Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Gənclər ölkəmizin həyatında çox önəmli rol oynayırlar

Gənclər ölkəmizin həyatında çox önəmli rol oynayırlar


2 fevral 1996-cı il tarixində Ümummilli lider Heydər Əliyev Azərbaycan Gənclərinin birinci Forumunda gənclər qarşısında tarixi bir vəzifə qoymuşdur: “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir”. 2 fevral 1997-ci il tarixində Ulu Öndər tərəfindən imzalanmış Sərəncama əsasən, hər il fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib. Həmin vaxtdan etibarən bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda Gənclər Günü təntənəli şəkildə qeyd edilməyə başlanıb.

Gənclərimizə diqqət və qayğı Ümummilli Lider Heydər Əliyevin həyata keçirdiyi düşünülmüş və məqsədyönlü siyasətin əsas tərkib hissəsi olub. Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə ölkəmizdə Gənclər və İdman Nazirliyinin yaradılması, Gənclər Gününün təsis edilməsi ilə ölkədə gənclər siyasətinin qanunvericilik bazası formalaşdırıldı. Gənclərin sosial, iqtisadi, məişət, elm, təhsillə bağlı problemlərinin həllinə yönəldilən, istedadların aşkara çıxarılmasına imkan yaradan Sərəncamlar əsasında Dövlət Proqramları qəbul edildi.

Ulu Öndərin gəncliyə diqqət və qayğısını daha əhatəli, şaxələnmiş istiqamətdə davam etdirən Prezident İlham Əliyev bu siyasətə sadiqliyini real fəaliyyəti ilə doğruldur. Cənab İlham Əliyevin Sərəncamı ilə 2007-ci il ölkəmizdə “Gənclər ili”, 2020-ci il isə “Könüllülər İli” elan edildi. Respublikanın şəhər və rayonlarında “Gənclər evi”nin yaradılması da bu qayğının tərkib hissəsidir. Gənclərin təşəbbüsləri, onların əməyi bu gün hər yerdə görünməkdədir.

Bu gün cəmiyyətimizin böyük hissəsini təşkil edən gənclər ölkəmizin həyatında çox önəmli rol oynayır. Azərbaycan gəncləri azad, sabitlik olan, özünə güvənən ölkədə yaşayır. Gənclər öz gələcək həyatını düzgün müəyyən etmək və dövlətə xeyir vermək üçün bütün qüvvə və bacarıqlarını səfərbər edirlər. Qeyd etdiyimiz kimi, 2020-ci il dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə “Könüllülər ili” elan edilmişdi. Ölkə Prezidentinin bildirdiyi kimi, könüllülük hərəkatı məhz “ASAN xidmət”dən başlayıb. Könüllülər hərəkatının genişlənməsi cəmiyyət üçün lazımdır. Könüllü olmaq, ümumiyyətlə, insanların xoş niyyətini göstərir: “İnsanlar təmənnasız olaraq kiməsə kömək etmək, ümumi işimizə töhfə vermək üçün öz asudə vaxtlarından istifadə edib bu işləri görürlər. Yəni, bu, doğrudan da çox ciddi, gözəl bir niyyətin təzahürüdür. Şadam ki, Azərbaycanda könüllülər sinfi formalaşıb və onların mütləq əksəriyyəti gənclərdir. Yəni, gənc nəsil bu ab-havada yetişir ki, ümumi işimizə töhfə versin, dövlətimizi möhkəmləndirsin və köməyə ehtiyacı olan insanlara yardım göstərsin. Bax, könüllülük funksiyası və niyyəti bundan ibarətdir.”

44 günlük İkinci Qarabağ müharibəsində minlərlə könüllü gəncin iştirakı, yazılan tarixdə onların da öz payının olması, 2019-cu ilin sonlarından dünyanı bürüyən koronavirus infeksiyası ilə mübarizədə könüllü gənclərin ahıl insanlara sosial xidmətin göstərilməsində fədakarlıqları hər birimizdə qürur hissi yaratdı. Azərbaycan gəncliyi daim Prezidentimizin ətrafında sıx birləşib, gələcəyə böyük inamla addımlayır.

Azərbaycan gəncliyi cəmiyyətin inkişafında fəal sosial təbəqə olaraq öz sözünü deyir. Gənclərimiz mədəniyyət, elm, idman və digər sahələrdə böyük inamla addımlayırlar. Mədəni irsimizin qorunub saxlanılması və inkişaf etdirilməsində çox mühüm və ciddi addımlar atırlar. Onların həm potensialı, həm fəallığı, həm də məsələlərə yeni baxışları cəmiyyət üçün çox lazımdır. Ölkə başçısı gənclərlə görüşündə bildirmişdir: “Bu gün Azərbaycan gəncləri müstəqillik dövründə yaşayırlar. Bu, böyük xoşbəxtlikdir. Bu gün hər bir vətənpərvər azərbaycanlı haqlı olaraq fəxr edir ki, o, müstəqil Azərbaycan Respublikasının vətəndaşıdır”…

Vüsal Hümbətzadə,
Azərbaycan Dillər Universitetinin Beynəlxalq münasibətlər və Regionşünaslıq fakültəsinin 4-cü kurs tələbəsi
Xəbəri paylaş