Gürcüstanın siyasi həyatında bu günlərdə baş verənlər təkcə bu ölkədə deyil, eləcə də onun yaxın-uzaq qonşularında maraqla izlənməkdədie. İndi hər kəsi bir sual düşündürür. Gürcüstanın hökumət rəhbərinin qəfil istefası nəyə hesablanıb?
Qonşu ölkədə baş verənləri şərh edən "Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyinin sədri Fikrət Yusifov Newscenter.az-a bildirib ki, Gürcüstan müxalifəti hökumətdəki dəyişiklikləri Gürcüstanın “qeyri-rəsmi hökmdarı” Bidzina İvanişvilinin təşəbbüsü hesab edir. O bildirib ki, Gürcüstanın baş naziri İrakli Qaribaşvili yanvarın 29-da istefa verdiyini və hakim Gürcü Arzusu Partiyasının sədri postuna keçdiyini bəyan edib:
"İrakli Qaribaşvili onu kimin əvəzləyəcəyini dəqiqləşdirməyib, həmçinin partiyanın hazırkı sədri İrakli Kobaxidzenin sonrakı taleyinin necə olacağına da münasibət bildirməyib. Lakin media, xüsusilə hökumət mediası iddia edir ki, Gürcüstanın yeni baş naziri məhz İrakli Kobaxidze olacaq. Qaribaşvili xüsusi brifinqdə deyib ki, o, istefası barədə qərarını Gürcü Arzusu liderləri ilə müzakirədən sonra verib".
Fikrət Yusifov xatırladıb ki, bu, artıq 2013-2015-ci illərdə baş nazir vəzifəsində çalışmış İrakli Qaribaşvilinin ikinci istefasıdır:
"Daha əvvəl o, “vətənimizin sadiq əsgəri” olaraq qaldığını deyərək, öz istəyi ilə bu vəzifəni tərk etmişdi. Bundan sonra Qaribaşvili 2021-ci ildə baş nazir postuna qayıdıb, Giorgi Qaxarianı əvəzləyib, o da öz növbəsində hakim partiya ilə fikir ayrılığına görə istefa vermişdi"
Onun sözlərinə görə, 45 yaşlı İrakli Kobaxidzeyə gəlincə, o, “Gürcü arzusu”nun əsas fiqurlarından biridir:
"2021-ci ilin yanvarından Kobaxidze “Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyasının sədri vəzifəsini tuturdu, buna qədər 2016-2019-cu illərdə Gürcüstan parlamentinin spikeri olmuşdu. Kobaxidze ixtisasca hüquqşünasdır, bakalavr və magistr hüquq təhsilini Tbilisi Dövlət Universitetində və Almaniyanın Düsseldorfda şəhərində Heinrich Heine Universitetində alıb.
Gürcüstan müxalifəti hökumətdəki bu dəyişikliyinin əslində sadəcə “formallıq” olduğuna əmindir. Hakimiyyətin əleyhdarları bu gedişləri “Gürcü Arzusu” partiyasının yaradıcısı, 2023-cü ilin dekabrında partiyanın “fəxri sədri” kimi siyasətə qayıdan milyarder Bidzina İvanişvilinin təşəbbüsü hesab edirlər. Bundan əvvəl İvanişvili iki dəfə bəyanat verərək siyasi səhnəni “əbədi” tərk etdiyini demişdi. Gürcüstanda müxalifət hesab edir ki, ölkəni faktiki olaraq qeyri-rəsmi İvanaşvili idarə edir və 2012-ci ildən etibarən hökumətin qəbul etdiyi bütün əsas qərarlar onun razılığı ilə verilir".
Fikrət Yusifov hesab edir ki, bu halda toplananların yerini dəyişdikdə cəm dəyişmir kimi bir deyim yada düşür. Əgər əvvəllər İrakli Qaribaşvili baş nazir, digər İrakli isə partiyanın sədri idisə, indi onlar sadəcə olaraq yerlərini dəyişirlər:
"Bütün bunlar vaxtılə Rusiyada V.Putinlə D.Medvedevin baş nazirlə prezident kürsülərini dəyişməsi ssenarisini xatırladır"
Süleyman.