Növbədənkənar prezident seçkiləri Səbail rayonunda yüksək seçici fəallığı ilə keçib.
Newscenter.az-ın əməkdaşının 7 saylı Səbail seçki dairəsinin bir neçə məntəqəsində apardığı müşahidələr nəticəsində seçicilərin kütləvi şəkildə seçki mənətəqələrinə gələrək səsvermə prosesində iştirak etdiyi məlum olub.
"7 saylı Səbail seçki dairəsinin 24, 26, 27 saylı seçki məntəqələrində səs vermək üçün uzun növbələr yaranıb. Səsəverməyə start verildiyi səhər saatlarından etibarən sözügedən seçki məntəqələrində seçici aktivliyi müşahidə edilib".
Sayt əməkdaşının seçki məntəqələrində apardığı müşahidələrdən aydın olub ki, seçicilər heç bir kənar müdaxilə olmadan, sərbəst, azad şəkildə öz vətəndaş hüquqlarından istifadə ediblər.
Qeyd edək ki, Azərbaycanda bu gün növbədənkənar prezident seçkiləri keçirilir. Seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev mübarizə aparır.
Anar Əliyev