“Fevralın 7-də ölkədə keçiriləcək növbədənkənar prezident seçkilərində gənclər xüsusi fəallıqları ilə seçiləcəklər. Seçkinin bütün mərhələlərində apardığımız müşahidələr belə deməyə əsas verir”.
Bu fikirləri Newscenter.az-a ictimai fəal Elvin Babayev səsləndirib. Onun sözlərinə görə, Azərbaycan gənci seçkinin bütün mərhələlərində, xüsusilə təbliğat-təşviqat kampaniyası dövründə öz fəallığı ilə seçildi, ölkənin ictimai-siyasi həyatında aktiv rol oynadığını sübuta yetirdi:
“Əminəm ki, səsvermə günü də eyni tendensiya davam edəcək və Azərbaycan gənci öz layiqli namizədinə, ölkənin davamlı inkişaf və tərəqqisinə səs verəcək”.
Elvin Babayev bildirib ki, Azərbaycan gəncinin seçimi məhz Yeni Azərbaycan Partiyasının namizədi Cənab İlham Əliyevdir:
“Çünki ötən 20 il ərzində Azərbaycanda bütün sahələrdə olduğu kimi gənclər siyasəti sahəsində də uğurlu işlər görülüb, islahatlar həyata keçirilib, gənclərin inkişafına, onlara yönəlik dövlət siyasətinin daha uğurla həyata keçirilməsinə xidmət edən fərman və sərəncamlar imzalanıb, dövlət proqramları qəbul edilib. Bütün bunlardan irəli gələrək əminliklə deyə bilərəm ki, Azərbaycan gənci 7 fevral seçkilərində ötən 20 ildəki siyasətin davam etməsi üçün Cənab İlham Əliyevə səs verəcək”.
Süleyman