Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ölkədə yüksək seçki əhval-ruhiyyəsi mövcuddur

Ölkədə yüksək seçki əhval-ruhiyyəsi mövcuddur


İqbal Məmmədov: “Lerikli seçicilərin layiqli namizədi İlham Əliyevdir”

Fevralın 7-də Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkilərinə sayılı günlər qalır. Hazırda seçkilərin ən gərgin mərhələsi, təbliğat-təşviqat dövrü davam edir. Bütün namizədlər kimi Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyevin təşviqatı çərçivəsində hakim partiya paytaxt və regionlarda seçicilərlə silsilə görüşlər keçirir. İlham Əliyevin təşviqatı çərçivəsində seçicilərlə keçirilən görüşlərdə iştirak edən, hakim partiyanın üzvü, Milli Məclisin deputatı İqbal Məmmədov Newscenter.az-a verdiyi müsahibədə seçkiöncəsi vəziyyətdən, əhalinin seçki fəallığından danışıb.

-İqbal müəllim, ilk olaraq sualım ondan ibarətdir ki, seçkiöncəsi ölkədəki vəziyyəti necə qiymətləndirirsiniz?

-Bildiyiniz kimi fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək. Hazırda seçkilərin ən gərgin mərhələsi, təbliğat-təşviqat dövrüdür. Sualınıza gəlincə, deyərdim ki, ölkədəki seçkiöncəsi vəziyyət kifayət qədər normal və sabitdir. Seçki mübarizəsinə qoşulan bütün namizədlər üçün bərabər imkanlar yaradılıb. Seçkinin ilkin mərhələlərində olduğu kimi, təbliğat-təşviqat mərhələsində də bütün prosedur qaydalar Seçki Məcəlləsinin tələblərinə uyğun şəkildə, demokratik, azad şəraitdə, heç bir maneçilik törədilmədən davam edir. Artıq təbliğat-təşviqat kampaniyasının son günləridir. Əminəm ki, növbədənkənar prezident seçkilərinin digər mərhələləri kimi ən son səsvermə mərhələsi də azad və demokratik şəraitdə, şəffaf şəkildə baş tutacaq və xalq, seçici öz istədiyi namizədə etimad göstərəcək, ona səs verəcək.

-Siz də təbliğat-təşviqat kampaniyası çərçivəsində hakim partiyanın təmsilçisi, həmçinin Milli Məclisin deputatı kimi bu prosesdə fəal iştirak edib, seçicilərlə görüşlər keçirmisiniz. Seçicilərin seçkiyə olan münasibəti necədir?

-Düz qeyd edirsiniz ki, mən də təbliğat-təşviqat kampaniyası çərçivəsində deputat seçildiyim Lerik rayonunda seçicilərlə bir sıra görüşlərdə iştirak etdim. Kampaniya müddətində rayonun Barzavu, Anbu, Lüləkəran, Osnağakücə, Xəlifəkücə və Blaband kəndlərində, 12 kəndi əhatə edən Vizəzəmin kənd inzabati ərazi dairəsində, Lerik rayonu Mondigah inzibati ərazi dairəsində, Noda inzibati ərazi dairəsində seçicilərlə keçirilən görüşlərdə iştirak edərək son 20 il ərzində ölkədə aparılan islahatlar və görülmüş işlərdən ətraflı danışdıq. Möhtərəm Prezidentimiz İlham Əliyevin Lerik rayonuna göstərdiyi xüsusi diqqət və qayğının nəticəsi olaraq rayonumuzun keçdiyi inkişaf prosesinə nəzər salındı. Seçicilər də öz növbəsində 7 fevral tarixində hər zaman xalqın qayğısına qalan, namizədliyi YAP tərəfindən irəli sürülmüş İlham Əliyev cənablarının alternativsiz namizəd olduğu və yekdilliklə Ona səs verəcəklərini qeyd etdilər.

Bu müddət ərzində eyni zamanda Lerik rayonunda ilk dəfə səs verəcək gənclərlə görüşümüz oldu. Gənclərə son 20 il ərzində İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın inkişaf və tərəqqi yolu keçdiyi, dünyanın aparıcı dövlətlərindən birinə çevrildiyi gerçəkliyini çatdırdıq. Ölkəmizin bu inkişaf yolunun davam etməsi üçün mövcud siyasi kursun davam etməsinin zəruriliyini bildirdik və bunun da İlham Əliyevin yenidən dövlət başçısı seçilməsi ilə mümkün olduğunu vurğuladıq. Gənclər də öz növbəsində Azərbaycanın Zəfər tarixini yazan, ölkəmizin ərazi bütövlüyünü və suverenliyini təmin edən Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin siyasətini dəstəklədiklərini, Azərbaycanı parlaq gələcəyə - işıqlı sabaha aparan Liderə səs verəcəklərini və daim onun ətrafında sıx birləşəcəklərini ifadə etdilər.

-İqbal müəllim, keçirdiyiniz görüşlər və vətəndaşlarla söhbətlərinizdən hansı nəticəyə gəlmək olar? Konkret olaraq seçicilərdə, xüsusilə Lerikdə seçki əhval-ruhiyyəsi hansı səviyyədədir?

-Mən deyərdim ki, təkcə Lerikdə deyil, ümumən bütün ölkədə yüksək seçki əhval-ruhiyyəsi mövcuddur. Təbliğat-təşviqat prosesi çərçivəsində keçirilən görüşlərdən bunu aydın şəkildə görmək mümkündür. Hər zaman ölkənin ictimai-siyasi həyatında mühüm rol oynayan, bu və ya digər seçkilərdə fəallıq nümayiş etdirən lerikli seçicilər də öz növbəsində 7 fevral növbədənkənar prezident seçkilərinə böyük maraq göstərir, seçkiyə yüksək əhval-ruhiyyə ilə gedirlər.

Təbliğat-təşviqat mərhələsi çərçivəsində rayonda keçirdiyimiz görüşlərdən gəldiyim qənaət bundan ibarətdir ki, fevralın 7-də lerikli seçicilər yüksək seçici fəallığı ilə seçki məntəqələrinə gedərək öz seçimlərini edəcək, layiqli namizədlərinə səs verəcəklər. Leriklilərin layiqli namizədi isə heş şübhəsiz Yeni Azərbaycan Partiyasının namizədi, Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Cənab İlham Əliyevdir. Lerik seçiciləri səsvermə günü qalib Lider İlham Əliyevə səs verərək ölkəmizin davamlı inkişafını dəstəkləyəcəklər.


Anar Əliyev
Xəbəri paylaş