Azərbaycan Gəncləri Günü və Lənkəran şəhərinin 2024-cü il üçün “Gənclər Paytaxtı” seçilməsi münasibətilə fevralın 2-də Lənkəran şəhərində bir sıra tədbirlər keçirilib.
Newscenter.az xəbər verir ki, əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, gül dəstələri qoyulub. Daha sonra Lənkəran Dövlət Universitetində “İlin gənci” nominasiyaları üzrə mükafatlandırma mərasimi keçirilib. Tədbir Dövlət Himninin səsləndirilməsi və Vətən müharibəsi şəhidlərinin xatirəsinin yad edilməsi ilə başlanıb. Daha sonra gənclər mükafatlandırılıb. Mükafatları gənclər və idman naziri Fərid Qayıbov və nazir müavini İndira Hacıyeva təqdim ediblər. Mükafatlandırılma mərasimindən sonra nazir Fərid Qayıbov çıxış edərək gəncləri təbrik edib və uğurlar arzulayıb, ardınca gəncləri maraqlandıran sualları cavablandırıb.
Günün ikinci yarısında Heydər Əliyev Mərkəzi qarşısında "Gənclər Paytaxtı” layihəsinin açılış mərasimi keçirilib. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, gənclər və idman naziri Fərid Qayıbov, Gənclər Fondunun icraçı direktoru vəzifəsini müvəqqəti icra edən Qədir Xəlilov və lənkəranlı gənc, Vətən müharibəsi iştirakçısı, Gənclər üçün Prezident mükafatçısı, Regional İnkişaf İctimai Birliyinin əməkdaşı və Hərbi Qənimətlər Parkının Meneceri Orucəli Abbaszadə çıxış ediblər.
Mərasimdə gənclər və idman naziri Fərid Qayıbov “Gənclər Paytaxtı”nın rəmzi açarını Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşova təqdim edib. Ardınca Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2024-cü il Gənclər üçün Prezident mükafatlarına layiq görülmüş gənclər təbrik edilib, alqışlanıblar. Daha sonra lənkəranlı gənclər tərəfindən hazırlanan videoçarx nümayiş olunub. 2024-cü il “Gənclər Paytaxtı”nın loqosu və maskotu təqdim olunub. Loqo gənc dizayner Aydın Abdullayev tərəfindən hazırlanıb.
Tədbir gənc musiqiçilərin ifasında bədii hissə ilə davam edib.
Süleyman