"7 fevral prezident seçkiləri sözsüz ki, bir çox xüsusiyyətlərinə görə öncəki seçkilərdən kəskin şəkildə fərqləndi. Bu seçkilərin tarixdə ilk dəfə olaraq ölkəmizin bütün ərazisində keçirilməsi Azərbaycan xalqı üçün xüsusi tarixi əhəmiyyət daşıyır. Xalqımız bu seçkilərə Qalib dövlətin Qalib vətəndaşları olaraq qatıldılar".
Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Yusif Bağırzadə səsləndirib. O deyib ki, seçkilərin nəticələri və seçkidə iştirakla bağlı xalqımızın göstərdiyi mütəşəkkillik sözün əsl mənasında vətən və dövlət uğrunda birlik göstəricisi kimi qəbul oluna bilər. Xalqımızın bu seçkilərdə öz möhtəşəm birliyi ilə dövlətimizin daha da güclənməsinə səs verməsi olduqca sevindiricidir:
"Tam məsuliyyəti ilə demək olar ki, seçkilər ölkədə bütün siyasi partiyalara, müstəqil təşkilat və birliklərə, həmçinin fərdi təşəbbüskarlara böyük imkanlar yaradılması, onların seçkidə iştirakının təmin olunması, qeydə alınmış namizədlərə bərabər imkanlar yaradılması, eləcə də seçkilərin qanunun tələblərinə müvafiq olaraq şəffaf və ədalətli keçirilməsi baxımından uğurla həyata keçirildi.
Namizədlər üçün televiziya, radio və qəzetlərdə yaradılan təbliğat imkanları, onların fikirlərini azad şəkildə ifadə etməsi üçün təmin olunan şərait və ölkənin bütün ərazisində görüşlər keçirməsinin maneəsiz təminatı xüsusi diqqət çəkdi".
Yusif Bağırzadə, "Təsadüfi deyil ki, seçkiləri müşahidə edən çoxsaylı yerli və xarici müşahidəçilər, siyasi partiyalar və prezidentliyə namizədlər öz bəyanatlarında seçkilərin demokratik rəqabət mühitində keçirilməsini və seçki prosesində seçkilərin nəticələrinə təsir göstərə biləcək hər hansı ciddi qanun pozuntularının qeydə alınmadığını bildirmişlər.
Mən bu seçkilərdəki parlaq qələbə münasibətilə cənab Prezident, Ali Baş Komandan İlham Əliyevi səmimi qəlbdən təbrik edir, güclü, qüdrətli Azərbaycan uğrunda gələcək fəaliyyətində uğurlar arzulayıram",-deyə bildirib.
Süleyman