“Birləşmiş Ərəb Əmirliklərinin prezidentinin Azərbaycana səfərini qarşılıqlı maraq doğuran səfərlərdən biri kimi xarakterizə etmək lazımdır. Məlumat üçün qeyd edim ki, keçən il, dekabr ayının əvvəllərində Azərbaycan Respublikasının prezidenti İlham Əliyev COP28 tədbiri çərçivəsində Birləşmiş Ərəb Əmirliklərində səfərdə oldu və dövlət başçısı həmin tədbir çəçivəsində BƏƏ prezidentini Azərbaycana səfərə dəvət etdi. Bu səfərin mühüm məqamlarından biri ondan ibarətdir ki, tərəflər arasında bir sıra sahələri əhatə edən sənədlər imzalandı”.
Bu fikirləri Newscenter.az-a Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri, politoloq Samir Hümbətov Birləşmiş Ərəb Əmirliyinin prezidentinin Azərbaycana səfərinin ikitərəfli əlaqələrə mümkün təsirləri barədə danışarkən səsləndirib. O bildirib ki, ikitərəfli əlaqələrdə alternativ və bərpa olunan enerji sahəsində əməkdaşlığa xüsusi diqqət yetirilir:
“Azərbaycan işğaldan azad edilmiş ərazilərdə bu sahənin inkişafına xüsusilə diqqət ayırır”.
Samir Hümbətov onu da deyib ki, səfərin mühüm əhəmiyyət kəsb edən digər bir tərəfi birgə İnvestisiya Fondunun yaradılması və ora 1 milyard dollar kapitalın qoyulması oldu:
“Bir sözlə tərəflər arasında əlaqələrin daha da inkişafı, dərinləşməsi üçün imkan, şərait var. Hesab edirəm ki, həm də bunun böyük perspektivləri növbəti illərdə daha aydın şəkildə görünə bilər. Çünki qarşıdakı 4 ildə artıq Azərbaycan BƏƏ ilə alternativ və bərpa olunan enerji sahəsində əməkdaşlığı daha da dərinləşdirə biləcəklər. Ümumiyyətlə, Azərbaycanın Körfəz ölkələri ilə əməkdaşlığının dərinləşməsi ölkəmizin maraqlarına xidmət edən amillərdəndir”.
Samir Hümbətov onu da deyib ki, BƏƏ-nin Cənubi Qafqaz, ümumən Avrasiya məkanına ciddi marağının artması Azərbaycanı bu ölkə üçün cəlbedici edən amillərdəndir:
“Hesab edirəm ki, Bir Kəmər, Bir Yol layihəsi məsələsi burada BƏƏ üçün böyük maraq kəsb edən məsələlərdəndir. Bu baxımdan düşünürəm bu səfər ikitərəfli əməkdaşlığın gələcək perspektivləri üçün ciddi istiqamət rolunu oynaya bilər. Eyni zamanda bu, bizim bölgə ilə bərabər, həm də Fars, Ərəb Körfəzinin daha çox inteqrasiya imkanlarını genişləndirə bilər”.
Anar Əliyev