Qırğızıstanın paytaxtı Bişkekdə İstilik Elektrik Stansiyasında baş verən partlayışda xəsarət alanlar müalicə üçün Türkiyəyə göndərilə bilər.
Newscenter.az "Sputnik Qırğızıstan"a istinadən bildirir ki, bu məqsədlə sabah iki türkiyəli mütəxəssis Bişkekə gələcək.
Türkiyəli həkimlər qırğız həmkarı ilə birlikdə qəza zamanı yanıq xəsarətləri alanlara yardım edəcəklər. Qırğızıstanın Səhiyyə Nazirliyindən bildirilib ki, zərurət yaranacağı təqdirdə xəstələr müalicə üçün Türkiyəyə göndəriləcək.
Qeyd edək ki, fevralın 2-nə keçən gecə Bişkek İstilik Elektrik Stansiyasında qəza baş verib. Nəticədə şəhərə istilik və isti suyun verilməsində fasilələr yaranıb. Hazırda qəzanın nəticələrinin aradan qaldırılması istiqamətində işlər aparılır, aidiyyəti dövlət orqanlarının nümayəndələrindən ibarət komissiya işləyir.
Partlayış nəticəsində 5 nəfər xəsarət alıb, 3 nəfər xəstəxanaya yerləşdirilib. Həkimlər onlardan ikisinin vəziyyətinin ağır olduğunu bildiriblər.
Mehman Mehdiyev