Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qalib Liderə səs vermək bizim hər birimizin mənəvi borcumuzdur

Qalib Liderə səs vermək bizim hər birimizin mənəvi borcumuzdur


Bu da həmin o tarixi an. Biz ən yeni tariximizin ilk Zəfər seçkisinin baş tutacağı tarixi ana gəlib çatdıq. Xalqımız 7 fevral növbədənkənar Prezident seçkilərini haqlı olaraq Zəfər seçkisi adlandırır. Əvvəlki seçkilərdən fərqli olaraq bu il ilk dəfədir ki, prezident seçkiləri ölkəmizin bütün ərazilərində keçiriləcək. Ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsindən sonra ilk dəfə olaraq keçirilən seçkiləri Zəfər seçkisi adlandırmaq qanunauyğunluqdur. Bu seçkilər ərazi bütövlüyümüzün və suverenliyimizin təsbiti, tariximizin yeni dövrünə keçidin rəsmiləşdirilməsi aktı olacaq. Beləliklə, müstəqil Azərbaycanımızın tarixində ilk dəfə olaraq Qalib ölkənin vətəndaşları Zəfər seçkisində iştirak edəcək və Qalib Liderə səs verəcək.

7 fevral seçkilərini Zəfər seçkisi ilə bərabər, Həmrəylik seçkiləri də adlandırmaq olar. Çünki xalqımız bu seçkilərə 1990-cı illərin əvvəllərində olduğu kimi siyasi xaos, ideoloji parçalanma, vətəndaş qarşıdurması şəraitində yox, tam siyasi sabitlik və milli vəhdət əsasları üzərində gedir. Bu da Prezident və Müzəffər Ali Baş Komandan İlham Əliyevin son 20 ildəki ən böyük uğurlarından biridir. O, buna bütün böyük qələbələrin qazanılmasında milli birlik və həmrəyliyin ən vacib komponentlərdən biri olduğunu dərk edən və bunu düzgün dəyərləndirən bir Lider kimi nail olub.

Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra çox böyük sınaqlarla üzləşib. Torpaqlarımızın təcavüzkar Ermənistan tərəfindən işğal edilməsi həmin sınaqların ən böyüyü və ən mürəkkəbi hesab olunurdu. Azərbaycan xalqı tarixi sınaq anlarında həmişə inanılmaz mütəşəkkillik, milli birlik və həmrəylik nümayiş etdirərək çətin sınaqlardan üzüağ çıxmağı və parlaq qələbələrə imza atmağı bacarıb. Lakin son 200 ildə davamlı işğallara, soyqırımlarına, terrora və separatçılığa məruz qalan xalqımız, bütün bu faciələrin mənəvi-psixoloji basqısı altında milli birlik və həmrəylik xüsusiyyətini sanki tamamən yadırğamışdı. Ancaq İlham Əliyev insanlarımızda Qarabağın nə vaxtsa işğaldan azad ediləcəyinə inam hissini formalaşdırmağa nail oldu və bu da son nəticədə, 44 günlük Vətən müharibəsinin gedişində sarsılmaz milli birliyə, güclü həmrəyliyə gətirib çıxaran əsas amilə çevrildi.

2022-ci il aprelin 22-də Şuşa şəhərində keçirilən Dünya Azərbaycanlılarının V Qurultayında (Zəfər Qurultayı) çıxış edən Prezident İlham Əliyev Qarabağ zəfərində milli birliyimizin və həmrəyliyimizin də önəmli payının olduğunu xüsusi qürur hissilə vurğulayıb. Biz həmin günlərdə doğrudan da unikal birlik, həmrəylik göstərdik. Azərbaycan xalqı birlik ruhunu, həmrəylik əzmini bütün dünyaya nümayiş etdirdi. Bu, Xalq-Dövlət, Xalq-Lider və Xalq-Ordu birliyinin əsl təntənəsi idi. Məhz bu birliyin, vəhdətin sayəsində biz son illərdə ard-arda bir-birindən möhtəşəm qələbələrə imza atdıq, torpaqlarımızı işğaldan azad etdik və Cənubi Qafqazda yeni geosiyasi reallıqlar yaratmağa nail olduq. Bizi bu uca nöqtəyə, bu ali mərhələyə gətirib çıxaran lokomotiv qüvvə isə Dövlətimizin Başçısı, Müzəffər Ali Baş Komandanımız idi. Bəli, buna yalnız o müvəffəq ola bilərdi və oldu da.

Torpaqları işğala məruz qalmış, özgüvən hissi zədələnmiş məğlub toplumun fərdlərini bir araya gətirmək, onları vahid hədəf ətrafında birləşdirmək və Qalib Xalq kimi böyük tarix səhnəsinə çıxarmaq heç də asan iş deyil. Bu, yalnız fenomenal liderlik xüsusiyyətlərinə, yüksək idarəçilik qabiliyyətinə malik seçilmiş Şəxsiyyətlərə nəsib olur. İlham Əliyev də məhz belə Şəxsiyyətlər pleyadasına daxildir. O, bizi milli birlik yolu ilə inamla apararaq məğlub toplumdan Qalib Xalqa çevirməyi bacardı. Məhz İlham Əliyevin çağırışı ilə hamımız Dəmir Yumruq kimi birləşdik, düşməni qovduq, tarixi ədaləti bərpa etdik və Bütöv Azərbaycan olduq. Bu mənada, İlham Əliyevin son 20 illik liderlik dönəmi xalqımızı məğlubiyyətdən Zəfərə doğru aparan Milli Həmrəylik dönəmi hesab olunur.

Biz indi xalq və dövlət olaraq həqiqətən də öz tariximizin ən qüdrətli mərhələsini yaşayır və ən möhtəşəm tarixi hadisələrə şahidlik edirik. Bir məqamı da ayrıca qeyd etmək istərdim ki, Azərbaycan xalqı sözün əsl mənasında böyük xalqdır, müdrik xalqdır və qədirbilən xalqdır. Odur ki, mən əminəm ki, xalqımız öz Liderinin gələcək nəsillərimiz qarşısında misilsiz xidmətlərini Zəfər seçkisində layiqincə qiymətləndirəcək və 7 fevral Prezident seçkiləri milli həmrəyliyimizin zirvə nöqtəsi olacaq, 44 günlük müharibə vaxtında olduğu kimi dünya birliyi növbəti dəfə bizim birliyimizin, həmrəyliyimizin sarsılmazlığına şahidlik edəcək.

Bu seçkidə başqa namizədlər də iştirak edir. Lakin bu seçkilərin favoriti məhz İlham Əliyevdir. Mən hesab edirəm ki, Qalib Liderə səs vermək bizim hər birimizin mənəvi borcumuzdur. Qüdrətli Azərbaycan Ordusunun, Müzəffər Ali Baş Komandanımızın Zəfərinin nəticəsini - ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunmasını biz öz səsimizlə təsdiqləməliyik. Bəli, Qalib Xalq Qələbəyə səs verməlidir, Qələbənin Müəllifinə səs verməlidir. Düşmən tərəf 44 günlük müharibədən az sonra öz məğlub liderinə - Nikol Paşinyana səs verib, onu yenidən baş nazir seçibsə, biz nədən öz Qalib Liderimizi yenidən Qalib kürsüsünə yüksəltməyək ki?

Biz 7 fevralda həm də ona görə İlham Əliyevə səs verməliyik ki, o, yarım qalan işləri tamamlasın və bizi yeni zəfərlərə doğru, böyük quruculuq işlərinə doğru, parlaq gələcəyə doğru qətiyyət və əzmlə irəli aparsın, həmçinin Böyük Qayıdışı tam olaraq həyata keçirə bilsin. Bu gün İlham Əliyev 44 günlük müharibədə qazandığımız Qələbənin nəticələrinin möhkəmləndirilməsi üçün, Qarabağa və Şərqi Zəngəzura yeni nəfəs vermək üçün, qorxunc “Ruhlar şəhəri”nə və “Cənubi Qafqazın Xirosiması”na çevrilmiş Ağdamı erməni vandalizminin küllüyündən dirçəldib yenidən Azərbaycana və dünyaya qazandırmaq üçün və ən nəhayət, 30 ildir torpaq həsrətilə yaşayan keçmiş məcburi köçkün soydaşlarımızın tezliklə öz yurdlarına qayıda bilməsi üçün əlindən gələni edir. O, dünən savaş meydanında apardığı mübarizəni, bu gün dinc quruculuq və diplomatiya meydanında davam etdirir. Başqa sözlə desək, mübarizə hələ davam edir. Və biz bu mübarizədə hamılıqla İlham Əliyevin yanında olmalıyıq. Qoy, bütün dünya növbəti dəfə bizim birliyimizin, həmrəyliyimizin gücünü görsün!

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Xəbəri paylaş