Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Əlişir Nəvai adına Özbəkistan Milli Kitabxanası, Turan kitabxanası və Özbəkistanın vilayətlərində yerləşən 14 mərkəzi və aparıcı kitabxanalara Azərbaycana dair zəngin kitab kolleksiyası hədiyyə edib.
Newscenter.az xəbər verir ki, Əlişir Nəvai adına Özbəkistan Milli Kitabxanasına 30 nüsxə, Daşkənd, Xarəzm, Nəvai, Buxara, Səmərqənd, Kaşkadərya, Surxandərya, Cizzax, Sırdərya, Namanqan, Fərqanə, Əndican vilayət, Qaraqalpaqıstan Respublikası informasiya-kitabxana mərkəzi, habelə Səmərqənd şəhərindəki Puşkin adına Kitabxana-İnformasiya Mərkəzi, Kokand şəhərindəki Amiriy kitabxanası olmaqla hər bir kitabxanaya 20 adda, ümumilikdə isə 400 nüsxə kitab və elektron nəşr hədiyyə olunub.
Sözügedən kolleksiyada Azərbaycanın tarixinə, dövlətçiliyinə, mədəniyyətinə dair Azərbaycan, özbək və rus dillərində kitablar, “Azərbaycanca-Özbəkcə, Özbəkcə-Azərbaycanca” lüğət, danışıq kitabları, dərsliklər, elektron nəşrlər, habelə Ulu Öndərin nitqindən simvolik olaraq seçilmiş 100 sitatdan ibarət “Heydər Əliyev – 100 kəlam” adlı üçdilli nəşr, Özbəkistanda Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə 5 dildə nəşr edilmiş “Şuşa Türk dünyasının mədəniyyət paytaxtı” adlı ensiklopedik nəşr, Özbək dilində “Туркий давлатлар бирлиги”, “Kitobi Dada Qorqud”, “Azərbaycan və Özbək atalar sözləri, Maqollar”, Azərbaycan klassiklərinin əsərləri, müasir Azərbaycan ədəbiyyatına dair nəşrlər də yer alıb.
Cari ilin 31 yanvar tarixində Azərbaycana dair zəngin kitab kolleksiyası Özbəkistanın regionlarındakı 14 mərkəzi kitabxanaya çatdırılması məqsədilə Əlişir Nəvai adına Özbəkistan Milli Kitabxanasına təqdim olunub.
Qeyd edək ki, hədiyyə nəşrlərin Özbəkistan Milli Kitabxanasında sərgisi təşkil olunub və sözügedən kitabxanalara göndərilməsi məqsədi ilə Milli Kitabxanaya təqdim olunub.
Süleyman