"Azərbaycan və Ermənistan arasında delimitasiya komissiyasının sayca 6-cı görüşü müsbət hal kimi qiymətləndirilməlidir. Danışıqlar, müzakirə imkanlarının açıq olması həmişə faydalıdır. Ancaq bu ilin “sülh ili” olacağına ümidli deyiləm".
Bu fikirləri Newscenter.az-a UNEC-in Türk Dünyası İqtisad Fakültəsinin dekanı, Uludağ Universitetinin professoru Mehmet Yüce Azərbaycan və Ermənistan arasında delimitasiya komissiyasının sayca 6-cı görüşünü şərh edərkən səsləndirib. O bildirib ki, sülh müqaviləsinin imzalanması ilə bağlı bəzi mühüm maneələr var:
"Əvvəla, Ermənistan öz siyasətini müəyyən edən ölkə deyil. Ona görə də öz iradəsini ifadə edə bilmir. Çünki sülh sazişinin imzalanması güclü iradə tələb edir. Nə qədər ki, Ermənistan Qərbin və diasporun, xüsusən də Fransanın komandanlığından çıxmayacaq, bu məsələdə cəsarətli addım atacağı gözlənilmir".
Mehmet Yüce deyib ki, Ermənistanın sülh məsələsində səmimiliyinə də ciddi şübhələr var:
"Çünki Qarabağ Qələbəsindən və üçtərəfli protokol imzalanandan bəri Ermənistan verdiyi vədlərin heç birinə əməl etməyib və daim məsələni başqa tərəflərə yönəldərək vaxt udmağa çalışır. Eləcə də, N.Paşinyanın danışıqların davam etdiyi bir vaxtda “Pakt” təklif edərək məsələni başqa yerə daşıması da bu kontekstdə dəyərləndirilməlidir. Digər tərəfdən, fikrimcə, Ermənistan Konstitusiyasına dəyişiklik edilmədikcə və Qarabağla bağlı müddəalar Konstitusiyadan çıxarılmayınca, Paşinyan sülh sazişini imzalamaqdan çəkinəcək. Bu səbəbdən də sülh nizamlanmasının bu il həll olunacağına ümidli deyiləm".
Süleyman