Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Naxçıvan Dövlət Universitetində çalışan 527 nəfərlik akademik heyətin 211 nəfəri elmi dərəcəlidir

Naxçıvan Dövlət Universitetində çalışan 527 nəfərlik akademik heyətin 211 nəfəri elmi dərəcəlidir


Naxçıvan Dövlət Universitetində Elmi işlərin yekununa dair hesabat yığıncağı keçirilib.

Newscenter.az xəbər verir ki, əvvəlcə elmi əsərlərin sərgisi təşkil edilib. Universitetin Elmi Kitabxanasında təşkil edilən tədbirdə professor-müəllim heyətinin kitabları, xarici impakt faktorlu və yerli jurnallarda nəşr olunmuş məqalələri, xaricdə və respublikada keçirilmiş konfransların materialları, “Heydər Əliyev İli” münasibəti ilə Ümummilli Liderə həsr olunmuş əsərlər nümayiş etdirilib.

Sonra İncəsənət fakültəsində davam edən tədbirdə universitetin rektoru Elbrus İsayev 2023-cü ildə elmi fəaliyyət istiqaməti, qarşıya qoyulan hədəflər haqqında məlumat verdikdən sonra universitetin yekun elmi hesabatı dinlənilib.

Universitetin Elm və innovasiya məsələləri üzrə prorektoru Elsevər Əsədov 2023-cü ildəki elmi fəaliyyətinin hədəfləri və nəticələri haqqında universitet Elmi şurası qarşısında geniş hesabat təqdim edib.

Bildirilib ki, 2023-cü ildə universitetin elmi tədqiqat fəaliyyəti müvafiq struktur bölmələri tərəfindən elm və təhsil sahəsində Azərbaycan Respublikasının qanunları, həmçinin Universitetin Elmi Şurasının qərarları əsasında təşkil edilib.

Qeyd olunub ki, yekun elmi nəticələrə görə hazırda universitetdə çalışan 527 nəfərlik akademik heyətin 211 nəfəri elmi dərəcəlidir ki, bunların 30 nəfərini elmlər doktoru, 181 nəfərini isə fəlsəfə doktorları təşkil edir. Elmi dərəcəli heyətin akademik heyətə nisbəti universitet üzrə 40,03% təşkil edir ki, burada əvvəlki illərlə müqayisədə müsbət artım dinamikası müşahidə olunmaqdadır. Elmi adlı heyət universitet üzrə 185 nəfərdən ibarət olub, bunların 23-ü professor, 162-si dosentlərdir.

Universitet əməkdaşlarının nəşr olunmuş elmi əsərləri, 1 akademik heyətə düşən nəşr sayı, impak faktorlu nəşrlərin say dinamikası illər üzrə təhlil olunaraq vurğulanıb ki, 2023-cü ildə 1679 nəşr olunub. Bu nəşrlərin 28-i monoqrafiya, 8-i dərslik, 18-i dərs vəsaiti, 103-ü metodik vəsait və proqramlar olub. 2023-cü ildə Scopus və Web of Science bazalarında 17, digər indeksli impak faktorlu beynəlxalq jurnallarda 231, respublika jurnallarında 352, xaricdə keçirilmiş konfranslarda 444 və respublika konfranslarında 476 məqalə nəşr olunub. Eyni zamanda universitet üzrə 2 patent müraciəti, beynəlxalq qrand layihələrinə qoşulmalar həyata keçirilib.

Bildirilib ki, 2023-cü ildə universitet üzrə 30 konfrans keçirilib ki, bunların 8-i beynəlxalq, 15-i respublika səviyyəli və 7-si universitet daxili konfranslardır.

Vurğulanıb ki, Naxçıvan Dövlət Universitetində Tələbə Elmi Cəmiyyəti xətti ilə 2023-2024-cü tədris ilində 1201 tələbə elmi-tədqiqat mövzuları ətrafında araşdırma aparılmaqdadır. Bu say göstəricisi isə universitetdə təhsilalan əyani tələbələrin 21%-nə bərabərdir və əvvəlki illərlə müqayisədə artan dinamika ilə irəliləyir. 2022-2023-cü tədris ilində bu faiz göstəricisi 20%, 2021-2022-ci tədris ilində isə 14 % olub.

15-16 aprel 2023-cü il tarixlərində Azərbaycan Tibb Tələbələri və Gənc Alimlərin Beynəlxalq Konqresi keçirilib və konqresdə TEC xətti ilə elmi-tədqiqat işləri yerinə yetirən tələbələrdən 26 nəfəri həmin elmi-tədqiqat işi ilə çıxış edib.

2023-cü ildə bakalavriat və magistratura səvviyəsində təhsilalan 23 tələbə xarici və yerli konfranslarda çıxış edib, indeksli jurnallarda məqalələri dərc olunub.

Sonda universitetin elm sahəsində 2024-cü ildə qarşıya qoyulan hədəfləri haqqında məlumat verilib. Elmi şuranın sonunda 2023-cü ildə elmi fəaliyyətə görə fərqlənən əməkdaşların mükafatlandırılma mərasimi keçirilib. Universitet Elmi şurasının qərarı ilə universitet əməkdaşları və doktorantları nüfuzlu və impakt faktorlu nəşrlərinə, elmmetrik bazalarda yüksək göstəricilərinə görə birdəfəlik mükafatlar verilib. “Akademik fəaliyyətin qiymətləndirilməsi mexanizminə görə” universitetin 50 əməkdaşı əmək haqqlarına 1 il müddətində 10-25% məbləğində stimullaşdırıcı əlavələrlə mükafatlandırılıblar. Akademik heyətə, doktorantlara, magistrlərə və tələbələrə plaket və diplomlar təqdim olunub.

Süleyman
Xəbəri paylaş