təhdidi dəf etməsinə özünün “parçala və hökm sür” siyasətinə əngəl kimi baxır".

Bəhruz Məhərrəmovun sözlərinə görə, əgər Vaşinqton regionda maraqlarını təmin etmək istəyirsə bunu sağlam əməkdaşlıq, bərabərhüquqlu tərəfdaşlıq formatında edə bilər və bəllidir ki, ötən dövrdə istər enerji, istərsə də təhlükəsizlik sahəsində bununla bağlı yaxşı təcrübə formalaşdıra bilmişik:

"Yəni Amerika Birləşmiş Ştatları nəhayət anlamalıdır ki, selektiv və beynəlxalq hüquqa zidd davranışları fonunda
böyük dövlət olması ona qlobal “nəzarətçi”, yaxud “tərbiyəçi” rolunu mənimsəməsinə əsas vermir və xüsusən bizim regionda Vaşinqton özünü qlobal barometr kimi aparmağa cəhd etməməlidir".

Süleyman İsmayılbəyli
Xəbəri paylaş