"Azərbaycanda növbədənkənar prezident seçkiləri ölkənin siyasi tarixində mühüm seçki olacaq. Bu seçki Azərbaycan üçün həm simvolik, həm də sosial-siyasi baxımdan mühüm əhəmiyyət kəsb edir".
Bu fikirləri Newscenter.az-a UNEC-in Türk Dünyası İqtisad Fakültəsinin dekanı, Uludağ Universitetinin professoru Mehmet Yüce səsləndirib.
Onun sözlərinə görə, ilk növbədə, bu seçki öz ərazi bütövlüyünü təmin etmiş Azərbaycanda keçiriləcək ilk seçki olacaq:
"Bu seçki Qarabağ bölgəsində, yəni azad edilmiş torpaqlarda keçirilən ilk seçkidir. Beləliklə, Azərbaycan ilk dəfə olaraq öz Konstitusiyasını öz ərazi bütövlüyü ilə təmin edəcək. Digər tərəfdən, Nadir şahdan sonra ilk dəfə olaraq ərazi bütövlüyünü və suverenliyini tam bərqərar etmiş qalib prezident seçiləcək. Ona görə də bu seçkinin Azərbaycanın siyasi tarixində ayrıca və mühüm yeri olacaq".
Mehmet Yüce, "Bu seçki həm də Qarabağ zəfərinin qazandığı uğurların davamı üçün vacibdir. Məlum olduğu kimi, müharibədə əldə edilən uğur siyasətlə qeydə alınmaqla kamilləşir. Ona görə də Qarabağ müharibəsində döyüş meydanında qazanılan qələbə seçki qutusu ilə qeydə alınaraq bütün dünyaya elan ediləcək. Daxili siyasət baxımından Azərbaycan üçün qələbədən sonrakı dövrün qurulmasına başlanılacaq",-deyə söyləyib.
Süleyman